Aydın Mirzəzadə: «Partiyanın dəst-xəttini qəbul etməyən şəxslər onun tədbirlərinə dəvət oluna bilməz»
YAP daxilində köhnə qvardiya ilə hazırki rəhbərlik arasında qalmaqal müşahidə olunmaqdadır. Partiyanın yaradıcılarından olan Sirus Təbrizli, Maksim Musayev, Əli Əlirzayev, Xeyrəddin Qoca YAP rəhbərliyini kəskin tənqid etməkdədir.
Onların bir qismi YAP icra katibi Əli Əhmədovu, digərləri isə PA rəhbəri Ramiz Mehdiyevi tənqid hədəfinə alıb. Köhnə YAP-çılar gileylənərək partiyanın tədbirlərinə dəvət olunmadıqlarını da deyirlər. Hətta bu şəxslərin partiyanın yubiley tədbirlərinə qatılmasına da şərait yaradılmır.
Partiyadakı bu qalmaqal, köhnə qvardiyanın uzaqlaşdırılması nə ilə bağlıdır?
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə YAP-dan gileylənən şəxslərin bir qisminin partiyadan xaric edildiyini deyir. Bu səbəbdən də onların YAP-ın tədbirlərinə dəvət edilməməsi başa düşüləndir: “Bu şəxslərin bəziləri YAP-ın əsas xəttinə zidd fəaliyyət göstərdiyinə görə partiyadan uzaqlaşdırılıb. Aydın məsələdir ki, partiyadan xaric edilən, onun dəst-xəttini qəbul etməyən şəxslər partiyanın tədbirlərinə dəvət oluna bilməz”.
A.Mirzəzadə digər köhnə YAP-çılarla bağlı heç bir problemin yaşanmadığını bildirdi. Onlar partiyanın üzvü kimi diqqətdədirlər və tədbirlərə də dəvət olunurlar: “Bu gün partiyada müxtəlif təbəqələrə, müxtəlif yaş qruplarına aid adamlar var. Bunların hər biri partiya üçün əzizdir. Kimlərinsə hansısa tədbirə dəvət edilməməsi ilə bağlı narazılığı həll edilən məsələdir. Bu tədbirə dəvət edilməyiblər, digər tədbirə dəvət edilərlər. Yaxud onlar partiya tərəfindən xüsusi diqqət arzulayırlarsa, hər bir üzvə olduğu kimi onlara da xüsusi diqqət ola bilər. Onların narazılığı partiyanın apardığı siyasətdən deyil. Sadəcə olaraq bu hansısa tədbirə dəvət edilməməsi ilə bağlı subyektiv narazılıqdır. Bunlar hamısı həll edilən məsələdir”.
Fizzə