Yaxud 1941-1945-ci illər müharibəsində Vətənə kim xidmət edib?
Ötən ay faşist Almaniyasının Sovet Ittifaqına hücumundan keçən 70-ci il tamam oldu. Daha öncəki ayda isə faşizm üzərində qələbə günü qeyd edildi. Hakimiyyətin özünü təbliğində ən çox faydalandığı mövzulardan biri də budur – 1941-1945-ci illər müharibəsi. Hər il bu tarixi hadisələrin ildönümündə iqtidar mətbuatında eyni cümlələr təkrarlanır: “Xalqımız işğal altında qalan torpaqlarımızın tezliklə Azərbaycan prezidentinin rəhbərliyi altında azad olunacağına qəti əmindir”. Xüsusilə, 9 May – Faşizm üzərində Qələbə günü hakimiyyətin banisinin adı ilə bəzədilən tarixi günlərdən birinə çevrilmişdir. Əslində, bu tarixi gündən şəxsi mənfəəti üçün hələ sağlığında Heydər Əliyevin özü ilk dəfə yararlanmış və bu bayramın ictimaiyyətə “yeni təqdimatı”nın təməlini qoymuşdur: “AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu bir il ərzində 9 May – Qələbə günü dövlət bayramları sırasından çıxarıldı. Bu, Azərbaycan xalqının qəhrəman keçmişinə, vətən yolunda şəhid olmuş yüz minlərlə insanın ruhuna, eləcə də bu gün əsgər kimi böyüyən gəncliyin vətən, torpaq qeyrətinə, hərbi-vətənpərvərlik ruhuna saplanan xəyanət xəncəri idi!…”.
Əlbəttə, kütlənin əhvali-ruhiyyəsinə hesablanan bu “vətənpərvərlik”“” yerlərdə “əks-səda”“ yaratmaya bilməzdi… Indi də 9 May – Qələbə günü qeyd ediləndə o “əks-səda”“ eşidilir: “Yalnız qədirbilən xalqımızın təkidli tələbilə hakimiyyətə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə tarixi ədalətsizlik aradan götürüldü, 9 May yenidən rəsmi bayramlar sırasına daxil oldu”.
Lakin H.Əliyev bununla kifayətlənməyib, 1941-1945-ci illər müharibəsindən söhbət açarkən, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə qarşı kin və küdurətini də gizlətməzdi. O, dövlət xadiminə yaraşmayan qeyri-ciddi bir tərzlə, M.Ə.Rəsulzadəni nəzərdə tutaraq: “Xalqımız burda faşizmə qarşı qəhrəmanlıqla döyüşdüyü illərdə, bəziləri orda Hitlerlə görüşürdü” – deyə özünün əzəli və əbədi rəqibinə istehza edərdi…
Elə bu məqalədə əsas məqsədimiz Ikinci Dünya müharibəsi illərində M.Ə.Rəsulzadənin fəaliyyətindən bəhs etmək, “tarixi ədalətsizlik”dən dəm vuranlara, elə tarixin sözü ilə cavab verməkdir. Ancaq, öncə bir haşiyə çıxaq.
“Vətən, torpaq qeyrəti”…
H.Əliyevin rəsmi tərcümeyi-halına görə, SSRI-də Böyük Vətən müharibəsi başlayanda o, 18 yaşında olub. Lakin həmin tərcümeyi-halda 18 yaşlı bu gəncin vətən, torpaq qeyrətini çəkmək üçün cəbhəyə yollandığını yox, nədənsə elə 1941-ci ildə (!?) hüquq-mühafizə orqanlarında şöbə müdiri (!?) vəzifəsinə işə götürüldüyünü görərik. Indi deyin, xalqımızın orda faşizmə qarşı qəhrəmanlıqla döyüşdüyü illərdə, H.Əliyevin burda müharibədən yayınaraq, gələcək karyerasının təməl daşını atmağa girişməsinə nə ad vermək olar? Bu gün “Azərbaycan xalqının ümummilli lideri” kimi təqdim edilən bir şəxs bu halı ilə “bu gün əsgər kimi böyüyən gəncliyin hərbi-vətənpərvərlik ruhunu”“ qidalandıra bilərmi?
Bu adam M.Ə.Rəsulzadənin Hitlerlə görüşünü ortaya atıb, bu görüşün məqsəd və məramı barədə qəsdən izahat verməməklə, həm də tarixi faktı bilərəkdən təhrif edib kütlələrdə M.Ə.Rəsulzadənin şəxsiyyətinə şübhə yaratmaq kimi xain və xəbis niyyətlər güdüb. Necə deyərlər, insanların vətənpərvərlik hissindən sui-istifadə edib. Bəs, əsl həqiqət necədir? M.Ə.Rəsulzadə Hitlerlə niyə görüşüb?
Bu barədə elə ustadımız özü qələmə aldığı “Çağdaş Azərbaycan tarixi”“” əsərində məlumat verir: “1942 və 1943-cü illərdə Almaniya Xarici Işlər Nazirliyinin dəvətilə digər qafqazlı siyasi emiqrantlarla birlikdə Berlinə getdiyim zaman biri mənfi, digəri müsbət iki şeyə şahid oldum. Hitler Almaniyasının mövqeyi bütün milli məsələlərdə olduğu kimi, Qafqaz məsələlərinə olan münasibətdə də mənfi idi. Berlindən milli mübarizəmizin əsaslarını tanımasını gözləmək əbəsdi. “Ali irq”in nəzəriyyəçiləri ilə Polşadakı, Ukraynadakı və işğal olunan başqa məmləkətlərdəki alman praktikləri ən kiçik ümidə belə, yer vermirdilər. Üzərimizə düşən yeganə vəzifə milli haqlarımızı və istiqlal davamızı tanımayan bir hökumətlə birgə fəaliyyətin baş tutmayacağını təsdiq edərək meydandan çıxmaqdı. Elə də etdik. 1943-cü il, 5 avqust tarixli bir memorandum imzalayaraq Berlini tərk etdik”.
Buradan aydın görünür ki, M.Ə.Rəsulzadənin Almaniyaya yollanmaqda məqsədi Ikinci Dünya müharibəsi zamanı yaranan şəraitdən Azərbaycanın müstəqilliyinin bərpası naminə faydalanmaq olub. Hitler Almaniyası M.Ə.Rəsulzadəni kommunizmə qarşı savaşda əməkdaşlığa dəvət etdikdə, öndərimiz bu təkliflə yalnız Azərbaycanın “milli haqları və istiqlal davasının” tanınması şərtilə razılaşacağını bildirib.
Bununla belə, M.Ə.Rəsulzadənin Almaniyaya səfəri səmərəsiz olmayıb. O, fürsət taparaq Almaniyadakı azərbaycanlı hərbi əsirlərlə təmasda olmağa çalışıb və buna qismən müvəffəq olub. Bu təmasları Azərbaycandakı real vəziyyəti və yeni nəslin hansı əhvali-ruhiyyədə olduğunu öyrənmək üçün istifadə edib. Berlin ziyafətinin müsbət hadisəsi də bu, olub.
Azərbaycanlılar niyə güllələnirdi?
M.Ə.Rəsulzadənin azərbaycanlı hərbi əsirlərlə söhbətləri barədə bir qədər sonra məlumat verəcəyik. Indi isə diqqəti daha bir müsbət hadisəyə – M.Ə.Rəsulzadənin Almaniyada əsir düşən azərbaycanlı hərbçilərə yardımına yönəldək. Maraqlıdır ki, öndər özü bu fəaliyyəti barədə bircə kəlmə də yazmır, ümumən, əsərlərində Cümhuriyyət quruculuğundakı xidmətlərinin üstündən sakit ötdüyü kimi, bu məsələdə də təvazökar davranır.
Tarixçi alim Nəsiman Yaqublu “Məmməd Əmin Rəsulzadə”“ adlı kitabında yazır ki, M.Ə.Rəsulzadə müharibənin ilk aylarından yüzlərlə azərbaycanlı hərbi əsirin yəhudi adı ilə qətlə yetirilməsindən xəbər tutur. Belə ki, almanlar 1500 azərbaycanlını güllələyəndən sonra onların yəhudi olmadığını bilirlər. M.Ə.Rəsulzadə Almaniyaya gələrkən burada 1941-ci ilin iyununda yaradılan Şərq Nazirliyinin rəhbərliyilə görüşür və azərbaycanlı əsirlərin güllələnməsinin dayandırılmasına nail olur.
Bəzi məlumatlarda isə deyilir ki, yəhudilərin də türklər kimi sünnət olunduğunu və onları bir-birindən fərqləndirməyi sübuta yetirmək üçün M.Ə.Rəsulzadənin xahişilə Hitler hökuməti Qüds müftisi əl-Hüseyni Almaniyaya gətirir və həmin fərq Hitlerə izah edilir. Bu hadisədən sonra almanlar azərbaycanlıları yəhudi adı altında güllələməyi dayandırırlar.
Müharibə illərində M.Ə.Rəsulzadənin digər xidməti azərbaycanlı əsirlərin cəmləşdiyi legionlarla apardığı iş olur. Almanlar 1941-ci ilin axırlarında əsirlərdən təşkil olunmuş legionlar yaradırlar. O cümlədən, türküstanlı, gürcü və qafqazlı müsəlman legionları yaradılır. Qafqazlı müsəlman legionu sonradan Azərbaycan və Şimali Qafqaz legionu olmaq üzrə iki yerə bölünür.
Azərbaycan legionunda cəmləşmiş soydaşlarımızın sayı 70 minə yaxın olub. Legionda M.Ə.Rəsulzadəni sevir, ona inanırdılar. Legionun başçılarından Fətəlibəyli Düdənginski M.Ə.Rəsulzadənin azərbaycanlı əsirləri xilas etmək üçün hansı işlər gördüyünü yaxşı bilirdi. Əslən Naxçıvanın Şərur rayonunun Düdəngə kəndindən olan F.Düdənginski 1941-ci ilin sentyabrında almanlara əsir düşmüşdü. O, M.Ə.Rəsulzadənin çətin bir işlə məşğul olduğunu görürdü. 1943-cü ilin mayında öndərə yazdığı məktubda “Azərbaycanın yorulmaz hürriyyət mücahidi”ni cəbhədəki bütün əsgərlərimiz adından salamlayır və vurğulayır ki, onlar irəlidə də millətimizin hürriyyəti uğrunda fədakarlıqla vuruşacaqlar…”“.
Legionların təşkilindən sonra M.Ə.Rəsulzadə Berlindəki Milli Azərbaycan Komitəsində çalışır. Təbii ki, komitənin əsas vəzifəsi Azərbaycan davasını – Azərbaycana müstəqil bir dövlət hüququ qazandırmaq istəyini alman hökumətinə qəbul etdirmək idi. 1943-cü ilin noyabrında Berlində Milli Azərbaycan Komitəsinin qurultayı keçirilir və burada xüsusi bir qərar verilir. Beş maddədən ibarət olan bu qərarda bir daha – Ikinci Dünya müharibəsi nəticəsində milli müqəddəratımızın həllinə və istiqlalımızın bərpasına sarsılmaz bir inamın olduğu vurğulanır.
Azərbaycanlılar gül- çiçəklə qarşılandı…
Lakin Hitlerin Azərbaycanla bağlı planları başqaydı: müharibədən sonra Bakı birbaşa Berlinə tabe olacaq, Azərbaycan xanlıqlar dövründəki kimi əyalətlərə bölünəcək və rəhbərlik almanlara veriləcəkdi. M.Ə.Rəsulzadə isə bu planla razılaşmır və mübarizəsini davam etdirirdi. Öndərin ikinci bir narazılığı isə Hitlerin legionlara münasibətilə bağlı idi. M.Ə.Rəsulzadə Azərbaycan legionunun öz istiqlaliyyəti uğrunda mübarizə aparan xalqlara qarşı vuruşmasını istəmirdi. Onun fikrincə, Polşa, Yuqoslaviya, Çexoslovakiya və digər xalqlar azadlıq uğrunda döyüşürlər. Odur ki, azərbaycanlılar vətənini işğaldan xilas etmək yolunda vuruşan insanlara qarşı silah çevirməməlidirlər.
M.Ə.Rəsulzadə bununla əlaqədar, 1943-cü ildə Azərbaycan legionu qarşısında bəyannamə ilə çıxış edir. Bu, o zaman üçün çox təhlükəli addım idi, ancaq “insanlara azadlıq, millətlərə istiqlaliyyət” imanını hər şeydən üstün tutan bir şəxs bundan qorxmadı. Əlbəttə, bu, sonda M.Ə.Rəsulzadənin Hitlerin göstərişi ilə Almaniyadan qovulması ilə nəticələndi. Lakin müdrik insan yanılmadı, onun bəyanatını öz istiqlaliyyəti uğrunda döyüşən xalqlar rəğbətlə qarşıladılar. Elə, bunun nəticəsi idi ki, 1944-cü ildə Polşada üsyan edən, almanları gülləbaran edən polyaklar azərbaycanlıları görən kimi pəncərələrdən üstlərinə gül-çiçək atmışdılar (Azərbaycan legionunun əsgərləri alman hərbi formasında olsalar da, qollarındakı emblemdə alman hərflərilə “Azərbaycan”“” yazılırdı).
Almaniyanı tərk etdikdən sonra Rumıniyaya sığınan M.Ə.Rəsulzadə burada da azərbaycanlı əsirlərin taleyilə maraqlanır. Hətta muharibədən sonra da Azərbaycan legionunda döyüşmüş əsgərlərimizi taleyin ümidinə qoymur… Artıq Almaniya müharibədə məğlub olmuş, Stalin isə əsirlərin geri alınmasını tələb edirdi. Bu isə o demək idi ki, Stalin əsirləri rahat buraxmayacaq, onları “Vətən xaini” adı ilə güllələyəcəkdi… Belə təhlükəli vəziyyətdə, 1945-ci ildə M.Ə.Rəsulzadə yenidən Almaniyaya qayıdır. O, “müharibə qurtardı” deyib, sevincək halda Vətənə – Azərbaycana qayıdan əsirlərə kömək etməyə tələsir. Artıq Amerikadan alınıb aparılan əsirlər arasında yüzlərlə azərbaycanlı da Stalinin əmri ilə öldürülür. M.Ə.Rəsulzadə bir qrup azərbaycanlını başına toplayıb onları xilas etmək üçün yollar arayır. Ilk olaraq, Amerika, Ingiltərə hökumətlərinə göndərdiyi bəyanatlarda həmin dövlətlərin rəhbərlərinə başa salır ki, Stalin sizdən alıb apardığı əsirləri güllələyir, buna mane olmaq lazımdır…
M.Ə.Rəsulzadə azərbaycanlı əsirləri xilas etmək məqsədilə Azərbaycan Demokrat Birliyi adlı cəmiyyət də qurur. Cəmiyyət adından bütün əsirlərə müraciət olunur ki, təbliğata aldanıb Vətənə dönməyə tələsməsinlər, orada onları ölüm cəzası gözləyir; azərbaycanlı əsirlər özlərinə müvəqqəti yaşayacaqları bir ölkə seçə bilərlər, cəmiyyət onların Türkiyədə, hətta Amerikada məskunlaşmalarına yardım edəcək. Bu iş bəhrəsini verir. Azərbaycanlı əsirlərin müəyyən hissəsi geri dönməyə tələsmir və yüzlərlə azərbaycanlı xilas edilir.
Azərbaycan əsirlərin gözü ilə
Qeyd etdiyimiz kimi, M.Ə.Rəsulzadə Almaniyada azərbaycanlı əsirlərlə söhbətlərində onların gözü ilə sovet Azərbaycanındakı yeni nəslə xas cəhətləri də öyrənməyə çalışmış və əldə etdiyi nəticələri belə ümumiləşdirmişdir: “Yeni nəsil öz dilində, deyə bilərik ki, tamamilə oxuyub-yaza bilir. Hamısı ibtidai məktəbləri bitirmişlər. Əsirlər arasında orta təhsil görənlər də az deyil. Müxtəlif ixtisaslı ali təhsillilərə də rast gəlinir. Müəllimlərlə həkimlər daha çoxdular.” Ustad daha sonra yazır ki, onun – “Azərbaycanda məmləkətin ali təhsil görmüş gəncləri vardırmı?” – sualına müsahibləri əsəbi halda: “Siz nə deyirsiniz, yüzlərdən deyil, minlərdən danışın… Biz öz-özümüzü idarə edəcək bir vəziyyətdəyik!” – deyə cavab verirlər.
Başqa bir azərbaycanlı legioner isə M.Ə.Rəsulzadəyə Azərbaycanın teatr və musiqidəki uğurları haqqında danışır. Moskvada Azərbaycan artistlərinin necə qiymətləndirildiyindən, “musiqimizin bütün dünyada birincilik” qazandığından bəhs edir. M.Ə.Rəsulzadə həmin adamın duyduğu qürur və sözlərindəki öyünmə ədasını görüb, gözlənilmədən onun sözünü kəsir: “Yaxşı, madam ki, siz sovetlərin uğurlarından bu qədər məmnunsunuz, bu halda, nə üçün çiyninizə silah alıb bu sovet uğurlarına qarşı döyüşürsünüz?”“.
Həmin legioner heç çaşmadan belə cavab verir: “Mən əsl sovet uğurlarına qarşı döyüşürəm: bu, kolxozdur; bu, insanları fironlar dövrünə bənzər işlətməkdir; bu, QPU və NKVD rejimidir; bu, qardaşın qardaşa inanmamasıdır. Bolşeviklərin uğurları bunlardır. Mədəniyyətə gəlincə, bu sahədəki uğurlar bizim öz milli uğurlarımızdır. Sovet senzurasının həddindən artıq müdaxiləsi olmasaydı, bu uğurlar daha böyük olardı və mədəniyyətimiz daha çox açar, daha çox çiçəklənərdi”“”.
Bu yerdə, yaxınlarda Azərbaycanı “Eurovision-2011”“ musiqi yarışmasında birinci edən gənclərin uğurlarını hakimiyyətin öz adına necə çıxmasına toxunmamaq olmur. Sanki, bu istedadlı azəri gənclərini YAP doğmuş, boya-başa çatdırmış və ya onlara təlim-tərbiyə vermişdir. Yadelli tayfalar yığınından ibarət bu hakimiyyət öz genindən indiyədək mərifətli birisini yetirə bilmədiyindən, azəri türklərinin potensialını – milli uğurlarını öz adına çıxmağa çalışır. Elə bugünkü Azərbaycanda da antimilli rejim olmasaydı, azəri türkləri Avropaya – sivil dünyaya daha çox açılar, dünya mədəniyyətinə daha çox töhfələr verərdilər…
Şövkət Məmməd