Seçki göstərdi ki, hakim partiya köhnə cığırla gedəcək
Bildiyiniz kimi hakim partiya seçkilərə “Yeni Hədəflərə Dorğu” şüarı ilə yollanmışdı. Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, hakim partiyanın bu “hədəf”indən yenilik qoxusu gəlmir. Çünki, eyni akkordlar, eyni kordinatlar, eyni ritorika davam edirdi.
Hətta böhranın fontan verdiyi bir vaxtda da real islahatlar aparılmadı, imitasiya siyasəti yürüdüldü, fərqli fikrin qarşısında sədd götürülmədi. Amma noyabrın 1-də ölkədə keçirilən seçkilər bu “hədəf” məsələsinə öz möhürünü vurdu. Məlum oldu ki, komandanın yenilik arzusu, köhnəliyə sədaqəti nəzərdə tutur. Bəli, YAP parlamentdə əsas yerləri zəbt etdi, seçki birmənalı şəkildə boykot edildi və nəticələr ironiya obyektinə çevrildi.
Konkret olaraq YAP-ın “yeni hədəfləri” nədə ifadə olundu? Məsələn, cəmiyyətdə ikrahla qarşılanan Etibar Hüseynov, hökumətin söyüş rezervi hesab edilən Elşən Musayevlə əvəzləndi. Yəni, köhnənin pis nümunələri, yaxşı kadrlarla əvəzlənmədi. Əksinə, pis nümunələr daha da parıldadı. Yaxud, Iqbal Ağazadə daha pis reputasiyaya malik olan Araz Əlizadə ilə əvəzləndi. Göründüyü kimi parlamentə təyinat məsələsində yenə də fərqli fikri söyənlərə, avtoritarizmə demokratiya donu geyindirənlərə üstünlük verildi. Təkcə parlament seçkilərindəki mənzərə YAP-ın hansı hədəflərə doğru gedəcəyini tam müəyyən edir.
Yenə də Avropanı söyüb, Rusiyanı öymək siyasəti davam edəcək, yenə də saxta inkişaf təbliğatı aparılacaq, yenə də büdcədən oğurlamağın yollarını axtaracaqlar. Deməli, vətəndaş yenə də 150-200 manatın girovluğunda yaşayacaq, kredit faizlərinin yükü altında əziləcək və AzTv-lərin “xoşbəxt həyat” təbliğatından bihuş olacaq.
Bəli, YAP köhnə cığıra, yeni asfalt çəkərək davam edəcək. Bir halda ki, parlamentdə müxalif səs yoxdur, bir halda ki, hamı xor oxuyacaq, o zaman hədəf yenə də köhnəlik olacaq. Yenilik sadəcə YAP-çıların yeni kostyumunda, yeni avtomobilində, yeni malikanəsində hiss olunacaq.
Bir sözlə, YAP “Yeni Hədəflərə Doğru” şüarı seçəndə xalqın və dövlətin taleyindəki yox, komandanın taleyindəki yeniliyi nəzərdə tutub. Və yenə də “tüfəng”in nişan aldığı hədəf xalq olacaq.
Akif