Rəsmi Bakı bu qurumun hesabat açıqlamasını istəmir
Azərbaycanın Maliyyə Sektoru Stabilliyinin Qiymətləndirilməsi hesabatının yayılması niyə əngəllənir?
Rəsmi Bakı BVF-yə Azərbaycanın Maliyyə Sektoru Stabilliyinin Qiymətləndirilməsi (Financial Sector Stability Assessment) barədə hesabatı ictimailəşdirməsini qadağan edib. Bu il iyulun 17-də BVF-in Icraçı Şurası Azərbaycanın Maliyyə Sektoru Stabilliyinin Qiymətləndirilməsi hesabatına yekun vurub.
Xəbərdə deyilir ki, Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (The Financial Sector Assessment Program) ölkənin maliyyə sektorundakı vəziyyətinin dərin analizini əks etdirir.
Bu analizin nəticələri qısaca olaraq FSSA adlanan hesabatda əks olunur.
“Azərbaycanın qadağasının səbəbləri”
Bu, Azərbaycanın maliyyə vəziyyətinin BFV tərəfindən ikinci qiymətləndirilməsi idi və uzun müddət təxirə salınmışdı.
Rəsmi dairələrə yaxın portal bu qadağanın səbəbləri barədə heç nə yazmır, lakin son aylar ərzində ölkənin başqa maliyyə portallarında BVF və Azərbaycana aid xəbərləri gözdən keçirəndə bu qadağanın mümkün səbəbləri barədə müəyyən təsəvvür yarana bilər.
Azərbaycan üçün “kədərli proqnoz”
Məsələn, azernews.az portalındaÿmayın 21-də dərc olunmuş xəbərÿ"BVF-in kədərli proqnozu Azərbaycan üçün real deyil" adlanırdı.
Xəbərdə bildirilirdi ki, Qafqaz və Mərkəzi Asiyada bu il iqtisadi artımın 2 faiz azalacağı gözlənilir və bu, xammal qiymətlərinin düşməsi və Rusiyanın iqtisadi durumunun pisləşməsi ilə bağlıdır.
Mayın 19-na olan məlumata görə, bu regionda iqtisadi artım yalnız 3 faizə çatmalı idi.
Bu faktorlara həmçinin dolların bahalaşması və rublun qiymətdən düşməsi də daxildir.
Azərbaycan Rusiya rublundan asılı deyil?
Portal ekspert Oqtay Haqverdiyevə istinadən bildirirdi ki, “Azərbaycan ekspertləri bu nəticələrlə razılaşmırlar”.
“Azərbaycan Rusiyadakı maliyyə sabitliyindən güclü şəkildə asılı deyildir,- demişdi Haqverdiyev. – Bu gün böyük məbləğlərdən danışsaq, Azərbaycan Rusiyadan yalnız silah idxal edir, ixrac baxımından isə biz, Rusiyanın kənd təsərrüfatı məhsulları ilə təchizatını azaltmamışıq. Əlbəttə, qonşu ölkələrdə baş verən bütün proseslər bizə mənfi təsir göstərir, lakin bunlar dolayısı ilə problemlərdir”.
Miqrasiya üzrə ekspert Azər Allahverənov isə iddia edirdi ki, yaxın ticarət əlaqələrinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı Rusiyadan asılı deyil.
“Hətta Rusiya rublunun devalvasiyası bizim iqtisadiyyatımızı uzun müddətdə təsirləndirə bilməz”- demişdi ekspert.
O əlavə etmişdi ki, Rusiya iqtisadiyyatı yalnız Mərkəzi Asiya və Ermənistana təsir göstərə bilər.
Xəbərdə bildirilirdi ki, BVF ekspertlərinin fikrincə, regiondakı neft və qaz ixracatçılarının xarici vəziyyəti 2015-ci ildə kəskin şəkildə zəifləyəcək.
Bu xüsusi vurğulanırdı ki, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan 2015-ci ildə ötənilki 5,5 faizlə müqayisədə bu il artımın 3,5 faiz azalacağını gözləməlidirlər.
Neftin qiyməti Azərbaycan üçün “qırmızı xətti” keçib
Bu ölkələrin neft və qaz qiymətlərinin hazırkı səviyyəsində büdcə müvazinətini saxlaya bilməyəcəklərini nəzərə alan BVF, onlara maliyyə konsolidasiyası keçirməyi və bank sahəsinə nəzarəti artırmağı tövsiyə etmişdi.
Təhlilçilər qeyd edirlər ki, 2005-ci ildən etibarən Azərbaycan hakimiyyəti beynəlxalq maliyyə strukturları ilə əvvəlki əzmkarlıqla əməkdaşlıq etmir.
Rəsmi Bakını maliyyə hesabatlarında korrupsiya amilinin tez-tez xatırladılması narahat edirdi.
Abc.az saytıÿmayın 19-da dərc olunmuş xəbərinəÿbelə bir sərlövvhə qoymuşdu: “BVF: Azərbaycan və Qazaxıstan neft qiymətlərinin 58 dollardan aşağı olacağı təqdirdə hökumət xərclərini ödəyə bilməyəcək”.
Əgər nəzərə alınsa ki, iyul ayında Brent markasından olan neftin qiyməti 13 faiz azalaraq 55 dollar civarında dayanıb, BFV-in rəqəmi Azərbaycan üçün təhlükəli “qırmız xətt”in keçildiyini göstərir (“Azadlıq” radiosu).
Bəs belə bir qadağanı necə dəyərləndirmək olar və bu Azərbaycana nə vəd edir?
Məhəmməd Talıblı: “Beynəlxalq maliyyə qurumları Azərbaycanla münasibətlərdən narazıdır”
Iqtisadçı Məhəmməd Talıblı mövzu ilə bağlı əvvəlcə onu qeyd etdi ki, Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığının olması normal qəbul olunsa da, amma indi bu münasibətlərin yüksək səviyyədə olmamasından beynəlxalq maliyyə qurumları narazıdır. Ekspertə görə, ümumiyyətlə, əməkdaşlığın formatı və şəffaflığı da narazılıq doğrur: “Uzun illərdir ki, artan neft gəlirlərinin sığortası fonunda beynəlxalq maliyyə qurumları ölkəmizə uzunmüddətli kredit tranşları açıb. Toplam olaraq ölkəmizin 6,3 milyard dollar borcu var. Iri dövlət şirkətlərinin də dövlət zəmanəti ilə alınan kreditləri də əlavə edəndə bu, 15 milyard dollardan artıq borc edir. Düzdür, son zamanlar bəzi ”ekspertlər" bunu kumilyativ dövlət borclarına aid etməyin doğru olması ilə razı deyillər. Nəzərə almaq lazımdır ki, bu həmin iri vergi ödəyiciləri dövlətin iri özəlləşdirilməyən şirkətləri hesab olunur. Əgər hər hansı səbəbdən həmin kreditlər qaytarılmazsa, dövlət ona təminat verdiyi üçün borcu dövlət ödəməyəcək. Bütün bu kreditlərin alınmasından sonra onun üzərində nəzarət mexanizmləri, demək olar, yoxdur. Vətəndaş cəmiyyəti institutlarının həmin kreditlərin trayektoriyası üzərində şəffaf və səmərəli nəzarət mexanizmləri olmalıdır. Şəffaflıq tərəfdarı olan beynəlxalq təşkilatlar gərək bu kreditləri verən zaman onun gələcək nəsil üzərində qalacağı və onun ödənməsindəki hər hansı bir fors-major durumu nəzərə alsınlar".
M.Talıblının sözlərinə görə, beynəlxalq kreditlər hökumətə verilən kredit deyil, bu bir xalqa verilən borcdur. Nəzərə alanda ki, verilən kreditlərin 60 faizindən çoxu 10-20 ili əhatə etdiyindən onun qaytarılmasının məsuliyyəti də gələcək hökumətlərin üzərinə düşür. Bu baxımdan şəfafflıq meyarlarının müəyyənləşməsində daha çox beynəlxalq maliyyə qurumları maraqlı olmalıdırlar: “Çünki bu, onların beynəlxalq səviyyədə olan reputasiyalarının qayğısına qalmaq baxımından olduqca vacib faktordur. O ki qaldı iqtisadi artımın azalmasına, bu, təbiidir və öncədən proqnozlaşdırılması çətin olmayan məsələ idi. Tendensiyanı təhlil edəndə bunu görmək olurdu. Hasilat az da olsa, aşağı düşürdü və dünyada neftin qiyməti nəzərdə tutulandan az qala 2 dəfə aşağı düşmüşdü. Fevralın 21-də məşhur devalvasiya qərarından sonra işgüzar fəallıq, demək olar, sönüb. Daha sonra xarici ticarət dövriyyəsi 44 faiz azalıb ki, bu da eyni zamanda iqtisadi artımda geriləməni proqnozlaşdırmağa imkan verirdi. Sadəcə məndə tam əminlik var ki, iqtisadi artımın hesablanmasında spekulyativ metodologiya hesabına vəziyyət tamam fərqli təqdim edilir”.
M.Talıblı onu da vurğuladı ki, inflyasiya hesablanmasında və yoxsulluğun səviyyəsinin ölçülməsində də eyni vəziyyəti söyləmək olar. Ona görə, 2016-2017-ci illər iqtisadi fəallığın azalması və iqtisadi artımda geriləmə baxımından çətin illər olacaq. Xarici investisiyanın azalması bir tərəfdən, daxildəki iqtisadi fəallığın da zəifləməsi digər tərəfdən iqtisadi “qazanın” hərarətinin sönməsini şərtləndirən əsas faktordur.
Xəyal