Rəsmi mətbuat AXC hakimiyyəti dövründəki müşavirədə tənqidləri niyə qabardır?
Həsən Kərimov: «AXC hakimiyyəti dövründə nə 48 milyard dollar offşor zonalara köçürülmüşdü, nə də prezident 2012-ci ildə olduğu kimi ilin korrupsioneri elan edilmişdi»
Pənah Hüseyn: «İqtidar öz yarıtmaz fəaliyətinə haqq qazandırmaq üçün o dövrü saxtalaşdırmağa çalışır»
Avtoritar və korrupsioner hakimiyyət kimi tanınan YAP iqtidarı buna məhəl qoymadan iyirmi il əvvəl devrilən AXC hakimiyyətinin qüsurlarını axtarmağa çalışır. Buna nail olmadıqda o dövr dövlət rəsmilərinin səsləndirdikləri tənqidi fikirləri önə çəkməyə çalışırlar. Rəsmi mətbuat AXC hakimiyyəti dövründə dövlət katibi olan Əli Kərimlinin 1993-cü ildə korrupsiya ilə bağlı çıxışını, həmçinin prezident Elçibəyin baş prokuror Ixtiyar Şirinovu tənqid etməsini öz səhifələrinə çıxarıb.
Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda korrupsiyanın geniş yayıldığı, insan haqlarının pozulduğu, demokratik dəyərlərin tapdalandığı əks olunduğu halda buna göz yuman rəsmi mətbuatın bir illik hakimiyyət dövründə heç bir hesabatda mənfi rəy almayan, bir çox nailiyyətlər əldə edən, indiki hakimiyyətdən fərqli olaraq özünün korrupsioner imicini formalaşdırmayan AXC iqtidarının bu şəkildə hədəfə alması əslində nəyin görsənişidir?
O dövr dövlətin başçısının, yaxud digər rəsmi şəxsin ölkədəki problemləri önə çəkməsi, onların həllinə çalışması indiki iqtidarı niyə belə təəccübləndirir?
AXC hakimiyyəti dövründə Səbail rayon icra hakimiyyətinin başçısı olmuş AXCP Ali Məclisinin sədri Həsən Kərimov rəsmi mətbuatın bu yolla seçki öncəsi AXC hakimiyyətinin fəaliyyətini gözdən salmağa çalışdığını deyir. Lakin özünün müsbət əməli olmayan iqtidar keçmişi bu formada araşdırmaqla heç nəyə nail ola bilməyəcək: “AXC hakimiyyəti dövründə nə 48 mlrd dollar offşor zonalara köçürülmüşdü, nə Azərbaycan prezidenti 2012-ci ildə olduğu kimi ilin korrupsioneri elan edilmişdi. O dövr hakimiyyətdə olanların villaları, təmtəraqlı həyat şəraiti olmamışdı. Beynəlxalq təşkilatların, o cümlədən ABŞ Dövlət Departamentinin hesabatında iqtidarın ünvanına heç bir iradlar yox idi. Indiki iqtidar isə AXC hakimiyyətini qiyam yolu ilə devirdi və görməmişcəsinə xalqın varidatını talamaq yolunu tutdu. Gedib öz əməllərini müzakirə etsinlər. AXC-nin hakimiyyətini araşdırmağa ehtiyac yoxdur”.
H.Kərimovun sözlərinə görə, AXC hakimiyyətinin fəaliyyətində neqativ faktlar olsaydı, Heydər Əliyev o dövr vəzifədə olanların hamısını həbs edərdi.
AXC iqtidarında baş nazir postunu tutmuş Pənah Hüseyn iqtidarın öz yarıtmaz fəaliyətinə haqq qazandırmaq üçün böhtan atdığını, o dövrü saxtalaşdırdığını deyir. Digər tərəfdən, o vaxt hakimiyyətdə olan qüvvlələr bu gün hakimiyyətə əsas alternativdir. Ona görə də bu qaralama kampaniyası siyasi rəqiblərə qarşı bir fəaliyyətdir: “Bu onun göstəricisidir ki, xalq hərəkatından olan qüvvələr bu gün Əliyevlər rejiminə, indiki üsul-idarəyə qarşı əsas alternativ qüvvələr kimi qəbul edilməkdə davam edir”.
Fizzə