Etibar Əhmədov hərbi hissə komandirinin göstərişi ilə fermasının basqına məruz qaldığını deyir
Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Izlivnoy küçəsi, ev 7 ünvanında yaşayan Əhmədov Etibar Söhbət oğlu “Azadlıq”a müraciət edib. Etibar Əhmədovun sözlərinə görə, fermer təsərrüfatı ilə məşğul olur: “2003-cü ildən Abşeron rayonunun Pirəkeşkül qəsəbəsində fermer təsərrüfatım var. Abşeron rayonunun ərazisində icra hakimiyyətilə müqavilə əsasında 100 hektarlıq yer götürmüşəm. Orda iri və xırdabuynuzlu mal-qara saxlayıram. Ərazidə ferma və çobanların yaşaması üçün 1 və 2 otaqdan ibarət evlər var.
2010-cu il oktyabrın 3-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “ZIL 131″ markalı avtomobillərlə gələn 20-25 nəfər hərbçi mənim fermama basqın edib. Onlar fermanı da, çobanların evlərini də darmadağın ediblər. Apardığım araşdırma zamanı bəlli olub ki, mənə məxsus ferma və evlərin dağıdılması göstərişini ”N” saylı hərbi hissənin komandiri olmuş Hikmət Həsənov verib. Hikmət Həsənova isə bunu Salyan rayonunda fermer təsərrüfatı ilə məşğul olan Durəsən Sadayev adlı şəxs sifariş verib. Bu şəxsin icra hakimiyyətilə rəsmi müqaviləsi olmadığı üçün mənim ərazimə göz dikib. Durəsən Sadayev öz mal-qarasını həmişə və elə indi də həmin ərazidə olan hərbi hissə və poliqonların ərazilərində otarmaqla məşğuldur. Əvvəllər general Rövşən Əkbərovun komandiri olduğu “yaşıl şəhərcik” ərazisindən istifadə etdiyi və beləliklə, generalın sürücüsü ilə dostlaşdığı bildirilir”.
Etibar Əhmədovun sözlərinə görə, məsələ ilə bağlı Xızı Rayon Polis Şöbəsinə müraciət edib. Polis şöbəsi məsələni araşdıraraq baş verənlərdə cinayət tərkibinin olmadığı qənaətinə gəlib. Bundan sonra Etibar Əhmədov Baş Prokurorluğa müraciət edib: “Prokurorluq Xızı Rayon Polis Şöbəsinin qərarını ləğv edib. Işdə hərbi qulluqçular iştirak etdiyi üçün araşdırılması üçün Hərbi Prokurorluğa, oradan isə Sumqayıt Hərbi Prokurorluğuna göndərilib. Istintaqın gedişi zamanı hərbi hissə komandiri polkovnik Hikmət Həsənov məni zərəçəkmiş tərəf kimi yanına çağıraraq dəymiş zərərin əvəzi kimi 25000 manat pul təklif edib. Bu, Pirəküşkül qəsəbəsində yerləşən ”Avropa” kafesində baş verib. Lakin mən razılaşmadım. Çünki müstəntiqin iştirakı ilə dəymiş zərərin hesablanması üçün komissiya təşkil olunmuşdu. Hesablamalar nəticəsində mənə 60-70 min manat civarında zərər dəydiyi müəyyən edilmişdi. Mən də Hikmət Həsənova təklif etdim ki, heç olmasa ziyanın yarısını ödəsin. Lakin o razılaşmadı. Bundan sonra da istintaq sanki dalana dirənib. Mən vəziyyəti belə görüb əvvəlcə Prezident Administrasiyası şöbə müdiri general Məhərrəm Əliyevin qəbulunda oldum. Daha sonra hərbi prokuror cənab Xanlar Vəliyevin qəbuluna getdim. Iki dəfə də Hərbi Prokurorluğun istintaqa nəzarət şöbəsinin rəisi polkovnik Mahir Əliyevin qəbulunda oldum”.
Etibar Əhmədovun sözlərinə görə, bu qəbulların da nəticəsi olmayıb. O, daha sonra Şamaxıda baş prokuror Zakir Qaralovun qəbuluna gedib: “Baş prokuror məsələdən məlumatlı olduğunu dedi. Söz verdi ki, prokuror Xanlar Vəliyevə ciddi tapşırıq verəcəkdir.
2015-ci il iyulun 8-də isə prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyevin qəbulunda oldum. O, səmimi etiraf etdi ki, bu işdən ötrü mən hərbi prokurora söz demək istəmir.
Bütün bu rəsmi qəbulların nəticəsi olaraq Hərbi Prokurorluqda Mahir Əliyevin kabinetində olarkən o, əsəbi halda üstümə hücum çəkərək yenidən şikayət etdiyimə görə məni yumuruqla vurmaq istədi. Yaxşı ki, yanımda tanışım Kamal kişi vardı. O Mahir Əliyevi tutub saxladı. Sakitləşdikdən sonra bildirdi ki, Hikmət Həsənov cinayət törədib. Amma neyləyə bilərik, ordumuzun belə zabitlərə ehtiyacı var. Bizdə hazırda hərbi kadr çatışmazlığıdır. Bu səbəbdən ona cəza verə bilmərik”.