Təşkilatda çevik idarəetmə yaradıldı; daxili gərginlik aradan qaldırıldı, hədəflər istiqamətində aydın plan quruldu
Rüstəm İbrahimbəyov təşkilatın fəxri sədri vəzifəsində qaldı
Əli Kərimli: “Tezliklə ölkədə böyük dəyişikliklərə imza atacağıq”
Milli Şuranın ötəngünkü sessiyasını “böhrandan çıxış” adlandırmaq olardı. Milli Şura üzvü Vidadi Mirkamal çıxışında elə buna bənzər ad söylədi: “Stabilləşmə” sessiyası. Müsavat partiyasının və bir neçə şəxsin qurumdan çıxmasından sonra sessiyanın aqibəti çoxlarında həyəcan yaratmışdı. Sessiyaya heç zaman olmayan qədər jurnalistin gəlməsi, onların arasında hakim düşərgənin nəzarətində olanların çoxluğu təbii və başadüşülən idi.
Əminliklə demək olar ki, Milli Şura bir-iki xırda söz atışmasını nəzərə almasaq, kameralar önündə çox şəffaf formada gərgin bir imtahandan soyuqqanlıqla çıxdı.
Əvvəla qeyd edilməlidir ki, sessiyanın işində mütəşəkkillik vardı. Məsələn, bundan öncəki iki sessiyadan fərqli olaraq yetərsay yüksək səviyyədə təmin edilmişdi. 91 üzvün 60-ı sessiyadaydı. Məlumat üçün bildirək ki, 6 üzv həbsdə, 8-i isə xaricdədir. Bu məqamı çıxışçılar da, Milli Şura sədri Cəmil Həsənli də quruma etimad, onun gələcəyinə inamın yüksək olması kimi xarakterizə etdi.
Cəmil Həsənli ötən ili qiymətləndirdi, bu ili planlaşdırdı
Sessiyanın gündəliyinə “ictimai-siyasi vəziyyət və 2014-cü il üçün fəaliyyət planının müzakirə olunması”, “Milli Şuranın idarəetmə sturukturlarının təşkili” və cari məsələlər salındı. Gündəlik müəyyən edilərkən Milli Şuranın fəxri sədri Rüstəm Ibrahimbəyovun qurumda Müsavat partiyasının ixtilaflarını sakitləşdirmək üçün yazdığı istefa məktubunun da ayrıca müzakirəsi və nəzərə alınmaması təklif edildi. Buna Mehriban Vəzir etiraz etdi. O, Rüstəm Ibrahimbəyovu “ustadım” adlandırsa da, hesab etdi ki, gəlin, keçmiş mərhələyə qayıtmayaq, qaldığımız yerdən davam edək.
Sessiyanın ilk çıxışçısı kimi Milli Şura sədri C.Həsənli əvvəlcə 2013-cü ilin yekunlarını dəyərləndirdi. Bildirdi ki, ötən il də Qarabağın işğalda qalması ilə keçdi. Torpaqların azad olunması istiqamətində heç bir ciddi addım atılmadı. Əksinə, bu xüsusda hamını sarsıdan bir hadisə baş verdi – Qarabağ qazisi Zaur Həsənov sosial ədalətsizliyə etiraz olaraq özünü yandırıb intihar etdi. “Zaur Həsənovun özünə qıyması ölkədə hüququn, ədalətin yoxluğu ilə əlaqədardır. Qazimizin özünü yandırması göstərir ki, vətən topraqlarına və milli problemlərə həssas olmayan bir iqtidar iş başındadır”, – deyə o qeyd etdi.
C.Həsənli 2013-cü ili həm də Avropaya inteqrasiya istiqamətində itirilən il kimi dəyərləndirdi.
Milli Şura sədri ötənilki seçki saxtakarlığı və qiymət artımı barədə də danışdı və bu istiqamətlər üzrə hakimiyyəti tənqid etdi. O bildirdi ki, Azərbaycan hakimiyyətinin fəaliyyəti əhalinin həyatını çətinləşdirməyə yönəlib.
Milli Şuranın təşkilatlanması barədə danışan C.Həsənli dedi ki, ötən müddətdə bu məsələ barədə xeyli müzakirələr gedib, təkliflər səslənib. Sessiyalararası dövr üçün Şuranın idarə olunması ilə bağlı məsuliyyət daşıyan quruma ehtiyac var. O təklif etdi ki, Şuraya daxil olan partiya və hərəkatlara hər biri bir nəfərlə həmin idarəetmə orqanında avtomatik təmsilçilik hüququ verilsin. Idarəetmə orqanının qalan üzvləri isə sessiyada səsvermə ilə seçilsin.
Sonra Cəmil Həsənli sessiya üzvlərinə paylanan “fəaliyyət planı” layihəsi barədə fikirlərini çatdırdı, onlardan əlavə təkliflər gözlədiklərini bildirdi.
***
ACP sədri Sülhəddin Əkbər çıxışında hakimiyyətin böhranlı vəziyyətdə olduğunu, lakin cəmiyyətin də ürəkaçan durumda olmadığını vurğulayıb, ciddi təşkilatlanmaya ehtiyac olduğunu dedi. O, Milli Şuranın sədr Aparatının hazırladığı və sessiyaya təqdim olunan “fəaliyyət planı”nı ümumən müsbət qiymətləndirdi. Bununla belə bəzi təkliflər də irəli sürdü. Bildirdi ki, Milli Şura qarşısına ölkədə demokratik seçki mühitinin yaradılması kimi konkret məqsəd qoymalıdır.
***
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da Milli Şuranın strukturlarının formalaşdırılması ilə bağlı təkliflərlə çıxış etdi.
Müsavat və Milli Şura
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı təşkilatlanma ilə bağlı təkliflərini verməklə yanaşı, əlavə etdi ki, Milli Şura özü ilə bağlı yaranmış son vəziyyətə mütləq münasibət bildirməlidir. O qeyd etdi ki, çox yanlış olaraq, Milli Şuraya aid məsələni “Cəbhə-Müsavat” davası kimi təqdim edirlər: “Onlar sadəcə olaraq qurumu zəiflətmək üçün getdilər. Amma bu da alınmadı. Milli Şuranın bugünkü sessiyası ötən sessiyalardan daha fəal keçirilir”.
Qəhrəmanlının fikrincə, Müsavat Partiyası “kənardan basılan düymənin hesabına” Milli Şuranı tərk edib. Bu məsələdə birbaşa hakimiyyət maraqlıdır. Hakimiyyət istəmir ki, Milli Şura kimi bir müxalif təmərküzləşmə mərkəzi olsun.
Milli Şuranın komissiya sədri Vidadi Mirkamal sessiyada üzvlərin əksəriyyətinin iştirak etdiyini və bunun da quruma diqqət göstərdiyini bildirdi. O, iclası “Stabilləşdirici sessiya” adlandırdı. Mirkamal həmçinin, qarşılıqlı ittihamları dayandırmağa çağırdı.
***
Publisist Mehriban Vəzir yerindən replika verərək, Fuad Qəhrəmanlının Müsavatla bağlı səsləndirdiyi fikirlərlə razı olmadığını dedi. Bildirdi ki, Müsavatı Milli Şuradan hakimiyyətin apardığı fikrini qəbul etmir, belə bir ittiham AXCP-yə qarşı da olsaydı, onu da qəbul etməzdi. O xahiş etdi ki, mətbuatda səslənən ittihamlar Milli Şurada yüksək səviyyəyə gətirilməsin.
Həm pis, həm də yaxşı
Milli Şura üzvü Ibrahim Ibrahimli qurumun elan etdiyi hədəflər barədə danışdı və dolayısıyla Müsavatın qurumdan çıxmaq üçün göstərdiyi səbəbləri əsassız adlandırdı. O, dedi ki, Milli Şura ətrafında gedən müzakirələrdən həm narahat olmaq lazımdır, həm də yox. O baxımdan narahat olmaq lazımdır ki, problem var. Ona görə narahat olmaq lazım deyil ki, uzun müddətdir Azərbaycanda olmayan amil – ictimai rəy sosial şəbəkələr hesabına bərpa olunub və indi onun daha səviyyəli olmasına çalışmaq lazımdır. Bu olacaqsa, siyasi münasibətlər də sağlam məcraya düşəcək.
KXCP sədri Mirmahmud Mirəlioğlu Milli Şura ilə bağlı təkliflərini verdi. Dedi ki, strutuktur dəyişikliyi gedirsə, hətta qurumun adının da dəyişdirilməsi mümkündür və bu, faciə deyil. O, eyni zamanda bildirdi ki, Milli Şuradan gedənlər yaxşı olardı ki, bu məsələni əvvəlcə gəlib qurumun içində müzakirə edər, sonra gedərdilər. KXCP sədri partiyasının bundan sonra da Milli Şurada təmsil olunacağını və onun gücləndirilməsinə çalışacağını vurğuladı.
***
VAMBP sədri Hacıbaba Əzimov prezident seçkisinin saxtlaşdırıldığını xatırladaraq dedi ki, Milli Şura ya Ilham Əliyevin istefasını tələb etməli, ya da Konstitusiyanın gücündən ona qarşı istifadə etməlidir. O, Rüstəm Ibrahimbəyovun fəxri sədrlikdə saxlanmasına qərar verməyi də təklif etdi.
“Yolunu dəyişənlərə görə biz öz yolumuza tərəddüdlə yanaşmamalıyıq!”
AXCP sədri Əli Kərimli çıxışına müəyyən şəxslərin Milli Şuradan getməsinə təəssüfünü bildirməklə başladı. “Milli Şurada müxalifət birləşsə də qələbə əldə olunmadı, buna görə də onu saxlamağın mənası yoxdur” kimi fikirlərlə polemika açan Əli Kərimli bildirdi ki, belə fikir, ümumiyyətlə, düzgün olmayan yanaşmadan doğub: “Azərbaycan kimi klassik avtoritar qaydada idarə olunan 22 ölkə var. Bir anlığa təsəvvür edək, biz mətbuatdan xəbər alırıq, Belarusda, Ermənistanda, Rusiyada və s. siyasi müxalifət, ziyalılar, vətəndaş cəmiyyəti bir araya gəlib. Bu bizdə hansı asossiasiya yaradacaq? Biz deyirik ki, sabah, yaxud biri gün həmin ölkədə rejim dəyişikliyi olacaq? Yox, deyirik gözəl başlayıblar, belə davam edə bilsələr, deməli, digər məsələlər də həllini tapacaq və zamanla o ölkədə dəyişiklik olacaq.
Hamıya məlumdur ki, rejim dəyişikliyi üçün müxalifətin bir araya gəlməsi kifayət ola bilməz. Həmin o birləşmiş müxalifətin resusları nə qədərdir: insan, maliyyə, təbliğat və s. Beynəlxalq şərtlər nə qədər əlverişlidir? Hakim elitanı daxilində münasibətlər hansı səviyyədədir? Bunların hamısı bizdən xaricdə olan faktorlardır. Bəs niyə biz müxalifətin birləşməsinə və vahid namizədlə çıxış etməsinə açar faktor kimi baxırdıq? Birincisi, bu olmalıdır ki, o biriləri də zamanla həll edilsin. Müxalifət sabit şəkildə birləşsə, birqütblü istiqamətdə hərəkət etsə, o zaman sadaladığımız resursları səfərbər edə bilər, hakim elitanın daxilində parçalanma yarada bilər və eyni zamanda beynəlxalq dəstəyi özünə artıra bilər.
Amma müxalifətin bir arada olması hər şeyin avtomatik həlli demək deyil. Bu gün də kimsə narazıdırsa ki, biz bir yerə gəldik, amma nəticə əldə olunmadı, bunun alternativi o deyil ki, biz təzədən Sizif əməyinə baş vuraq. 20 ildir dəfələrlə yoxladığımız dərənin dibinə düşən daşı qaldırmağa cəhd edək. Ona görə də təəssüfedicidir ki, biz bu yola çıxdığımııı yoldaşlarımızın, həmkarlarımızın hamısı ilə birlikdə davam edə bilmirik. Müxtəlif səbəblərdən bizi tərk edənlər var, amma hər dəfə bizi doğru bildiyimiz yolda kimlərsə tərk edəcəksə, bizim öz seçimimizə tərəddüdmü yaranacaq? Burda qalanların cavab verəcəyi sual odur ki, biz ölçüb-biçib bir seçim etmişik, bir yol müəyyənləşdirmişik özümüzçün, bizimlə bərabər yola çıxanlar hansısa səbəbə görə yarı yolda fikirlərini dəyişiblər. Bu, hər dəfə əsas olmalıdırmı ki, seçimimizi təftiş edək?”.
Milli Şuradan cəmiyyətə əsas mesaj
“Milli Şuranın cəmiyyətə verəcəyi əsas mesaj ondan ibarət olmalıdır ki, baxmayaraq, müəyyən həmkarlarımız bizi tərk ediblər, biz birlikdə davam edə bilmirik, amma biz öz yolumuzda sabitqədəmik. Biz bu yolu tərəddüdsüz gedəcəyik. Milli Şuranın hədəfləri bizə məlumdur. Bu hədəf Azərbaycanda dinc, demokratik dəyişiklər yol ilə avtoratarizimdən demokratiyaya keçidi təmin etməkdir və hədəf başa çatana qədər biz yolumuzda gedəcəyik”.
Əli Kərimli sonda maraqlı və optimist müşahidələrini də sessiya iştirakçıları ilə bölüşdü:
“Inanın, hətta hər hansı bir səbəbdən Allah bizim gözümüzü bağlasa, səhv etsək, uzaqgörən olmasaq, baltanı ayağımıza vursaq, lap bu Milli Şuranı dağıtsaq da Azərbaycan üçün çox narahat olmayın. Milli Şuralı, Milli Şurasız, bizli-bizsiz, tam əminliklə deyirəm, bu sülalə hakimiyyəti qalmayacaq. Siz bunların zahiri gücünə, parıltısına aldanmayın! Daha bizi ”o dərənin dibinə” heç vaxt sala bilməyəcəklər! O zaman keçdi artıq! Azərbaycan hər gün pozitivə doğru dəyişir. Ona görə də bu müvəqqəti durğunluq heç kimdə ruh düşgünlüyü yaratmasın. Tam əminliklə deyirəm, biz bu vəziyyətdən çıxacağıq, qarşıda Azərbaycanı böyük dəyişikliklər gözləyir. Və mən ümid edirəm, biz böyük dəyişiklikləri həyata keçirmək üçün bir araya gələn şanslı insanlarıq!”.
***
Müzakirələrdən sonra qurumun keçmiş sədri Rüstəm Ibrahimbəyovun fəxri sədrlikdən də istefa verdiyi haqda müraciətinə baxıldı. Müraciət səsverməyə qoyuldu və qəbul edilmədi. Beləliklə, Rüstəm Ibrahimbəyov Milli Şuranın fəxri sədri vəzifəsində saxlanıldı.
***
Daha sonra sessiyalararası idarəetmə üçün Koordinasiya Şurasının yaradılmasına qərar verildi. Koordinasiya Şurasına aşağıdakı şəxslər adbaad səsvermə ilə seçildi:
Rüstəm İbrahimbəyov
Cəmil Həsənli
Əli Kərimli
Mehriban Vəzir
Mehman Əliyev
Mirmahmud Mirəlioğlu
Fuad Ağayev
Leyla Yunus
Rafiq Manaflı
Mirvari Qəhrəmanlı
Eldəniz Quliyev
İbrahim İbrahimli
Kamil Vəli Nərimanoğlu
Hacıbaba Əzimov
Nurəddin Mustafayev
Vidadi Mirkamal
Gültəkin Hacıbəyli
Rövşən Əhmədli
Namizəd Səfərov
Bir nəfər NİDA-dan (kim olmasını NİDA-çıların özləri müəyyən edəcək).
.
Eldar Namazov və Sülhəddin Əkbər rəhbərlik etdikləri təşkilatlarda quruculuq işlərinin çoxluğu ilə əlaqədar vaxtlarının məhdud olduğunu əsas gətirərək, namizədliklərini geri götürdülər.
Cari məsələlərin müzakirəsində “20 Yanvar” şəhidlərinin ziyarət olunması, M.Ə.Rəsulzadənin yubileyinin keçirilməsi müzakirə edildi. Bununla da sessiya işini tamamladı.
Natiq Güləhmədoğlu