elnurastanbeyli@gmail.com
Həyatın bir anı
Bir müddətdir, fikir verirəm, küçədə öz-özü ilə, həm də gileyli, sanki hamıdan küsmüş, hər şeydən bezmiş şəkildə danışan insanların sayı artıb. Üstəlik, yolda-izdə qarşısına gülərüz biri çıxanda adamın gözləri alacalanır, sanki hansısa qeyri-adi, görünməmiş bir şey, ya da dünyanın səkkizinci möcüzəsi-filan baş verib.
Dünən səhər Ceylanı məktəbə qoyub qayıdanda belə bir əhvalat baş verdi: bir dostumuzla ayaqüstü söhbət edirdik, maşını da bir neçə addım aralıda saxlamışdı. Bu vaxt bir nəfər gəlib kamali-ədəblə dostumuzun maşınının qapısını açdı, oturmaq istədi. Dostumuz gülə-gülə qayıtdı ki, qardaş, sənin maşının o deyil e, bu tərəfdədir.
Təsəvvür edin, maşınların rəngi, yaxud modeli də eyni deyildi, insan belə çaşqınlığa düşsün.
Həmin adam yaxınlaşıb üzrxahlıq elədi, qayğılardan gileyləndi, dedi, gərək bağışlayasınız, bu qədər dərdin, problemin içində adamda huş qalar?!
…Bir sözlə, ölkədə vəziyyət düşündüyümüzdən, fikirləşdiymizdən daha ağırdır.
***
Avtoritarizmin “humanizm”i
Humanist uşağa deyir:
– Ay yetim, al bu konfeti.
– Mən yetim deyiləm, odur, atam orada dayanıb.
Humanist tapançanı çıxarıb kişini vurur. Sonra uşağa deyir:
– Ay yetim, al bu konfeti.
***
Azərbaycanlıların inqilab etməkliyi
Nəhayət, bir gün azərbaycanlılar inqilab etmək qərarına gəlirlər. Polis dərhal kardon qurur.
Azərbaycanlılar kardonu yarmaq barədə plan hazırlayırlar. Bir nəfər kəşfiyyata göndərilir. Bir qədər sonra o, geri qayıdıb qəmgin şəkildə deyir:
– Boş şeydir, heç nə alınmayacaq. Plan pozuldu. Polislər kardonu söküblər.
***
Milli-mənəvi həyasızlıq
Toylarda bəyi gəlinlə rəqsə çağırıb, sonra da “Qardaş, bu ceyranı hardan almısan?”a qol götürüb oynayan adamlarıq, hələ bir də utanmaz-utanmaz durub avropalıların namus-qeyrətinə ağız büzürük.
***
Üzeyir bəy yapçılar haqqında
“Istibdad – yəni hökumətin milləti sümürüb süngüyə çəkməsi. Amma bəzi müsəlman ”üləma”larının təsəvvürünə görə, istibdad əmin və asayişə deyərlər”…
(Üzeyir Hacıbəyov, “Lüğət” məqaləsindən)
***
Dərd
Dərd o deyil ki, biz bu günləri yaşayırıq.
Dərd odur ki, biz bu günlər haqqında uşaqlarımıza danışacağıq, amma onlar danışdıqlarımızın heç birinə inanmayacaqlar.
Fikirləşəcəklər, əcəb nağılbaz atamız var!
***
Sonuncu çıxış yolu
Azərbaycanda nəyisə yaxşılığa doğru dəyişə bilmirik, ya da bunun üçün əlimizdən heç nə gəlmirsə, barı yalandan, yaltaqlıqdan, saxtakarlıqdan, riyakarlıqdan, merkantillikdən, karyerapərəstlikdən, işverənlikdən, üzəduranlıqdan uzaq, bilgili, savadlı, dürüst övladlar böyütməyə çalışaq.
Qoy heç olmasa, gələcəkdə bu ölkədə vicdanlı, şərəfli, dürüst, əxlaqlı, irəligörüşlü insanlar o qədər çox olsunlar ki, bəlkə əl-ələ verib qarşısıalınmaz gücə çevrilə və özlərinə gözəl, işıqlı, azad, abad bir məmləkət qura bildilər.