Məhəmməd Talıblı: «Dövlət başçısının gömrük sahəsində nəzarətin həyata keçirilməsilə bağlı fərmanı biznes sferasına əhəmiyyətli təsir göstərməyəcək»
Ölkədə yaranmış ağır iqtisadi durumdan çıxılması üçün ekspertlər müəyyən təkliflər irəli sürür. Eyni zamanda hökumətdən də müəyyən sahələrdə islahatlar aparacağı gözlənilir. Belə sahələrdən biri də gömrükdür. Dövlət başçısı Ilham Əliyevin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədarÿbəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanı bu baxımdan bir sıra suallar yaradır.
Çünki bu sahədə islahatların aparılması gözlənilsə də, qəbul olunan fərmanın yığılıb qalmış problemləri çözəcəyinə inam yoxdur. Fərmana əsasən, fiziki şəxslərin Azərbaycanın gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan malları (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilə biləcək.
Fərmandakı istisna xüsusilə diqqət çəkir. Vətəndaşlar gömrükdən aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla digər malları keçirə bilər. Amma qanunda bu məqamın yer alması bir sıra suallar yaradır.
Iqtisadçı Məhəmməd Talıblı fərmanın biznes sferasına əhəmiyyətli təsir göstərəciyini düşünmür. O, qərarların fiksal məqsəd daşıdığını deyir. M.Talıblının sözlərinə görə, ölkənin xarici ticarət dövriyyəsi əhəmiyyətli sürətlə aşağı düşür, Dövlət Neft Fondundan (DNF) dövlət büdcəsinə transfertlər azalır, qeyri-neft sektorundan daxilolmalar xeyli zəifləyib. M.Talıblı bildirdi ki, belə bir iqtisadi şərtlər daxilində ölkədə qeyri-neft sektorundan daxilolmaları artırmaq bir zərurətə çevrilir: “Bu zaman isə sahibkarlıq subyektlərinin fəaliyyətinin genişlənməsi hesabına onların büdcə daxilolmalarına şərait yaratmaq vacib bir xətt olaraq meydana çıxır. Bu addım daha çox həmin zərurətdən doğub. Bir halda ki, qərarın məqsədi daha çox kiçik və orta sahibkarlıq üçün yaranmış maneələri aradan qaldırmağa hesablanıb, o zaman qeyd olunan məbləğ həcmində idxaldan böyük gəlir götürmək mümkün deyil. Birinci səbəbi idxal olunan malların məbləğinin aşağı həddə olması ilə bağlıdır. Tutaq ki, Naxçıvandan və Biləsuvar keçid məntəqələrindən heç bir rüsum ödəmədən həmin vətəndaşlar aldıqları malları ölkəyə gətirə biləcəklərmi? Bu sual açıq qalır. Üçüncüsü, sahibkarlığın problemi yalnız gömrük proseduraları da deyil axı…”
M.Talıblı onu da qeyd etdi ki, ucuz maliyyə resurslarına çıxış imkanının olmaması, istehsalatda və idxalda inhisarçılığın birmənalı olması, dövlət qurumlarının sahibkarlara inzibati müdaxiləsi və s. səbəblər onların inkişafını xeyli ləngidir.
Xəyal