xanbahadir@mail.ru
Yunan mifologiyasına görə, quldur Prokrust ələ keçirdiyi adamların boyunu yatağına uyğunlaşdırırmış. Yatağından uzun olanın ayağını kəsir, gödəyin ayağını dartıb uzadırmış. Ukrayna – Krım olaylarından sonra Rusiyada oxşar görsəniş geniş yayılıb: istər içdə, istərsə də dışda Putinin antiUkrayna siyasətini, Krımı ələ keçirməsini düzgün sayanlar pozitiv, düzgün saymayanlar neqativ dəyərləndirmə şkalasına salınırlar.
Ədəbiyat üzrə Nobel ödülü bu il Belarus yazıçısı Svetlana Aleksieviçə verildi. Ukrayna olaylarından sonra slavyan qardaşlığı bayrağı qaldıran Putinyönlü Rusiya mediası bu faktı bayram etməli idi, ancaq tərsinə oldu: Nobel ödülünün Svetlanaya verilməyi onlarda böyük acıq doğurdu. Onlar – bir sıra jurnalistlər, yazıçılar – Nobel ödülünün Svetlanaya veriməməsini doğrulayacaq “arqumentlər” axtarışına çıxdılar. Nobel ödülünün verilməsində “siyasi konyunkturanın” önəmli rolu, dəyərləndirmələrin tendensioz xarakter daşıması kimi faktorlar önə çəkildi. Yazıçı Sergey Yesinə görə, Svetlanaya verilən Nobeli yalnız bu prizmadan dəyərləndirmək olar. Dağıstan Yazıçılar birliyinin başqanı Məhəmməd Əhmədova görə, S.Aleksieviç Rusiyaya qarşı çıxışları ilə bağlı Nobellə ödülləndirilib. Yazıçı Sergey Şarqunov daha dərinə gedir: “S.Aleksieviç Batkaya qarşı kəskin baxışarı, guya Krımı ələ keçirmiş Rusiyanı gözdən salmağa çalışdığı üçün ödülləndirilib”. Bir sıra başqa yazıçılar, deyək, Valeri Kazakovla Vladimir Liçutin Aleksieviç yaradıcılığının eləcə publisistika xarakteri daşıdığını bildirirlər.
Istər bir sıra jurnalistlərin, istərsə də bizim müsəlman qardaşımız Məhəmməd Əhmədovun dəyərləndirməsində olduğu kimi, burada başlıcası Aleksieviçin “Rusiyaya qarşı çıxmasıdır”. Müsəlmanların böyük çoxluğunda olduğu kimi, Dağıstanın yazıçılar başqanı M.Əhmədovun da dəyərləndirməsi siyasi konyunkturaya bağlı özgüdükçü dəyərləndirmədir. Ortada müsəlman xarakterinə bağlı özgüdükçülük olmasaydı, M.Əhmədov Aleksieviçə Nobel verilməsini alqışlayardı. Niyə? Daha tutarlı olsun deyə, niyəsini M.Əhmədov kimi müsəlman özgüdükçülərdən qat-qat yüksəkdə dayanan xanım Aleksieviçin özünün dediyi ilə bildirəcəm.
Bəri başdan bildirmək gərəkir: Aleksieviç Meydan günlərində Meydanda – Ukrayna xalqının yanında olub (bildiyimə görə, onun anası ukraynalıdır). Rusiyanın Putinyönlü yazarları Meydan faktını Alekiseviçə bağşlamırlar. Aleksieviç deyir: “Batı Ukraynaya yardım etsə, Ukrayna dirçələcək, Ukraynanın yüksəlişi başlayacaq. Yox, qabaqlar bir neçə yol olduğu kimi, Batı hansısa oyunlar oynasa, Ukrayna yenidən uduzsa, onda, düşünürəm, Rusiya azğınlaşıb Ukrayna ilə geniş savaşa başlayacaq. (…) Biz balaca xalqıq, ruslar uzun illər bizi qırıb yox etməyə çalışıblar. Ukraynalılar indi özünütanıma dönəmini yaşayırlar…” Başqaları bir yana, görəsən, xanım Aleksieviçin burada dediklərindən M.Əhmədovun özünə götürəcəyi nəsə varmı – hansısa oxşarlıqlar anlamında?
Aleksieviçin “Rusiyaya qarşı olması” belədir: “Mən humanist, gözəl rus dünyasını sevirəm. Bu, bütün dünyanın qarşısında baş əydiyi rus dünyasıdır. Bu, böyük rus ədəbiyatı, baleti, musiqisidir. Ancaq mən Beriya, Stalin, Putin, Şoyqu dünyasını sevmirəm. Bu mənim dünyam deyil”. Görünür, sonrakı, dağıstanlı yazıçı M.Əhmədov başda olmaqla, “Aleksieviç Rusiyaya qarşıdır” deyənlərin dünyası olduğundan onlar Aleksieviçə Nobel ödülü verilməsinə qarşıdırlar! Aleksieviçin sevdiyi rus dünyası gerçəkdən bütün dünyanın, bizim hamımızın sevdiyimiz dünyadır – humanist, gözəl rus dünyası! Bizim bu dünyanı sevməyimiz necə doğaldırsa, imperialist istəklərlə üstümüzə diş qıcıyan aqressiv Rusiyaya qarşı olmağımız da eləcə doğaldır.
Aleksieviçin yaradıcılığının pubisistik xarakter daşıdığına gəlincə, məncə, bu, 21-ci yüzilin özünün xarakter görsənişidir: indiki yeyinlik dönəmi “Karamazov qardaşları” (F.Dostoyevski), “Savaş – barış” (L.Tolstoy) kimi böyük, uzun illərə başa gələn yaradıcılıq örnəklərinin çağı deyil. Sözsüz, bu çağa bağlı konyunktura gerçəyi Nobel ödülünü verənlərə də bəllidir…