“Son ağac kəsildiyində, son çay çirkləndiyində, son balıq ovlandığında anlayacaqsınız pulun yeyilməyən bir şey olduğunu…” Bəlkə də, yer üzünün ən müdrik fəlsəfi dünyasını yaşayan qızıldərililərin (hinduların) bu məşhur deyimini günümüz üçün bir az fərqli tərzdə də ifadə edə bilərik. Son cib boşaldığında, son əl qandallandığında, son nazir ovlandığında anlayacaqsınız pulun yeyilməyən bir şey olduğunu… Ölkədə baş verənlər, həqiqətən, dəhşətlidir. Inanılmayacaq qədər dəhşətlidir. Demək ki, hər şey bir ilmənin qaçmasına bənd imiş. Indi o qaçan ilməni tutub saxlamaq mümkün deyil, siyasi don sökülə-sökülə gedir. Söküldükcə də saxlanan gizlinlər, eyiblər, çirkinliklər, ortaya tökülür. Ilmə gedir və getdikcə bütün gerçəklər çılpaqlığı ilə açığa çıxır. Indi necə bir ölkədə yaşadığınızın fərqindəmisiniz? Necə talançı, yalançı, oğru, əyri səlahiyyət sahiblərinin sizi idarə etdiyinə şübhəniz qaldımı?
Düşünürəm, indi “nəyin davası gedir” sualının cavabını tapmaqda da kimsənin bir çətinliyi olmamalıdır. Davanın motivi bəlli. Arada böyük milyardlar dolaşır və dava da ondan kimin daha çox pay qapmasıdır. Həm də elə böyük milyardlar ki, əlinə fürsət düşən ölkədən 2-3 milyardı rahatlıqla çıxarıb şəxsi fondlarına yönəldə bilir. Pul çoxdur, amma ondan sadə insanlara heç nə çatmır. Yoxsulluq, ehtiyac, borc içində boğulub batır ölkə insanı. O biri tərəfdən də, üst qatda oturanların gözü və cibi doymur. Görməmişliyin, acgözlüyün, iştahanın və nəfsin hüdudu bilinmir. Var-dövlət toplamaq ehtirası bir qrupu ağıl almaz əyri yollara çəkib aparır. Yığdıqca yığmaq, artırdıqca artırmaq, varlandıqca varlanmaq can atımı sərhəd tanımadan irəli doğru şütüyür. Amma tamah boyu aşanda insan bir şlaqbauma ilişib arxası üstə yerə dəyə də bilər. Vay o günə! Yıxılana da nə çox balta çalan! Gün o gündür. Hesab günüdür. Edilən miqyassız pisliklər birdən-birə sahibinin üzünə qayıdır. Ancaq hələlik bir qrupun. Hələ növbədə çoxları var. Onlara da sıra gələcək. Gəlməməsi mümkünsüz. Gəlməməsi ilahi ədalət deyilən şeyin heç olmadığı anlamına gələrdi. O var axı. Bir az gec gələr bəlkə, lakin layiqincə, hər kəsin haqq etdiyincə gələr. Nə bir misqal artıq, nə bir misqal əskik…
Bütün tanınmış iqtisadçılar ölkədə durumun daha betər böhrana doğru gedəcəyini deyir. Vallah, mən də azacıq pozitiv olmaq, yaxşı olacağını demək istərdim, amma buna bir işıqucu yox. Özüm də çoxdan növbəti devalvasiyanın qorxusunu yaşamaqdayam və insanlarımızın dözüm dərəcəsinə də, sadəcə, heyrət edirəm. Qəzetlər, sosial şəbəkələr, xəbər portalları ulduzu axan vəzifə sahiblərinin saraylarını, mülklərini, varidatlarını tirajlayıb durur. Nə dəyişir ki? Guya onlar müsadirə olunub əllərindən alınsa, yetim-yesirin yarasına dərman ediləcək? Yoxsa onlarda olandan başqa nazirdə, rəisdə, hakimdə, sədrdə, icra başçısında yoxdur? Axı bütün bunların bir oyun olduğunu bilirik hamımız. Daha doğrusu, oyun qaydalarını pozmağa qarşı götürülən cəza tədbiri. Oyunu “düz” oynamaq lazımdır, bəli. Kartları dəyişdirmək, kələk gəlmək, oyunbazlıq etmək olmaz axı. Gizli ciblik və ya pulqabı saxlamağın bəlli bir hesabı var, bilmirdiniz məgər? Sizi oyun masasına oturdan qəflətən ciblərinizi yoxlamazdımı sanırsınız?
Bəli, son cib boşaldığında anlayacaqsınız pulun yeyilməyən bir şey olduğunu. Amma o xoşbəxt sonluq olmayacaq. Nə cibi boşaldan, nə də boşalan üçün…