Məhəmməd Talıblı: «Vergi bazasının genişləndirilməsi Neft Fondundan transfertlərin azalmasına görə edilir»
Vergilər Məcəlləsində baş verəcək dəyişikliklər ictimaiyyəti daha dərindən narahat edir. Ölkədə iqtisadi durumun ağırlaşdığı bir zamanda tətbiq ediləcək yeni qaydalar onsuz da ağır günlərini yaşayan sahibkarlar üçün uğurlu perspektiv vəd etmir. Mövzu ilə bağlı bu və başqa sualları iqtisadçı Məhəmməd Talıblıya ünvanladıq. Müsahibədə Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərin bütün bəndlərini təfsilatı ilə dəqiqləşdirməyə çalışdıq:
– Məhəmməd bəy, vergilər sahəsində son təklif olunan dəyişiklər haqqında nə deyə bilərsiz?
– Əvvəla qeyd edim ki, Vergilər Məcəlləsində bəzi dəyişikliklərə hazırlıqla bağlı prosedur uyğunsuzluqlar var. Bu uyğunsuzluq ondan ibarətdir ki, Vergilər Məcəlləsində baş verəcək dəyişiklər dövlət büdcəsinin gəlir hissəsinə təsir edəcək. Biz isə xərclərimizi gəlirlərimizin səviyyəsinə nisbətdə müəyyənləşdiririk. Yəni gəlirlilik səviyyəmizin həcminə baxanda xərcləri hansı həddə qədər artırmağın sərhədlərini dəqiqləşdiririk. Amma bizdə dövlət büdcəsinin parametrləri dəqiqləşir, həmin istiqamətlər üzrə parlamentdə müzakirələr aparılır, sonra isə Vergilər Nazirliyi xətti ilə onun gəlirlər hissəsinə korreksiyalar edilir. Bu büdcə balansının dəyişməsinə səbəb olacaq. Bu dəyişiklilərdə bir neçə maraqlı istiqamət var. Bunlardan biri, vergi yığım əmsallarının dəyişdirilməsi ilə büdcə daxilolmalarına nail olunmaq əsas prioritet olaraq götürülür. Tutaq ki, vergiÿhüquqpozulmasına görə, maliyyə sanksiyalarının 5 dəfə artırılması (400 manatdan 2000 manatadək) buna əyani sübutdur.
Daha sonra əsas dəyişiklərdən biri mədən vergisinin artırılmasında baş verəcək. Bu zaman sadə vətəndaşlar düşünə bilər ki, bundan daha çox transmilli neft şirkətləri və ya digər iri şirkətlər narazı qalacaq, bu zaman onlar yanılırlar. Çünki, mədən vergisi neft və qaz sahəsinə, qızıl hasilatında çalışan xarici şirkətlərə tətbiq edilməyəcək. Bu dəyişiklik özündə o faydalı qazıntıları ehtiva edir ki, onların hasilatında yerli şirkətlər çalışır və onların gəlirlərində mədən vergiləri isə faizlərlə yox, dəfələrlə artırılacaq. Söhbət faydalı qazıntıların bəziləri, o cümlədən çınqıl, gil, barıt, qum, sement xammalı üzrə vergilərin 2 dəfə, mişar daşı üzrə vergilərin 4 dəfə artırılmasından gedir. Bu isə o demək olacaq ki, bütün bunların müqabilində tikinti materiallarının qiymətləri yüksələcək. O cümlədən mişar daşının, çınqılın, sementin qiymətləri artacaq.
Digər tərəfdən isə tikintidə vergi güzəştlərinin olması nəzərdə tutulur. Bütün bunlar yenə da tikinti materiallarında qiymət artımlarının qarşısını ala bilməyəcək. Çünki, yeni dəyişiklik layihəsinə görə, tikintidə güzəştlər yeni bina tikililəri inşa edən və həmin fəaliyyətdən gəlir əldə edən şəxslərə aiddir. Onlar yalnız sadələşdirilmiş vergi ödəyəcəklər.
“Hökumət ”pir” qələbələrinə ümid edir”
– Daha hansı vergi dəyişiklər nəzərdə tutulur?
– Müəllimlərin gəlirlərinin diferensiallaşdıırlması aradan qaldırılır. Deyək ki, 200 manatdan yuxarı əmək haqqı alan müəllimlərlə bağlı dəyişiklər nəzərdə tutulur. Əgər siz 250 manat əməkhaqqı alırsız, bu zaman ondan 140 manat çıxılır, yerdə qalan 110 manatın isə 14 faizi vergiyə cəlb edilirdi. Əgər dəyişiklər qəbul edilsə, 250 manatdan başlayaraq 2500 manatadək olanların hamısının əməkhaqqısından 140 manat çıxılaraq yerdə qalan vəsaitin 14 faizi məbləğində gəlir vergisi tutulacaq. Bu qərarın əvvəlki vergi dəyişikliyindən fərqi odur ki, əvvəllər daha çox əmək haqqı alan müəllim daha çox vergi ödəyirdi. Vergilər çıxıldıqdan sonra ona çatan gəlir daha az dərs deyən müəllimdən azca fərqli olurdu. Bu isə əlavə dərs yükü götürmək və daha çox çalışmaq motivasiyasını aşağı salırdı. Bu dəyişiklikdən sonra müəllimlərin daha çox çalışmaq və daha çox qazanmaq marağı stimullaşdırılması nəzərdə tutulur.
Dövlət büdcəsinin gəlir mənbələrinin daralması hökuməti ən ağlagəlməz iqtisadi fəaliyyət sahəsinin vergiyə cəlb olunmasına sövq edir. Söhbət idman mərc oyunlarından əldə edilən uduşlardan vergi tutulmasını özündə ehtiva edir. Bir neçə il idi ki, bu sahədən vergi alınmırdı, bu dəyişikliklərdən sonra həmin dar sahələri də 10%-lik vergi dərəcəsi ilə vergilərə cəlb olunacaq. Bundan ildə cəmi 25 milyon manat gəlir əldə ediləcək ki, bu da onu söyləməyə əsas verir ki, milyardlarla populist layihələrə vəsait sərf edən hökumət indi xırda-xuruş mənbələr axtarışına çıxararaq böhran büdcəsinin kəsir risklərini aradan qaldırmağa başlayıb. Necə deyərlər, başı kəsilən saçı üçün ağlamaz. Böyük gəlirlər ərəfəsində güclü vergi mənbələri yarada bilməyən hökumət “pir” qələbələrinə ümid edir.
“Vergitutmanın obyekti daha çox gəlir əldə edənlər olmalıdır”
– Daha hansı sahələri vergiyə cəlb etmək doğru olardı?
– Başa düşürəm ki, vergi bazasının genişlənməsi daha çox Neft Fondundan transfertlərin azalması üçün edilir. Dövlət büdcəsinin neftdən asılılığı azaldıqca bundan sonra vətəndaşların vergi ödəmə dərəcələri də artrılması əsas tendensiyaya çevriləcək. Bu, sadə vətəndaşlardan tutmuş zəngin təbəqəyədək bütün sosial qrupları əhatə edəcək. Adətən dünya təcrübəsində dövlət büdcəsinin kəsir həddinin böyüməməsi üçün daha varlı sosial qrupların vergiyə cəlb edilməsi üçün siyasət həyata keçirilir. Amma biz vergi bazasının genişlənməsini tutaq ki, vacib hesab ediriksə, o zaman onun benefitlərini və ünvanlanmış sosial qrupunu düzgün müəyyənləşdirməliyik. Söhbət ondan gedir ki, vergi vasitəsilə iqtisadi fəaliyyət elə tənzimlənməlidir ki, bu həm ədalətlilik anlayışına, həm də əlavə iqtisadi stimullara səbəb olsun. Bunların hər zaman qızıl ortasını tapıb qərar verməliyik. Yəni vergitutmanın obyekti daha həssas sosial qruplar yox, daha çox gəlir əldə edənlər olmalıdır. Məsələn, motor gücü deyək ki, 3500 kub sm-dan başlayaraq bahalı avtomobillərə vergi tətbiq oluna bilər. Yaxud elə mallar vardır ki, onlar ölkədə istehsal olunur, amma ondan daha bahalısı da idxal olunur. Aksiz məhsullarına (spirtli içkilər, siqaret və s. – red.) da tətbiq edilə bilər. Bahalı villalar və yüksək yaşayış sahəsi olan mənzillərə tətbiq edilə bilər. Bütün bunlar normal vergi siyasətidir. Çünki, belə bahalı mal və xidmətlərə yönəlik vergi siyasəti Avropa Birliyi ölkələrində, qardaş Turkiyədə belə tətbiq olunur. Onlarda “Xüsusi Istehlak Vergisi” adı altında həyata keçirilən bu vergi növü daha çox gəlir dağıtımı üçün effektiv tənzimləmə mexanizmi sayılır. Yuxarıda qeyd etdiyimiz məsələn, bahalı mal və xidmətlərdən istifadə ilə bağlı onlara vergi öhdəlikləri müəyyənləşdirilir. Daşınmaz əmlaklar və bahalı avtomobillərə vergilər tətbiq olunur.
Xəyal