Gömrüklə bağlı fərman qeyri-müəyyənliklərlə doludur
Bu hakimiyyətin dövründə bir dəfə də olsun normal, vətəndaşın rifahına hesablanmış, kasıb təbəqənin yükünü azaldacaq sərəncamların, qərarların şahidi olmadıq. Əksinə, süründürməçilik, inhisar, süni qiymət artımı, Qanunsuz ödəniş tələbi və digər neqativlərlə üz-üzə qaldıq.
Indi ölkədə sosial-iqtisadi vəziyyət daha da ağırlaşır, kütləvi narazılıq hökm sürür, iş adamları ölkədən qaçır və s.
Belə bir məqamda hökumət yenə də həqiqi islahatlar aparmaq, vətəndaşı zülmdən xilas etmək haqqında düşünmür. Sadəcə olaraq imitasiya, yarımçıq sərəncamlar görürük. Heç kimə sirr deyil ki, bu ölkədə bütün sahələr iri məmurların monopoliyasındadır və gömrükdən hər hansı məhsulu keçirə bilmək uğur sayılır.
Iki gün öncə ölkə başçısı Ilham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədarÿ bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzaladı. Fərmana əsasən, fiziki şəxslərin Azərbaycanın gömrük ərazisinə gətirdiyi və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhəddindən keçirilə biləcək.
Əvvəla, qeyd edək ki, 22 ildən sonra belə bir fərmanın imzalanmasını, böyük islahat kimi təqdim etmək gülüncdür. Çünki, ölkədə monopoliyanın ləğvi, gömrük sahəsində yoxlamaların qanuni şəkildə olması üçün hər hansı fərmana ehtiyac yoxdur.
Ikincisi, bu fərmanın mətni də gülünc və şikəstdir. Yəni bu fərman kommersiya, istehsalat məqsədilə ölkəyə gətiriləcək məhsullara şamil olunmur. Aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisnadırsa, bəs hansı malları gətirmək olar? Bunun harası islahat oldu? Vəziyyət o qədər qeyri-ciddi hal alıb ki, hökumətin mövqeyini dəsətəkləyən iqtisadçılar da hansı məhsulların rüsumdan azad edilməsi haqqında bilgiyə sahib deyillər.
Ölkəyə 2 kilo banan keçirmək mümkün deyil, azad rəqabət mühiti məhv edilir, xırda sahibkar gömrük məntəqəsində qanunsuz ödənişlərlə üzləşir və belə bir şəraitdə yarımçıq bir fərman imzalanır.
Əgər vətəndaş zəruri ehtiyaclarını ödəmək üçün aldığı məhsulları, avtonəqliyyat vasitələrini rüsumsuz keçirə bilməyəcəksə, irəliləyiş nədə ifadə olunur?
Niyə ölkə başçısının fərmanında konkret olaraq monopoliyaların ləğvi nəzərdə tutulmur?
Göründüyü kimi, “bəzi yoxlamaların sadələşməsi” deyəndə, yenə də oliqarxların maraqlarına toxunulmur. Çünki, məqsəd sadə vətəndaşa “yaşıl işıq” yandırmaq yox, imitasiya etməkdi.
Üstəlik, bu fərmanın nə vaxt qüvvəyə minəcəyi, nə vaxt yeni şərtlərin tətbiq olunacağı məlum deyil.
Bir sözlə, məlum fərmandan sonra yenə də əvvəlki “qadağa”lar qüvvədə qalacaq. Sadəcə olaraq məcburiyyət qarşısında qalıb, kövrək addım atmaq qərarına gəliblər.
Samir