Bənövşə nəfəsli şipşirin bir uşaq hər dəfə qollarını açıb üstümə gələndə için-için göynəyirəm. Dostumun tək yadigarının qarşısında çarəsizcəsinə susmaqdan savayı əlimdən bir şey gəlmir. Hansı ki, mən o uşağa: “…Sənin üçün atandan yazmışam…” demək istəyirəm. Balaca Şəfiqənin atasından. Bu gün yazacaqlarımdan qat-qat yüksəkdə duran şəxsiyyətdən – Siyavuş Bayramovdan.
Siyavuş elə nadir şəxslərdəndir ki, ayrılıqda bir-birinin əmin-asiman əksi olan kəslər ona eyni hörmət və ehtiramla yanaşırlar. Biz bunu onun sağlığında hiss edirdik, dəfnində isə bitib-tükənməz insan selində gördük…
Təxminən iyirmi beş il əvvəl kənddən rayona gəldiyim ilk aylarda tanıdım onu. Tutduğum kirayə evdən mərkəzə yolum onların evlərinin yanından keçirdi. O vaxtdan Siyavuş pofosla danışmazdı, fikrini təmkin və məntiqlə çatdırardı. Vətənpərvərliyini çoxları kimi şüar eləməyib sadəcə vətəni sevərdi. Ailədən gələn qürur, tərbiyə və özünün fitri mədəniyyəti ona xüsusi rəğbət qazandırmışdı.
Ali təhsilli mütəxəssis ola-ola illərlə işsiz qaldı. Nə davranışı dəyişdi, nə xasiyyəti. Istəsəydi bircə zəngə hər şey həll olunardı. O isə yaxın-uzaq kimsədən bunu istəməyib hamı kimi öz problemini özü yaşadı. Sayılıb-seçilən ailədən çıxdığını gözə çarpdırmazdı. Əksinə, hər yerdə hər kəsdən daha sadə, səmimi və təvazökar idi. Neçə-neçə illər övlad həsrəti çəkdi və nəhayət ona dünyaları gətirən balaca Şəfiqə dünyaya gəldi.
Onun xəstələnməsi təxminən mənim avtomobil qəzasından sonra ayaq açdığım ilk günlərə düşdü. Əslində evlərinə gedəcək qədər yaxın deyildik. Amma nəsə qəribə bir ərkyanalıqla Siyavuşa dəyməyə getdim. Indi həmin ziyarətin həyatımda ən doğru addımlardan biri olduğunu düşünürəm. Çünki, o gediş həm Siyavuş üçün, həm də ailəsi üçün gözlənilməz olduğu qədər xoş oldu. O axşam Siyavuşla ilk dəfə yorulunca söhbət etdik. Söhbət əsnasında onun canındakı ağrılardan sanki bir az xilas olduğunu hiss etdim. Çünki, qəzaya düçar olandan bəri yaxın bir dostla görüşəndə özüm də təxminən eləcə yüngülləşirdim. O saatlarda isə bütün ağrılarımı unudub sevimli, doğma bir insanı ürəyimə köçürməyə köklənmişdim.
Siyavuşun xəstəliyi təxminən iki-üç il çəkdi. Arıqlamışdı, zəif idi, amma son illərdə tapdığı işdən qalmırdı. Üzündə mülayim təbəssüm, canında sərt ağrılar sağlam vaxtlarında olduğu kimi çalışırdı. Ətrafına yığılan fəhlələrə hörmətlə, qayğı və anlayışla yanaşırdı. Yalnız işçilərəmi? Siyavuşun işçilərinin təmir apardığı parkdan keçmiş ev sahibəmgilin suyu kəsilibmiş. Onun xəstəliyindən xəbərdar yaşlı qadın gedib yana-yana deyib ki: “Eh, sizə nə deyim ki… Siyavuş burda olsaydı, kimsə mənim suyumu kəsə bilməzdi. Birdən Siyavuş gülə-gülə yaxınlaşıb deyib ki: ”Qorxma, Ceyran xala, mən oldum-olmadım, kimsə sənin suyuna toxunmayacaq. Qadın o qədər kövrəlib ki, dolmuş gözlərini görməsin deyə ona ürəkli dil-ağız da edə bilməyib. – “Mən oldum-olmadım”, deyib… Siyavuş həyatının sonuna az qaldığını bilirdi. Bu az vaxtda görüləsi çox işi olduğunu da.
Atadanqalma evlərində ailəsi ilə o yaşayırdı. Evin çırağını yandıran yeganə oğul kimi. Uzun illərdə o evin görünüşünə xələl gətirəcək bir dəyişiklik edilmədi. Bayramovlar sadə və səliqəli tikilini olduğu kimi qoruyub saxladılar. Amma indi… Qarşıdakı mərasim üçün bəzi zəruri təmirlər aparılmalıydı. Belə acı həqiqəti adi bir cümlədə yerləşdirmək çox əzabvericidir, amma bu dərdin başqa cür ifadəsini tapa bilmədim. Siyavuş tələsirdi… Həmin o hazırlığı görmək üçün olan-qalan gücünü səfərbər edib işləyirdi. Əlində tonlarla tikinti materialı ola-ola təmir üçün lazım olan hər şeyi satış yerlərindən hissə-hissə öz maaşına alırdı. Çünki dürüstlük və halallıq onun əbədi həyat tərzi idi… Siyavuşun ağrıları dözülməz hala gəlmişdi, o yenə işə çıxırdı. Işçilərin məvacibi gecikməsin deyə, əlindəki yarımçıq işləri bitirsin deyə. Kişilik və ləyaqət bir yerdə olanda başqa cür etmək olmurmuş.
Siyavuş icazə versəydi hərəsi bir bir məslək, ailə sahibi olan bacıları onu heç olmasa xəstə olduğu müddətdə bütün qayğılardan azad edərdilər. Həm də, borc-xərc etmədən buna imkanları, gücləri çatardı. Amma o hətta bu halda belə həyatındakı son vəzifəsini özü yerinə yetirib.
Siyavuşun yasına tünlük olmayan günlərin birində getdim. Bir zaman xəstə ziyarətinə getdiyim ümidlə deyil, qəlbimdəki dərin və ağrılı boşluqla… Balaca Şəfiqə anasına və bibilərinə xəbər verdi: “Atamın dostu gəldi…”
Siyavuşla davamlı dostluq etdiyimi deyə bilmərəm. Aramızda uzun illərin tükənməz xətir-hörməti olub. Bu münasibətin əsil dostluqla nə qədər əlaqəsi olduğunu da bilmirəm. Amma onun dostu olmaq məndən ötrü çox böyük şərəf olardı. O məsum və dəyərli varlığın dilindən bunun təsdiqini eşitdiyim an onsuz da kövrəlib himə bənd olan canımda fırtınalar qopdu…
Dözülməz ağrıların məngənəsində belə, yıxılmadan həyatına davam edib. Əsasən zərif cinsdən olan doğmaları onu itirməyin sonsuz əzabını vaxtından əvvəl yaşamasınlar deyə. Heç ölümü yataqda qarşılamazdı da, ayaqda durmağa fiziki gücü qalsaydı. Həftələrlə uzanası bu möhlət də sanki tam onun tərziylə cəmi doqquz günə başa çatıb.
Ilıq yaz havalı o son günlərdə yaman darıxırmış. Bir dəfə kompüterdən nəsə oxuyub gülümsəyəndə səbəbini soruşublar.
– Nazlını oxuyuram, deyib. Şəfiqə atasına sual verib:
– Nazlı kimdir? Atası: – Nazlı mənim dostumdur, deyib…
Sənin dostun olmaq qədər böyüdümmü mən? Bu vaxta kimi sözümə və özümə bundan səmimi dəyər verilməyib. Bütün həyatım boyu bu dəyəri qorumağa çalışacam, böyük insan, əziz Dost…