Ağayev qardaşlarının vəzifəsindən sui-istifadə etməsi onları dövlətçilikdən narazı salır
Bərdə şəhər sakini Zahid Mikayılov “Azadlıq”a məktub göndərib. 2-ci qrup əlillik dərəcəsi olan şikayətçinin məktubunda deyilir:
“Mənim sosial həyat səviyyət o qədər də yaxşı deyil. Altı nəfər ailə üzvümdən beşi əlildir. Bu gün hamının öz haqqını tələb etmək hüququ var. Haqsız dövlət məmurlarının çapıb talama siyasəti məni sizə müraciət etməyə məcbur etdi. Mən də bu xalqın övladı, xalqımı, dövlətimi sevən bir vətəndaşam. Lakin bu gün ölkədə elə məmurlar var ki, öz əməlləriylə dövlətçiliyə ziyan vururlar. Bərdədən olan Tariyel Ağayev yüksək dövlət eşalonunda işləməsindən istifadə edərək rayonu girov vəziyyətinə salıb. O, Bərdənin bütün sənaye və məişət, iqtisadi obyektlərini öz nəsil-nəcabətinin adına özəlləşdirməyi bacarıb. Bərdənin 4 bazarı, avtovağzal, yağ-süd zavodu, pambıq zavodları, maye qaz zavodları, qum-çınqıl karxanası, keçmiş cücə fabriki, fermalar, limon bağları və s. onun qohum-əqrəbasına məxsusdur. ”Azərbaycan" restoranı isə Tariyel Ağayevin qohumunun adına cəmisi 328 manata özəlləşdirilib. Müharibə vəziyyətində olan bir ölkənin büdcəsinə bu qədər ziyan vurmaq olarmı?
Onun qardaşı Ibrahim Ağayev də Bərdəni şikəst vəziyyətə salıb. Onların nəzarətində olan bazarlar əhalini soyur. Bərdədə baş alıb gedən haqsızlıqların səbəbkarı Ağayev qardaşlarıdır. Əhali bu qardaşlara görə dövlətçilikdən narazıdır. Xahiş edirik, bizim haqq səsimizi dərc edərək Ağayev qardaşlarından nələr çəkdiyimizi cəmiyyətə bəyan edin".
Sosial şöbə