Allahşükür Paşazadə: «Qafqaz müsəlmanları Rusiyanın IŞID-in məhv edilməsinə yönələn əməliyyatlarını dəstəkləyir»
Elxan Şahinoğlu: «Paşazadə bu fikri bildirməklə faktiki tərəf tutur»
Azərbaycan hakimiyyəti hələlik Suriyada baş verən hadisələrlə bağlı rəsmi mövqe açıqlamayıb. Rusiyanın bu ölkədə apardığı hərbi əməliyyatlara da Azərbaycan münasibət bildirməyib. Amma buna baxmayaraq hakimiyyətdə kifayət qədər nüfuz sahibi olan şəxslər məsələyə münasibət bildiriblər.
Qafqaz Müsəlmanları Idarəsi (QMI) Rusiyanın Suriyada “Islam Dövlətinə” (IŞID) qarşı apardığı hərbi əməliyyatları dəstəkləyir.
“QMI Rusiyanın Suriyadakı əməliyyatlarını dəstəkləyir”
Bu barədə Qafqaz Müsəlmanları Idarəsinin (QMI) sədri Allahşükür Paşazadə bildirib: “Bu gün xaricdən və ya daxildən müəyyən qüvvələrin yaydığı dini fanatizm və radikalizmə müqavimət göstərmək olduqca vacibdir. Onlar bizim məkanı növbəti hədəf kimi görürlər və sabitliyimizə təhdid yaradan terrorçuların planlarını pozacaq qabaqlayıcı tədbirlərin görülməsi vacibdir”.
Onun sözlərinə görə, Qafqaz müsəlmanları Rusiyanın beynəlxalq terrorla mübarizəsini, öz əməlləri ilə Islamı terror, vandalizm, zorakılıq ilə əlaqələndirərək, onu dünya ictimaiyyətinin gözündən salan IŞID kimi bəlanın məhv edilməsinə yönələn əməliyyatlarını dəstəkləyir.
“Ekstremizm və radikalizmə yalnız dövlətlərin, ictimai-siyasi xadimlərin və dini qurumların birgə səyləri vasitəsilə müqavimət göstərmək mümkündür”,- QMI sədri əlavə edib.
“Rusiyanın Suriya hadisələrinə müdaxiləsi tamamilə yeni bir səhifə açdı”
Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, deputat Aydın Mirzəzadə ÿisə “Bizim Yol”a müsahibəsində bildirib ki, region beynəlxalq siyasətin gündəmində narahat xəbərlərlə gündəmə gəlir. Əvvəl Iraq əməliyyatı, ardınca “ərəb baharı” prosesləri, ardınca IŞID təhlükəsi region məsələlərini daim gündəmdə saxlayır: “Iraqda və Suriyada gedən vətəndaş qarşıdurması sonda IŞID kimi bir təhlükənin ortaya çıxmasına səbəb oldu. Görülən fəaliyyət nəinki həmin təhlükəni məhdudlaşdırdı və yox etdi, əksinə, daha da genişlənməsinə səbəb oldu. Ancaq Rusiyanın Suriya hadisələrinə müdaxiləsi tamamilə yeni bir səhifə açdı. Bir-birinin ardınca IŞID-in dayaq məntəqələri məhv edilir, bu terror qruplaşması zəiflədilir, Suriyanın hökumət qüvvələri isə daha çox ərazini öz nəzarəti altına salmağa çalışır. Suriyada baş verənlər o ölkənin daxili işidir. Ancaq IŞID təhlükəsi artıq Suriya ilə məhdudlaşmır, region və dünya problemi kimi görülməlidir. Rusiyanın bu prosesə müdaxiləsi onun supergüc dövlətlərdən biri və orada böyük maraqları olduğunu bir daha ortaya qoyur. Rusiya hərbi münaqişədə iştirak etməklə gələcəkdə də burada iştirak faktorunu möhkəmləndirmək istəyini göstərir. Suriya Prezidentinin Moskvaya səfəri və dövlət başçılarının görüşü bu iki dövlətə aid olan məsələdir”.
Bu açıqlamalar necə dəyərləndirilməlidir? Bir müddət sonra elan olunan mövqelər Azərbaycan hakimiyyətinin mövqeyinə çevrilə bilərmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, A.Mirzəzadə millət vəkili kimi hakimiyyətin siyasi kursu ilə müəyyən dərəcədə üst-üstə düşməyən fikirlər səsləndirə bilər. Amma QMI sədrinin açıqlaması bu baxımdan diqqət çəkir. E.Şahinoğlunun sözlərinə görə, nə prezidentin, nə də Xarici Işlər Nazirliyinin Suriyada baş verənlərlə bağlı mövqeyi yoxdur: “Rəsmi Bakı hələlik neytral mövqe sərgiləyir. Amma Paşazadənin bəyanatı müəyyən fikir ayrılığı yaradır. Belə baxanda Suriyada hazırda məzhəb savaşı gedir. Bir tərəfdə Rusiya, Iran, Iraq dayanır. Digər tərəfdə isə sünni blokudur. Səudiyyə Ərəbistanı, Qətər və Türkiyədir. Paşazadə bu fikri bildirməklə faktiki tərəf tutur. Hamı terrorçuların neytrallaşdırılmasını istəyir. Amma Rusiya terrorçuları məhv etməklə Əsədə dəstək verir”.