Nəhayət ki, parlament seçkilərini arxada qoyduq. Daha dəqiq ifadə etsək “seçki” adı altında keçirilən “festival” başa çatdı. Təbii ki, nəticələr bizi təəccübləndirmədi, hər hansı sürprizlər olmadı və gözləntilər özünü doğrultdu. Ən əsası Milli Şura sədri Cəmil Həsənlinin siyahısı legitimlik qazandı və hökumət bu “ifşa siyahısı”nı yanılda bilmədi. Deməli, həm beynəlxalq aləmin mövqeyi, həm real müxalifətin boykotu, həm də xalqın hökumətə “dirsək” göstərməsi ümummilli boykotu təmin etdi.
Hətta hökumətin “karusel” əməliyyatları, büdcə təşkilatlarında çalışanların prosesə cəlb olunması da cazibəli statistika yarada bilmədi. Belə ki, MSK-nın əzəli-əbədi sədri Məzahir Pənahov bildirdi ki, seçici fəallığı 55.7 faiz olub. Bəli, hətta yapsayağı ənənələrin işə düşməsi də seçici fəallığını artıra bilmədi. Hökumət seçicilərin 45 faizinin seçkidən imtina etdiyini etiraf etmiş oldu. Reallıqda isə seçici fəallığı 10-15 faizdən artıq olmayıb. Çünki, xeyli məntəqələrdə müşahidə aparılıb və seçici gözə dəyməyib. Məhz bunun nəticəsidir ki, topa bülletenlərin atılması prosesi asanlıqla həyata keçirilib. Amma belə hallar da kameraların diqqətindən yayınmayıb və sosial şəbəkələrdə saxtakarlığı əks etdirən yüzlərlə foto-video görüntülər yayımlanıb.
Eyni zamanda bu dəfəki seçkilərdə də parlament müxalifətsiz qaldı. Bəli, 125 nəfərin təmsil olunduğu Milli Məclis əslində “YAP Məclisi”dir və yenə də hamı xor oxuyacaq.
Yeri gəlmişkən, Əli Əhmədov deyirdi ki, bizim üçün əsas olan xalqın iradəsi, seçkiyə münasibətidir. Yəqin ki, xalqın 45 faizlik rəsmi, 85 faizlik qeyri-rəsmi boykotu Əli Əhmədovun da diqqətindən yayınmayıb. Ən azı ictimai yerlərdə insanların seçki müzakirələrini, “seçilmişlər”ə münasibətini öyrənmək mümkündür. Təkcə sosial şəbəkələrdə yayılan karikaturalar, statuslar, lətifələr nəticə çıxarmağa kifayət edir. Hələ seçki haqqında ciddi, müsbət fikir söyləyən adama rast gəlinməyib. Əksinə, hökumətə loyal münasibət bəsləyən müğənni və şair namizədlər də “seçki saxtalaşdırıldı” söyləyir.
Beləliklə, legitimlik qazanmayacağı əvvəlcədən məlum olan seçkiyə milyonlarla vəsait xərcləndi. Bu qədər bülletenlər çap edildi, təbliğat-təşviqat materialları hazırlandı, hansısa müşahidəçilər pulla ələ alındı, hansısa sorğu şirkətlərinə “seçki əladır” dedirtmək üçün “ənam” verildi və.s. Yəni, böhranın qapıya dayandığı bir vaxtda milyonlarla vəsait havaya sovruldu. Amma nəzərə alsaq ki, “mandat alveri” hələ də qüvvədədir, deməli bəzi şəxslərin qazancı da olub. Həmişəki kimi büdcə boşalıb, ciblər dolub.
Bir sözlə, müstəqillik tarixinin hələ ki, ən “unudulmaz” seçkisini yola saldıq. 3-4 ay öncədən təyin olunmuş şəxslərə “seçki ziyafəti” verildi. Indi millətin olmasa da, hökumətin 125 vəkili var.
İlham