Osman Gündüz: «Ölkəmizdə internetə qoşulan yeni istifadəçilərin kompüterləri viruslara dayanıqsızdır»
Azərbaycandakı internet istifadəçilərinin internet viruslar qarşısında müdafiəsiz olduğuna dair məlumat vermişdik. Aparılan beynəlxalq araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan bu istiqamətdə üçlüyə daxildir. Azərbaycanda istifadəçilərin 43,50 faizi internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib.
Bu barədə “Kasperski laboratoriyası” şirkətinin saytında dərc edilən 2014-cü ilin üçüncü rübünün yekunları üzrə “Informasiya təhlükələrinin inkişafı” icmalında deyilir. Icmala görə, bu ilin II rübü ilə müqayisədə bu göstərici 6,2 faiz artıb.
Icmala əsasən, Azərbaycan internet vasitəsilə virusa yoluxma riskinə daha çox məruz qalan 20 ölkə arasında üçüncü yeri tutur. TOP 10-na 46,68 – 30,05 faizlə daxil olan ölkələr – Rusiya, Qazaxıstan, Azərbaycan, Ermənistan, Ukrayna, Iran, Vyetnam, Belarus, Moldova və Əlcəzairdir.
Ekspert Osman Gündüz bildirdi ki, belə bir nəticənin ortaya çıxmasına səbəb Azərbaycan və ona qonşu olan ölkələrdəki istifadəçilərin kompyuterlərinin virusa dayanığsız olmasıdır: “Hazırda internet şəbəkədə külli miqdarda viruslar dolaşır. Həmin zərərverici proqramlar oturduqları kompüterdən də yayılmağa başlayırlar. Azərbaycandan belə bir viruslar yayıldığından ölkəmizin adı bu siyahıya düşüb.
Ölkəmizdə internetə qoşulan yeni istifadəçilərin kompüterləri viruslara dayanıqsızdır. Əgər kompüterdə normal anti-virus yoxdursa, ona normal xidmət göstərilmirsə, nəticədə müxtəlif yerlərdən göndərilən viruslar kompüterə düşəndə yayılmağa başlayır. Azərbaycanda bu problem daha çox qeyri-dövlət sektorundadır, vətəndaşlarda, mediada”.
Azərbaycanda Elektron Təhlükəsizlik Mərkəzinin olduğunu deyən O.Gündüz bildirdi ki, bu qurum “Kasperski laboratoriyası” şirkətinə cavab verməlidir. “Bunun açıqlaması verilməlidir ki, belə bir nəticənin arxasında nə dayanır və hansı addımlar atılmalıdır. Istifadəçilərə yardım edilməlidir. Bəyan olunmalıdır ki, viruslar var və onlardan qorunmaq üçün nə edilməlidir”, deyə ekspert vurğuladı.
Xəyal