Bu gün MTN-lə bağlı ortaya çıxan faktlar bir dövləti çökürdəcək, bir rejimi yıxacaq faktlardır. Burası ayrıca olaraq, dönə-dönə vurğulanmalıdır: bu gün MTN-lə bağlı ortaya çıxanlar çox az adam üçün sürpriz sayıla bilər. Jurnalistlər, siyasətlə ilgilənənlər, toplumun böyük çoxluğu üçün bunlar sürpriz deyil, korrupsioner rejim görsənişləridir. Biz illərdən bəri ölkədə rüşvətin-korrupsiyanın-oğurluğun-soyğunçuluğun-monopoliyanın DÖVLƏT SIYASSƏTINƏ dönüşdürüldüyünü yazdıq. Bu gün MTN-lə bağlı ortaya çıxan açıq cinayət-banditizm faktları bunların biri, bir neçəsi deyil, hamısı-toplusudur!
Ulusal Güvənlik faktoru
MTN deyəndə, yazanda adama elə-belə gəlir. Bu, MILLI TƏHLÜKƏSIZLIK NAZIRLIYI deməkdir. Ərəbcədən öz dilimizə – sevgili türkcəmizə çevirsək, bu, ULUSAL GÜVƏNLIK BAXANLIĞI deməkdir (inanıram, haçaqsa belə də adlandırılacaq!). Indi ortaya çıxan faktlara baxın, görün ortada bircə dənə ulusal güvənlik-güvənmə faktı varmı? Yoxdur! Güvənliyimizi qorumalı olanlar güvənliyimizin altına çoxunun səsi illərlə çıxacaq çoxlu minalar qoyublar. Ən azı, indi sözügedən qurumda köklü dəyişiklik etməklə itkilərin yarısındansa da qayıtmaq, bu yolla sonrakı bir çox itkilərdən-uğursuzluqlardan sığortalanmaq olardı. Ancaq elə indiki gəlişmələrdən açıq görünür: yarımçıq addımlar, indiyədək olduğu kimi, necə gəldi kadr siyasəti, daha doğrusu, ailə-klan gərəklərinə bağlı kadr siyasətləri ilə işi tez-tələsik ört-badır etməyə çalışırlar.
Bunu istər MTN adından yayılan, istərsə də Prezident Aministrasiyasından qaynaqlanan bir sıra informasiyalardan, başlıcası da Strateq.az saytının yaydığı dezinformasiya xarakterli informasiyadan açıq görmək olar. Çoxlarının unutduğu bir fakta ayrıca toxunub, deyilən informasiyalara qayıdacam. Beş-altı il qabaq MTN-in yan-yörəsini tikinti materialları ilə doldurub böyük təmir işlərinə başladılar. Bu təmirin neçə ay, neçə il çəkdiyini deməyə gərək yoxdur; indilik bizim üçün başlıcası bu deyil. Başlıcası o çağkı Iqtisadi inkişaf naziri Heydər Babayevin MTN-dəki təmir faktı ilə bağlı basın toplantısı keçirib jurnalistlərə “dövlət gizlinini” dağıtmasıdır. H.Babayev onda demişdi: “MTN-in təmirinə 38 milyon manat pul ayrıldı, MTN bütünlüklə təmir edildi, təmir bitəndən sonra… MTN-in təmirinə yenidən 40 milyon manat pul ayrıldı. Bu nə deməkdir?” 38 milyon manatlıq təmir başa çatandan sonra… 40 milyon manatlıq “təmir” ayırması! H.Babayev bunun nə demək olduğunu “anlamadığı” üçün… onu yubanmadan nazir postundan uzaqlaşdırdılar, sonra da bütün biznesini bütünlüklə əlindən alıb quru yerdə qoydular. H.Babayevin ondakı suçu nə idi? Dövlət büdcəsinin gözgörəti dağıdılmasına dözümsüz yanaşması!
Informasiya yerinə dezinformasiya
Indi MTN adından yayılan informasiyada hansısa qəzetlərin (görünür, “Azadlıq” qəzetinin) böhtan, ləkələmə yoluyla MTN-ə qara yaxmağa çalışıldığından danışılır. Bununla da özlərini gülünc yerinə qoyur, qaş qayırmaq istəyirkən vurub gözü də çıxarırlar. Bir yandan özləri Eldar Mahmudovla bəlli bandasının – general-polkovnik dəstəsinin MTN-ni milli təhlükə nazirliyinə çevirdiyindən danışırlar, o biri yandan kimlərisə, deyək, “Azadlıq” qəzetini MTN kimi ŞƏRƏF-ŞÖHRƏT ordenləri ilə bəzədilmiş bir qurumu gözdənsalma-ləkələmə çalışmalarında suçlayırlar. Absurd deyilmi? Bu nə ağıl, bu nə düşüncə?! MTN nə kənd təsərüfatı nazirliyidir, nə də idman nazirliyi. Ulusal güvənliyimizin qorunması baxımından MTN bizim hamımızın üstündə böyük istəklə əsəcəyimiz bir yerdir. Ancaq, görünür, kimlərsə MTN-in ən azı yarım bandotdel kimi qalıb bu xalqı indiyədək olduğu sayaq qorxu altında saxlamasını istəyirlər. Biz bunu istəmirik. Biz MTN-in bütünlüklə, köklü olaraq dəyişərək hamımız üçün gerçəkdən ULUSAL GÜVƏNLIK faktoruna çevrilməsini istəyirik. Bu isə yalançı-yarımçıq addımlarla, bir addım irəliyə, iki addım geriyə siyasətlərlə baş tutacaq iş deyil. Siyasi sistemin köklü reforması başda olmaqla kompleks işlər görülməlidir. Kimlərsə prezidentin “qətiyyətli” addımlar atmalı olduğunu yazırlar. Prezident özü faktiki olaraq başında durduğu siyasi sistemin girovuna çevrilibsə, o hansı “qətiyətli” addımı ata bilər? Prezident olan kimsə indiki durumda yalnız bunu düşünməlidir: belə gedə bilməz, köklü dəyişiklik edilməlidir! Bu deyilmirsə, ortada belə bir düşüncə faktı yoxdursa, kimi istəyirsiz MTN-in başında oturdun, onun qarşısında iki yol olacaq: 1)korrupsiya komandasına qatılmaq; 2)kəsinliklə korrupsiya komandasına qarşı çıxmaq. Üçüncü yol yoxdur.
Indi kimlərsə PA-da uzun illərdən bəri hüquq orqanlarını kurasiya edən Fuad Ələsgərovun MTN-ə başçı gətirilməsi üçün kampaniya aparırlar. Belə çıxır, biz illərlə MTN-də baş verən cinayətləri bilirkən F.Ələsgərov bilməyib, buna görə də onu MTN-in başına gətirmək gərəkdir. Başqa bir qrup DIN başçısı Ramil Usubovu MTN-ə “layiqli namizəd” sayır. Polisdə geniş yayılmış rüşvət-korrupsiya, adamların döyülüb öldürülməsi kimi faktlar nəyə görəsə unudulur…
DÖVLƏT MEXANIZMI faktoru
MTN-də indi ortaya çıxan cinayət fakları ən aşağılardan ən yuxarıyadək hamıya bəlli idi. Başqa dövlət qurumları kimi MTN-də illərlə korrupsiya-banditizm yuvası olaraq özünü göstərib. DÖVLƏT MEXANIZMININ işləməməsi üzündən, daha doğrusu, bu mexanizm bütövlükdə korrupsiya mexanizminə çevrildiyindən işə qarışmalı, cinayətlərin qarşısını almağa görəvli olanların hamısı illərlə susqunluq sərgiləyib. Illərlə! Strateq.az saytından yayılan informasiyaya görə, prezident baş verənləri bir neçə ay qabaqdan bilib, biləndən sonra uyğun “tədbirlər” görməyə başlayıb. Bizim illər öncəsi bilib yazdıqlarımızı prezidentin bir neçə ay qabaq bilməsi ağ yalandır. Bu yerdə ən azı Aqil Xəlil-Akif Çovdarov-Strekalin faktı danılmazdır. O çağlar iş “Azadlıq”ın əməkdaşı Aqil Xəlili MTN polkovniki A.Çovdarovun boğmasından, ta bir gündə bir çox telekanallara çox asanlıqla yol tapan “qoluboy ekran”adək gedib çıxmışdı. Aqil Xəlilin suçu nə idi? O, zeytun bağını qırıb yerində villa tikən A.Çovdarovu cinayət başında yaxalamışdı. Gənc jurnalist Aqil Xəlil prezidentin “yaşıllıqları qıranları qıracam” qorxutma – çıxışına güvənərək MTN polkovnikinin törətdiyi qanunsuzluğa qarşı çıxmışdı. Gənc jurnalist! A.Çovdarov rejim prinsiplərinə uyğun olaraq susub geri çəkilməsi üçün gənc jurnalistə 3 min dollar rüşvət vermək istəmişdi. Aqil bəy pulu geri çevirəndən sonra MTN bütün televiziyalara özünün tez-tələsik düzüb-qoşduğu “Strekalin” kinosunu çıxarmışdı. MTN-in basqılarına dözməyərək ölkədən gedən Aqil Xəlil indi Fransada yaşayır. Bütün bunları biz çağında “Azadlıq”da yazmışıq. Yazmışıq, özü də yetərincə.
Rejimin çevrə saytları
Azərbaycan basınının 140 illiiyi ilə bağlı, gerçəyi qoyub yalanı yazan jurnalistlərlə görüşən I.Əliyev çevrəsinin onu aldatdığını, buna görə ölkə gerçəklərini saytlardan öyrəndiyini bildirdi: Çevrəsi I.Əliyev aldadırsa, o, ölkə gerçəklərini yazan “Azadlıq” qəzetini oxumalıdır. Oxumur – acığı gəlir. Olsun, bizim də nələrdənsə, kimlərdənsə acığımız gəlir. Ancaq biz prezident deyilik, prezident olmadığımız üçün də çevrəmizdə yalançıların olmasına dözə bilərik, “Azərbaycan”, “Xalq qəzeti” kimi dövlət qəzetlərinin yalan-yaltaqlıq qəzetlərinə çevrilmələrinə göz yuma da bilərik. Prezident bunu edə bilməz. Edə bilməz – birinci özünü, ikinci dövləti yalan-yaltaqlıq kimi eybəcərliklərdən qorumaq üçün!
Yuxarıda sözügedən sayt I.Əliyevin MTN-lə indi baş verənlərə çoxdan start vermək istəyini bildirir. “Elə-belə, təsadüfən bu işə Astana görüşündən sonra start verilib”. Bu da bizim yazdıqlarımıza reaksiya olaraq ortaya atılan yalandır. Sahibkarlığı qorumağla bağlı deyilənlər də eləcə yalandır. Birinci, qərar bizim ilkin günlərdən yazdığımız kimi, tez-tələsik verilməmişdisə, hakimiyətin, ən başlıcası, Prezident Administrasiyasının açıq-aydın çaşqınlığı nə deməkdir? Aradan bir həftə keçib, Baş prokurorluq, Prezident Administrasiyası hələ indiyədək ortaya düşünülmüş, ölçülü-biçili, eləcə də inandırıcı informasiya çıxarmayıb. Bircə fakt: bir yandan Mədət Quliyevin MTN-ə birinci müavin gətirildiyi bildirilir, o biri yandan birinci müavin Hilal Əsədovun iş başında olduğu deyilir. Arxada qoyduğumuz yeddi-səkkiz gün buna bənzər faktlarla doludur. Qabaqcadan düşünülmüş, planlaşdırılmış nəsə olsaydı belə toqquşan, biri o birini danan informasiyalar da olmzadı. Ən başlıcası, qabaqcadan düşünülmüş, planlaşdırlmış “əməliyat-axtarış tədbirləri” olsaydı, qabaqcadan düşünülməklə ortaya uyğun informasiya-bildirgə çıxarılardı.
Ilkin yazımda (“Azadlıq”, 19.10.2015) 2005-ci ildə F.Əliyevlə Ə.Insanovun tutulması faktına toxunmuş, işdə yenə də Putinin barmağı ola biləcəyini demişdim. Görünür, “Azərbaycan müstəqil dövlətdir, biz müstəqil siyasət yürüdürk” ritorikası ilə bir araya sığmadığından Putin faktorunu danma gərəyi yaranır. “Müstəqil” dövlətin iki nazirini – F.Əliyevlə Ə.Insanovu – Putinin göndərdiyi KQB generalları Levedevlə Ruşaylo tutub qandallamışdı. Kimlərsə yazırlar: “Eldar Mahmudov heç vaxt Qərbin adamı ola bilməzdi, o, milliyyərcə rus Zinaida xanımın oğludur və Azərbaycan Milli Təhlükəsizlik naziri idi”. Ortada bizə bəlli fakt olmadığından E.Mahmudovun Batıyamı, başqa bir dövlətəmi işləyib-işləmədiyini deyə bilmərik. Buradakı “anası rus” tutarqasını isə yersiz sayırıq. Bir çağlar Putinin də şefi olmuş, ata-anası rus KQB generalı O.Kalugin indi Amerikada yaşayır. KQB polkovniki, ata-anası rus A.Litvinenko bir sıra faktlarla birgə Ingiltərəyə sığınmışdı. Ata-anası rus, uzun illər KQB arxivinin başında duran V.Mitroxun gizlicə çıxardığı arxiv materialları ilə birgə qaçıb Londonda yaşayır. Cinayətkarın milliyəti olmadığı kimi, satqının da milliyəti olmur – kimliyindən asılı olmayaraq. Ulusunu, Ölkəsini, Dövlətini satanlar qabaqca pula satılmış olurlar. Korrupsiyanın özü də xırda rüşvətdən başlayır.
Çıxış yolu: demokratik yönətim!
MTN-çilər başda olmaqla uzağı 1500-2000 manat aylıq alan dövlət qulluqçularının, onların törəmələrinin 150-200 minlik avtomobilləri, 4-5 milyonluq vilaları özlüyündəcə satqınlıq-dönüklük görsənişləridir. Belə görsənişlərin tək-tək olması, bəlkə də, çox da qorxulu deyil, ancaq onun bizdəki təki geniş yayılması olduqca qorxuludur. Bu, bir daha demək gərəkir: korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ dönüşməsi görsənişidir. Bu görsənişdən yalnız siyasi sistemi dəyişməklə qurtulmaq olar. Bundan ötrü qarşıdan gələn parlament seçkisi başda olmaqla bütün seçkilər doğru-düzgün, demokratik normalara uyğun keçirilməlidir. Böyük fransız filosofu Jan Jak Russo deyirdi: “Qanunverici orqan (parlament. – X.B.) dövlətin ürəyi, icra hakimiyəti onun başıdır”. Dövlətin ürəyinin də, başının da sağlamlığı, başarılığı onun legitimliyindən – legitimlik isə doğru-düzgün seçkidən keçir. Ölkədə gerçək, doğru-düzgün seçkilər olmadıqca ULUSAL GÜVƏNLIYIMIZ indiki kimi korrupsiya güvənliyi olacaq…
Biz professionalların, dəyərli kimsələrin gözdən salınıb dəyərsizləşdirildiyi, dəyərsizlərin görəvlə, mandatla dəyərləndirildiyi korrupsiya dövlətçiliyində yaşayırıq. MTN bu dövlətin orqanik qurumlarından biridir!
P.S.”Strateq” saytının yaydığı informasiyaya görə, ölkədə baş alıb gedən siyasi repressiyalardan I.Əliyevin “xəbəri olmayıb”, bu represiyaları gizlin olaraq Eldar Mahmudov MTN-i törədib. Nə böyük yalan! Prezident adını daşıyan I.Əliyev indiyədək yüksək tribunalardan müxalifətə, müxalifət jurnalistlərinə bir dənə də fakt göstərmədən dönə-dönə “antimilli qüvvələr”, “antimilli ünsürlər”, “vətəni satanlar”, “vətənə xəyanət edənlər”, “ermənipərəstlər” kimi yersiz damğalar vurub. Bu üzdən də yalnız MTN deyil, onunla yanaşı, polis, prokurorluq, məhkəmə orqanları müxalifətə, müxalifət jurnalistlərinə yağı kəsilib. Bütün bunların üstündən “yaxşı padşah” nağılı keçərsizdir. Indilikdə keçərli bir faktor var: korrupsiya-rtepressiya rejimindən biryolluq, kəsinliklə uzaqlaşmağa yönəlik siyasi sistem reformaları!