Milli Şuranın vahid namizədi Cəmil Həsənli seçkinin nəticələrini tanımadı
«İlham Əliyevin bu xalqa rəhbərlik etməyə mənəvi haqqı yoxdur»
Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli dünən Müsavat Partiyasının qərargahında oktyabrın 9-da keçirilən prezident seçkisinin nəticələrilə bağlı mətbuat konfransı keçirib. Mətbuat konfransında yerli və beynəlxalq jurnalistlər iştirak edib.
Seçkinin nəticələri ləğv olunmalıdır
Cəmil Həsənlinin Seçki Qərargahının həmsədri, Müsavat Partiyası Icra Aparatının rəhbəri Arif Hacılı çıxış edərək bildirib ki, Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkisi azad və ədalətli olmayıb: “Seçkilər demokratik keçirilməyib, demokratik keçirilməsi üçün seçkiqabağı mühit mövcud deyildi, müvafiq qanunvericilik bazası mövcud deyildi. Namizədlərə bərabərhüquqlu imkanlar verilməmişdi. Demək olar ki, bütün seçki məntəqələrində total saxtakarlıqlara yol verildi. Ölkədə sərbəst toplaşmaq azadlığı demək olar ki, ləğv olunub”.
Arif Hacılı ölkədə müxalifətçilərə və gənc fəallara olan təzyiq və təqiblərdən də danışıb. O həmçinin deyib ki, hakimiyyət seçki qanunvericiliyi üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq müsbət mənada dəyişdirilməyib: “Seçki komisiyalarının sədrləri faktiki olaraq YAP tərəfindən təqdim olunmuş şəxslərdir”.
Çoxsaylı seçki pozuntularından danışan Arif Hacılı heç bir məntəqədə karbonlaşdırılmış protokol yazılmadığını da vurğulayıb. O, bildirib ki, Cəmil Həsənlinin Seçki Qərargahı prezident seçkiləriin nəticələrinin ləğv olunmasını və yeni seçki keçirilməsini tələb edir.
Azərbaycanda seçki adı ilə hakimiyyət qəsb edilib
Daha sonra Cəmil Həsənli seçki ilə bağlı fikirlərini açıqlayıb. Milli Şuranın vahid namizədi bildirib ki, oktyabrın 9-da Azərbaycanda seçki adı altında hakimiyyətin mənimsənilməsi baş verib: “Azərbaycanda hakimiyyəti formalaşdırmaq haqqı Konstitusiya ilə Azərbaycan xalqına məxsus olsa da, bu hüququndan istifadə edə bilmədi, bundan məhrum edildi. Xalq hakimiyyəti formalaşdırmaq haqqından uzaqlaşdırıldı. Hakimiyyətin formalaşdırılması haqqı xalqın əlindən bir qrup, bir partiya, bir şəxs tərəfindən alındı.
Azərbaycan Konstitsiyasının 6-cı maddəsinə görə hakimiyyətin ayrı-ayrı partiyalar və şəxslər tərəfindən qəsb edilməsi ən böyük cinayət hesab edilir. Oktyabrın 9-da Azərbaycan tarixində bu hadisə baş verdi. Hakimiyyət Ilham Əliyev tərəfindən qəsb edildi. Konstitusiyanın 107-ci maddəsinə görə bu halda Ilham Əliyev hakimiyyətdə qala bilməz. Bu adam hakimiyyətdən uzaqlaşdırılmalı və qanunveriliciyə uyğun olaraq cəzalandırılmalıdır”.
MSK bir gün əvvəldən nəticələri elan etmişdi
Cəmil Həsənli bildirib ki, saxtakarlıq açıq şəkildə aparılıb: “Azad və ədalətli seçki deyilən bir şey olmadı. Ən azı etika xatirinə müəyyən saxtakarlıq əməllərini gizli həyata keçirməyə belə cəhdlər olmadı. Seçkilər sox açıq şəkildə saxtalaşdırıldı. Hətta Mərkəzi Seçki Komissiyası bir gün əvvəldən nəticələri elan etmişdi. Bu nəticələr seçki məntəqələrinə göndərilmişdi. Sadəcə Mərkəzi Seçki Komissiyasının informasiya xidmətinin ehtiyatsızlığı üzündən bu saxtakarlıq ictimailəşdi. Sosial şəbəkələrdə, mətbuatda bu barədə yazıldı”.
Ilham Əliyev Azərbaycan xalqını təmsil edə bilməz
Milli Şuranın vahid namizədi mətbuat konfransında əvvəlcədən Ilham Əliyevin xeyrinə işarələnmiş bülletenləri nümayiş etdirib: “Bu cür bülletenlər yüzlərlədir. Bu hazır bülletenlər ayrı-ayrı şəxslərə paylanıb və onlar da müxtəlif məntəqələrdə həmin bülletenləri qutulara doldurublar. Bütün bunlara görə Ilham Əliyev prezident kimi tanına, xalqı təmsil edə bilməz. Saxtakarlıqla yanaşı ümumiyyətlə onun 3-cü dəfə namizədliyini irəli sürməsi qeyri qanunidir”.
Cəmil Həsənlinin sözlərinə görə, seçkidə seçici fəallığı aşağı olub: “Müşahidəçilərimiz vasitəsilə real mənzərədən xəbərimiz var. Hər məntəqədə 26 faiz civarında seçici səsvermədə iştirak edib. Mən əvvəldən də demişdim ki, 5 milyon seçicinin 2 milyondan bir qədər artığı yoxdur. Mərkəzi Seçki Komissiyasının elan etdiyi kvorum alına bilməzdi. Bu yalnız saxtakarlıqla ola bilərdi. Bir daha deyirəm ki, Ilham Əliyevin nə mənəvi, nə hüquqi, nə də siyasi cəhətdən xalqı, dövləti təmsil edə bilməz. Onun buna hüququ yoxdur”.
Mümkün olan və olmayan mübarizə formalarından istifadə edəcəyik
Daha sonra Cəmil Həsənli jurnalistlərin suallarını cavablandırıb. Milli Şuranın vahid namizədi sonrakı addımlar barədə suala cavab verərkən deyib ki, oktyabrın 12-nə mitinq təyin edilib: “Biz bu gün (dünən-red) ilkin rəyi açıqladıq. Seçkinin nəticələrini tanımırıq. Oktyabrın 12-si saat 16.00-a mitinq təyin etmişik. Bununla bağlı Bakı Şəhər Icra Hakimiyyətinə müraciət etmişik. Biz Azərbaycan qanunları, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar çərçivəsində mübarizəmizi davam etdirəcəyik. Və mən sizi əmin edirəm ki, bu mübarizə qələbə ilə bitəcək. Bu hakimiyyət getməlidir. Ilham Əliyevin bu xalqa rəhbərlik etməyə mənəvi haqqı yoxdur. Biz xalqın iradəsi, gənclərin gücü ilə qələbəyə nail olacağıq”.
Cəmil Həsənli əlavə edib ki, mitinq etiraz formalarından biridir və Milli Şura yalnız kütləvi aksiya keçirməklə kifayətlənməyəcək: “Mitinq yeganə mübarizə formasıdır. Başqa mübarizə formaları da var. Və biz mümkün olan, hətta bəzi hallarda mümkün olmayan mübarizə formalarından istifadə edəcəyik. Düşünürəm ki, Ilham Əliyevin 3-cü dəfə prezidentliyinin qeyri-legitim olduğunu həm Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə çatdırıb sübuta yetirə biləcəyik”.
Həyatım Ziya Bünyadovun və NIDA-çı gənclərin həyatından qiymətli deyil
Milli Şuranın vahid namizədi hakimiyyət tərəfindən ona edilə biləcək təzyiqlərlə bağlı suala cavabında bildirib ki, o, heç nədən çəkinmir: “Mən seçki kampaniyası dövrü bu hakimiyyət, Ilham Əliyev haqqında dediklərimin üstündə dayanıram. O fikirləri mən demişəm və hesab edirəm ki, doğru demişəm. Mənə qarşı təzyiqlərə gəlincə, özümü müəllimim mərhum akademik Ziya Bünyadovdan və həbsdə olan NIDA-çı tələbələrimdən artıq hesab etmirəm. Mən həyatım onların həyatından qiymətli deyil. Mənim hər şeyə hazıram və heç nədən çəkinmirəm”.
Milli Şuranın taleyinə gəlincə, Cəmil Həsənli bildirib ki, demokratik qüvvələrin birləşdiyi bu qurum fəaliyyətini davam etdirməlidir: “Milli Şura ideyası yalnız prezident seçkisi ilə bağlı yaradılmamışdı. Və buna görə də seçkidən sonra da Milli Şuranın fəaliyyəti davam etdirilməlidir. Milli Şurada demokratik qüvvələr birləşib və birlik qorunmalıdır və Azərbaycanda demokratiya bərqərar olunana qədər mübarizə davam etməlidir”.
Vidadi