İqtidarın qaraguruhçu dəstəsi mətbuat konfransında beynəlxalq müşahidəçilərə hücum etdi FOTO VİDEO
Müşahidə missiyasının hesbatından: «Məntəqələrin 58 faizində səslər pis və ya çox pis sayılıb»
ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu (DTIHB) Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrini şübhə altına alıb. ATƏT-in Müşahidə Missiyası dünən bununla bağlı hesabatını açıqlayıb. Hesabatda qeyd olunur ki, məntəqələrin 58 faizində səslər pis və ya çox pis sayılıb.
ATƏT/DTIHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri Tana de Zulueta bildirib ki, avqustun 28-dən Azərbaycandadılar və o vaxtdan bəri ölkədə baş verənləri diqqətlə izləyirlər. Müşahidələr nəticəsində belə nəticəyə gəliblər ki, Azərbaycanda prezident seçkisi zamanı ATƏT qarşısında götürülmüş öhdəliklərə əməl olunmayıb. Seçki ifadə, toplaşma, birləşmə azadlıqlarına məhdudiyyətlərlə müşayiət olunub. Nəticədə, namizədlərə bərabər imkanlar yaradılmayıb.
Müşahidəçilər seçki prosesinə qanunsuz müdaxilələr, namizəd və seçicilərin hədələnməsi, jurnalistlərə qarşı hücumlar qeydə alıb: “Bunlar çox ciddi qanun pozuntularıdır və təşviqat kampaniyasına kölgə salır”.
Azərbaycan ATƏT qarşısındakı öhdəliklərinə əməl etmir
Tana de Zuluetanın sözlərinə görə, seçki günü yaxınlaşdıqca problemlər daha da artıb. Seçki günü müşahidə olunan problemlər isə Azərbaycanın şəffaf, azad və ədalətli seçkilərlə bağlı ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini üzə çıxarıb.
Müşahidə missiyasına 40-dan artıq ölkədən 300 dən çox müşahidəçi daxil olub. ATƏT müşahidəçiləri 125 Dairə Seçki Komissiyasından (DSK) 95-də seçkinin nəticələrinin protokollaşdırılmasını izləyib. Xanım Zulueta deyir ki, bu dairələrə daxil olan seçki məntəqələrinin 15 faizində seçici siyahılarına adların daxil edilməsi, bir namizədin aldığı səslərin digər namizədə yazılması da daxil olmaqla, protokolların nəticələrilə manipulyasiya halları qeydə alınıb. DSK-lar məntəqələrdən gələn nəticələri yoxlamayıb, dəqiqləşdirməyiblər. Xüsusən, səslərin hesablanması zamanı xeyli mənfi hallarla üzləşdiklərini deyən ATƏT təmsilçisi bildirib ki, müşahidə aparılan seçki məntəqələrinin 58 faizində səslərin sayılması pis və ya çox pis həyata keçirilib.
Bundan başqa, seçki məntəqələri açılarkən onların 19 faizində baş verənlər də pis ya çox pis kimi qiymətləndirilib.
Azərbaycanda qanunvericiliyə edilən dəyişiklərdən sonra seçki təşviqatının 22 günə endirilməsi də ATƏT müşahidəçiləri tərəfindən mənfi hal kimi dəyərləndirilib. Missiyanın rəhbəri bildirib ki, bu qısa müddət namizədlərin imkanlarını məhdudlaşdırır.
Məhdudiyyətlərin daha bir forması mitinq və görüşlər üçün cəmi 152 yerin təklif olunması idi. Bundan kənar siyasi fəaliyyətə ciddi problemlər yaradılıb.
“Çox ümid edirəm ki, Azərbaycan rəhbərliyi Müşahidə Missiyasının səsvermə ilə bağlı nəticələrini və tövsiyələrini nəzərə alacaq. Çünki Azərbaycan xalqı daha təkmil islahatlara qadirdir”, – deyə Tana de Zulueta vurğulayıb.
Hökumətyönlü jurnalistlərin ATƏT nümayəndələrinə hücumu
Mətbuat konfransının keçirildiyi zala çoxlu sayda hökumət nümayəndələri, o cümlədən deputatlar, hökumətyönlü media orqanlarının rəhbərləri, eləcə də hakimiyyətin tərəfdarları toplaşmışdılar. Müşahidə missiyasının rəyindən narazı qalan hakimiyyəti müdafiə edən media təmsilçiləri və mətbuat digər hökumətyönlü şəxslər Tana de Zulueta fikrini tamamlayan kimi hay-küy saldılar. Müşahidə missiyası onları nə qədər sakitliyə dəvət etsə də, xeyri olmadı. Onlar sanki mətbuat konfransını pozmaqda israrlıydılar.
Bu məqamda çətinliklə də olsa, “Azadlıq”ın əməkdaşı müşahidə missiyasına sualını ünvanlaya bildi. Bundan sonra həmin şəxslər daha da aqressivlik göstərərək, ATƏT nümayəndələrinin sualı cavablandırmasına imkan vermədilər. Bu azmış kimi, onlardan biri müşahidəçilərin masasına hücum çəkdi. Belə olan halda, ATƏT nümayəndələri mətbuat konfransını yarımçıq tərk etmək məcburiyyətində qaldılar. Və bu rüsvayçılıq dünyanın aparıcı KIV-lərinin, o cümlədən BBC, “Reuters”, CNN kimi media orqanları əməkdaşlarının gözü qarşısında baş verdi.
“The New York Times” Bakıdakı rüsvayçılıqdan yazır
Bakıda baş vermiş bu rəzalət dərhal dünyanın nüfuzlu media qurumları tərəfindən yayılıb. “The New York Times” yazır ki, ATƏT-in müşahidə missiyasının rəhbəri gəldikləri nəticəni elan edən kimi hökumətyönlü jurnalistlər onlara hücum edərək, tədbiri pozublar.
YAP-ın cavabı
ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun prezident seçkilərilə bağlı ilkin rəyini şərh edən YAP-ın sədr müavini Əli Əhmədov bunu qərəzli və “Azərbaycan xalqının iradəsinə hörmətsizlik” kimi dəyərləndirib: “Onlar seçki prosesini xalqın iradəsinin ifadə olunmasına görə deyil, görünür, özlərinə məlum olan mülahizələrə əsasən dəyərləndirməyə üstünlük verdilər. Mən ATƏT-in DTIH Bürosunun prezident seçkilərinin nəticəsinə dair ilkin hesabatını qeyri – obyektiv və qərəzli hesab edirəm. Bu hesabat mahiyyətinə görə Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir”.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə “Azadlıq” radiosuna açıqlamasında ATƏT-in seçkinin nəticələrilə bağlı ilkin rəyilə hələ tam tanış olmadıqlarını deyib: “Hesabatla tam tanış olduqdan sonra, ola bilsin ki, münasibət bildirilsin”.
Aytən Məmmədova
ATƏT DTİHB-in hesabatdan bəzi çıxarışları təqdim edirik:
İlkin nəticələr
9 oktyabr Prezident seçkiləri ifadə, toplaşma və təşkilatlanma azadlıqlarına tətbiq edilən məhdudiyyətlərin təsiri altında keçirilmiş və namizədlərə bərabər şərait təmin edə bilməmişdir.
Namizədlərin və seçicilərin hədələnməsi və məhdudlaşdırıcı mətbuat mühiti təşviqat kampaniyasına ləkə salmışdır. Seçki günü keçirilən proseslərin hər bir mərhələsində əhəmiyyətli problemlər müşahidə olunmuşdur ki, bunlar da ATƏT qarşısında həqiqi və demokratik seçkilərlə əlaqədar Azərbaycanın götürdüyü öhdəlikləri bütövlüklə yerinə yetirməkdə üzləşdiyi çatışmamazlıqların ciddi mahiyyətini nümayiş etdirmişdir.
Seçki komissiyalarının təşkili prinsipi hökümət yönümlü qüvvələrə qərarların qəbul olunmasında de-fakto üstünlük verir. Seçki administrasiyasının qərəzsiliyinə müxalifət nümayəndələrinin inamının aşağı səviyyədə olmasını nəzərə alsaq, sözügedən prinsip bu inamsızlığı daha da dərinləşdirə bilər.
MSK seçkiqabağı təşviqat tədbirləri və namizədlərin görüşləri üçün 152 məkan təyin etmişdir ki, bu siyahını da rəsmi orqanlar müfəssəl adlandıraraq, vətəndaşların azad toplaşma hüququna lüzumsuz məhdudiyyət tətbiq etmişdirlər. Nəzərə alsaq ki, siyasi rəqiblərin seçicilərlə ünsiyyəti 22 günlük rəsmi kampaniya müddəti ilə məhdudlaşır, görüş yerləri ilə əlaqədar yanaşma kampaniya keçirmək imkanlarını daha da azaltmış olur.
Kampaniya müddətində namizədlərə və seçicilərə qarşı hədə-qorxu halları haqqında etibarlı məlumatlar ATƏT-in 1990-cı il Kopenhagen Sənədinin 7.7-ci maddəsinin tələbinə uyğun olaraq namizədlərin azad və ədalətli mühitdə kampaniya aparması və həmçinin, seçicilərin “qorxu hissindən azad” şəkildə səs vermə imkanları üzrə narahatlığı artırır.
Ümumiyyətlə, namizədlər üçün mətbuata kifayət gədər çıxış imkanı yaradılmamış və siyasi alternativlər üzrə balanslaşdırılmış və açıq fikir mübadiləsi çatışmamışdır.
Həbslər, cinayət təqibi, fiziki hücumlar və digər təzyiq formaları mətbuatla əlaqədar vəziyyətə mənfi təsir göstərmişdir. Məhdudlaşdırıcı hüquqi çərçivə və kampaniya dövründə hazırkı Prezidentin fəaliyyətinin aşkar şəkildə qeyri-mütanasib işıqlandırılması namizədlər arasında bərabər şəraitin qıtlığını daha da dərinləşdirmişdir. Bu ATƏT-in 1990-cı il Kopenhagen Sənədinin 7.8 bəndinin tələbləri ilə ziddiyat təşkil edir və seçicilərin məlumatlı seçim etmək imkanlarını məhdudlaşdırır.
Qanunvericiliyə edilən son dəyişliklərə baxmayaraq, seçki komissiyalarının təşkili prinsipi və namizədlərin qeydiyyatı kimi əhəmiyyətli müddəalər da daxil olmaqla, son Prezident seçkilərindən sonra ATƏT/DTİHB-nin verdiyi tövsiyyələr qanunvericilikdə öz əksinə tapmamışdır.
Seçkilərin keçirilməsi üçün ayrılmış ümumi müddət qısaldılmışdır və bəzi məqamlarda, hazırlıq işinin aparılması və hüquqda təsbit olunmuş imkanlardan istifadə etmək üçün yetərli deyildir.
Müşahidə aparılan seçki məntəqələrinin 20%-də açılış prosedurları mənfi qiymətləndirilmiş; bunun əhəmiyyətli dərəcədə yüksək rəqəm olması ciddi problemlərin mövcudluğuna dəlalət edir. Qeydiyyatdan çıxma vərəqələrinin ləğvi, ayrılan seçki bülletenlərinin sayının və seçki qutularının möhürlərinin seriya nömrələrin qeyd olunmaması kimi prosedur çatışmamazlıqları dəfələrlə müşahidə olunmuşdur.
BSMM müşahidəçiləri müşahidə etdikləri məntəqələrinin 11%-də seçki prosesini mənfi olaraq qiymətləndirmişdirlər. BSMM müşahidəçiləri 37 məntəqədə hesabatlılığın təmin olunması üçün minimal tədbirlərin gözlənilməməsi və potensial saxtakarlığın qarşısının alınmaması nəticəsində seçki qutularına topa bülleten atılmasının aşkar izləri haqda məlumat vermişdir və bir sıra digər prosedur pozuntular müşahidə olunmuşdur.
Səslərin hesablanması xeyli dərəcədə mənfi hallarla səciyyələnmiş, müşahidə olunan seçki məntəqələrinin 58%-da pis və yaxud çox pis kimi dəyərləndirilmiş və ciddi problemlərin olmasını nümayiş etdirmişdir. Səslərin hesablanması zamanı aparılan müşahidə nəticəsində BSMM müşahidəçiləri 15% məntəqələrdə seçici siyahılarına adların daxil edilməsi, həmçinin bir namizədin aldığı səslərinin digər namizədə yazılması da daxil olmaqla, protokolların nəticələri ilə manipulyasiyalar halları haqda məlumat vermişdirlər. Nəticələrin protokollaşdırılmasının müşahidəsi 125 DSK-dan 95-də aparılmışdır. Məntəqə seçki komissiyasının təqdim etdiyi nəticələrin yoxlanılması və emal olunması kimi mühüm prosedurlara adətən riayət olunmamışdır.
Seçki Mühiti
MSK seçkiqabağı ödənişsiz təşviqat tədbirlərinin keçirilməsi üçün 152 qapalı və açıq məkanın siyahısını dərc etmişdir. Bəzi namizədlər ATƏT/DTIHB SMM-na həmin məkanları ictimai tədbirlərin keçirilməsi üçün qeyri-məqbul olması haqda məlumat vermişdirlər.
ATƏT/DTIHB SMM hazırkı Prezidentin tərəfdarlarının İmişli rayonunda təsdiq olunmuş yerlər siyahısından kənar məkanda keçirdiyi bir təşviqat tədbirini müşahidə etmişdir.
Kampaniya dövründə siyasi şəxslərin ailə üzvlərinin hədələnməsi də daxil olmaqla, namizəd və seçicilərə qarşı hədə-qorxu halları haqda etibarlı mənbələrdən məlumatlar daxil olmuşdur.
ATƏT/DTİHB-nin SMM YAP-ın keçirtdiyi mitinqə aşkar məcbur etmə hallarını və Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinqini pozma cəhdlərini müşahidə etmişdir.
Sentyabrın 12-də mart ayından etibarən həbsdə saxlanılan yeddi gənc siyasi fəallara qarşı 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası daşıyan zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşları təşkiletmə maddəsilə yeni ittiham irəli sürülmüşdür.
ATƏT/DTİHB-nin SMM-nın müşahidə apardığı müddət ərzində Baş Prokurorluq dindirmək məqsədilə DQMŞ-in dörd üzvünü çağırmış, DQMŞ-in sentyabrın 22-də keçirdiyi mitinqlə bağlı xəbərdarlıq yaymış, və DQMŞ üzvlərinin fəaliyyəti ilə əlaqədar aparılan istintaq barədə mətbuatda bəyantla çıxış etmişdir. Bəzi namizədlər görüşlər üçün özəl sahibkarlara məxsus yerlərin icarəyə götürülməsində ehtimal olunan təzyiqlər səbəbindən çətinliklərlə üzləşmişdirlər.
Bu hallar ATƏT-in 1990-cı il Kopenhagen Sənədinin 7.7-ci bəndində tələbinə uyğun olaraq namizədlərin ədalətli mühitdə kampaniya aparması imkanları və həmçinin, seçicilərin “intiqam hissindən azad” şəkildə səs verməsi üzrə narahatlıqları artırır.
Media
Konstitusiyada ifadə azadlığını, mətbuat azadlığını və informasiya əldə etmək hüququnu təsbit edir. Lakin, böhtan üç ilə qədər azadlıqdan məhrum etmə məsuliyyəti daşıyan cinayət əməli olaraq qalmaqdadır.
Konsitusiyanın 106-ci və Cinayət Məcəlləsinin 323-ci maddəsi Prezidentin şərəf və layaqətini ləkələmə və ya alçaltmanı qadağan edir, və beləliklə, beynəlxalq standartlara zidd olaraq ifadə azadlığına lüzumsuz məhdiyyət qoyur.
Həbslər, cinayət təqibi, fiziki hücumlar və jurnalistlərə qarşı digər təzyiq formaları kampaniyanın işıqlandırılması da daxil olmaqla, mətbuatla əlaqədar vəziyyətə mənfi təsir göstərmişdir.
Jurnalist Pərviz Həşimli odlu silahın qeyri-qanuni saxlanması ittihamı ilə sentyabrın 17-də həbs olunmuşdur. Oktyabrın 4-də ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bəyan etmişdir ki, jurnalistlərə qarşı edilən zorakılıq Azərbaycanda media azadlığının vəziyyətinin pisləşməkdə davam etdiyini göstərir.
Siyasi məlumatların yayılması sahəsində televiziyanın əsas mənbə olmasına baxmayaraq, ATƏT/DTIHB SMM-lə həmsöhbət olan bir neçə şəxs bütün yayım şirkətlərinə hökümət tərəfindən birbaşa təsir edilməsini və bunun nəticəsində plüralizmin faktiki olmamasını qeyd etmişdirlər.
Namizədlərin ATƏT/DTIHB-NIN SMM-na dediklərinə əsasən, seçkiqabağı təşviqat kampaniyası telefiziyada efir vaxtı almaq üçün demək olar ki, yeganə fürsətdir. Ödənişsiz və ödənişli yayım imkanı da daxil olmaqla, MSK-nın mətbuata çıxış sahəsində qərarları namizədin xeyrinə olmamışdır.
Müşahidə dövründə ATƏT/DTIHB-NIN SMM-nın media monitorinq qrupu namizədlərin məhdud sayda işıqlandırılmasını və plüralizmin çatışmamazlığını müşahidə etmişdir.
İTV daxil monitorinqi aparılan televiziya kanalları praymtaym xəbər proqramlarında seçkilərə 7 saat 42 dəqiqə vaxt ayırmışdır, bu da gündə təxminən 5 dəqiqə deməkdir. Bu vaxtın 98% hazırkı Prezidentə, 2%-dən az vaxt isə qalan 9 namizədə həsr olunmuşdur. Əsas məlumatlar seçkinin texniki aspektlərinə yönəlmişdir.
Ümumiyyətlə, namizədlər üçün mətbuata kifayət gədər çıxış imkanı yaradılmamış, və siyasi alternativlər üzrə balanslaşdırılmış və açıq fikir mübadiləsi çatışmamışdır. Məhdudlaşdırıcı hüquqi çərçivə və kampaniya dövründə hazırkı Prezidentin fəaliyyətinin aşkar şəkildə qeyri-mütanasib işıqlandırılması namizədlər arasında bərabər şəraitin olmamasını daha da dərinləşdirmişdir. Bu ATƏT-in 1990-cı il Kopenhagen Sənədinin 7.8 bəndinin tələbi ilə ziddiyat təşkil edir və seçicilərin məlumatlı seçim etmək imkanlarını məhdudlaşdırır.
Seçki günü
Müşahidə aparılan seçki məntəqələrinin 20%-də açılış prosedurları mənfi qiymətləndirilmiş; bunun əhəmiyyətli dərəcədə yüksək rəqəm olması ciddi problemlərin mövcudluğuna dəlalət edir. Ayrılan seçki bülletenlərinin sayının hesablanmaması və elan olunmaması (39%) və seçki qutularının möhürlərinin seriya nömrələrin qeyd olunmaması (19%) kimi prosedur çatışmamazlıqları dəfələrlə müşahidə olunmuşdur. Mövcud tələblərə zidd olaraq müşahidənin əhatə etdiyi MnSK-ların 30% qeydiyyatdan çıxma vərəqələrini ləğv etməmiş (ölkə üzrə bu vərəqələrin toplam sayı 420 000-nə yaxındır) və bununla da hesabatlılığın təmin olunması üçün minimal tədbirləri gözlənilməmiş və potensial saxtakarlığın qarşısı alınmamışdır.
BSMM müşahidəçiləri əhatə etdikləri məntəqələrinin 12%-də seçki prosesini mənfi olaraq qiymətləndirmişdirlər.
BSMM müşahidəçiləri 37 məntəqədə seçki qutularına topa bülleten atılmasının aşkar izləri haqda məlumat vermişdirlər. Yeddi məntəqədən gələn məlumata əsasən, barmaqları artıq işarələnmiş seçicilərə yenidən səs verməyə icazə verilmişdir.
BSMM bir sıra prosedur pozuntuları da müşahidə etmişdir. Ən çox yayılan və narahatçılıq doğuran məsələ bir şəxsin bir neçə dəfə səsverməsinin qarşısının səmərəli alınmamasıdır: müşahidə aparılan məntəqələrin 19%-də seçicilərin barmaqlarının şəffaf mürəkkəblə işarələnməsi bütün hallarda yoxlanılmamış, 11%-də isə mürəkkəb hamıya tətbiq olunmamışdır. Digər qanun pozuntuları arasında düzgün möhürlənməmiş seçki qutularını (4%) və seçici siyahısında ehtimala görə oxşar imzaların olmasını (4%) qeyd etmək olar.
Müşahidə aparılan məntəqələrin 7%-də qrup şəklində səsvermə müşahidə olunmuşdur. Əhatə olunan məntəqələrin 9%-də bir qism seçicilər bülleteni gizli şəkildə işarələmirdilər.
BSMM müşahidəçiləri tək-tək hallarda seçicilərin hədələnməsi və ya onların seçiminə təsir etmək cəhdlərini müşahidə etmişdirlər. Müşahidə missiyasının əhatə etdiyi və veb-kameraları olan məntəqələrin 8%-də onların quraşdırılma yeri səsvermənin gizli keçirilməsinin bütövlüklə qorunması təmin edə bilməmişdır.
Əhatə olunan məntəqələrinin 78%-də yerli müşahidəçilərin olmasına baxmayaraq, onlar əksər hallarda təmsil etdiklərini təşkülatın adını BSMM nümayəndələrinə söyləyə bilmirdilər. MnSK-ların işinə müdaxilə edən və yaxud onu yönəldən səlahiyyətsiz şəxslərlə əlaqədar 61 hal qeydə alınmışdır.
BSMM müşahidəçilərinin verdiyi məlumata əsasən, baş çəkdikləri məntəqələrin 3%-də onlar məhdudiyyətsiz və yaxud MnSK-nın tam əməkdaşlığı olmaması səbəbindən öz vəzifələrini icra edə bilməmişdilər.
Səslərin hesablanması xeyli dərəcədə mənfi hallarla səciyyələnmiş, müşahidə olunan seçki məntəqələrinin 58%-də pis və yaxud çox pis kimi dəyərləndirilmiş və ciddi problemlərin olmasını nümayiş etdirmişdir. 19 seçki məntəqəsində səslərin hesablanması zamanı topa bülleten atılmasının izləri aşkar olunmuşdur. MnSK-ların böyük hissəsi seçici siyahılarında səs verən seçicilərin sayının hesablanması və mütləq yoxlamalar da daxil olmaqla, rəqəmlərin müqayisəsi kimi mühüm prosedurları icra etməmişlər. Adətən səslərin hesablanması prosesində yetərincə şəffaflıq təmin olunmamışdır.
BSMM müşahidəçilərinin verdiyi məlumata əsasən, baş çəkdikləri məntəqələrin 24-də səslərin hesablanması üzrə prosedurları, üçdə birində isə seçki bülletenlərinin necə işarələnməsini aydın görə bilməmişdirlər. Müşahidə missiyasının əhatə etdiyi məntəqələrin 20-də seçki bülletenləri ağlabatan və ardıcıl üsulla hesablanmamışdır.
Müşahidə olunan məntəqələrin 12-də MnSK üzvlərindən kənar şəxslər səslərin hesablanmasında iştirak etmişlər. Səslərin hesablanması zamanı aparılan müşahidə nəticəsində BSMM 15 məntəqədə seçici siyahılarına adların daxil edilməsi, həmçinin bir namizədin aldığı səslərinin digər namizədə yazılması da daxil olmaqla, protokolların nəticələri ilə manipulyasiya halları aşkar olunmuşdur.
Müşahidə olunan məntəqələrin 42-də MnSK üzvləri yekun protokola nəticələrin daxil edilməsində çətinliklər çəkmiş və bir sıra hallarda, tələblərə baxmayaraq, yekun protokol qələmlə doldurulmamışdır. BSMM və namizədlərin müşahidəçiləri müraciət etsələr belə, adətən protokolun sürətini əldə edə bilməmişdirlər. Müşahidə olunan məntəqələrin yarısından çoxunda, qanunvericiliyin tələbinə zidd olaraq, MnSK ictimaiyyətin tanış olması üçün yekun protokolun sürətini müvafiq lövhəyə yerləşdirməmişdir. Bir neçə müşahidəçi qeyd etmişdir ki, səslərin hesablanması və protokolun doldurulması başa çatdıqdan sonra, MnSK bəlli olmayan səbəblərdən sənədlərin DSK-ya çatdırılmasını ləngitmişdir. Müşahidə olunan seçki məntəqələrin 17-də DSK-ya protokol aparılarkən MnSK sədrini digər iki üzv müşaiyət etməmişdir.
Nəticələrin protokollaşdırılmasının müşahidəsi 125 DSK-dan 95-də aparılmışdır. 23 DSK-da sözügedən proses mənfi kimi qiymətləndirilmişdir. MnSK protokollarının DSK-larda doldurulması (18 hal) kimi digər prosedur pozuntuları da müşahidə olunmuşdur. 22 halda müşahidəçilərə yekun nəticələri əks etdirən protocol verilməmişdir. Məntəqə seçki komissiyasının təqdim etdiyi nəticələrin yoxlanılması və emal olunması kimi mühüm prosedurlara adətən riayət olunmamışdır.