Fuad Qəhrəmanlı: «Qərb Azərbaycanda siayasi məhbusların sayının artmasını durdurmaq üçün sanksiyalardan başqa çıxış yolu qalmır»
ABŞ dövlət katibinin keçmiş köməkçisi, “Freedom House”un keçmiş rəhbəri, hazırda isə ABŞ Beynəlxalq Makkeyn Institutunun insan hüquqları və demokratiya üzrə direktoru Devid Kramerin Azərbaycan hakimiyyətinə ünvanladığı mesajlar maraq doğurur. Azərbaycan hakimiyyətinə yürütdüyü repressiv siyasətin dayandırılması yüksək səviyyədə bir daha məsləhət görülür.
Bu siyasətin dayandırılmamasının hansı fəsadlar yarada biləcəyinə eyham vuran D.Kramer növbəti addımların məhz sanksiyaların tətbiqi olacağını dilə gətirib. Kramerin mühüm mesajlarından biri budur ki, Qərb Azərbaycan hakimiyyətini gec-tez cəzalandıracaq. Bu artıq iqtidarın yürütdüyü siyasətin cəzasız qalmacağını deməyə əsas verir. Daha bir mühüm bəyanat Azərbaycan hakimiyyətinin yürütdüyü Rusiyapərəst siyasətlə bağlıdır. “Azərbaycanda Putinə inanıb etibar edirlərsə, ölkə daha böyük fəlakətə düçar olacaq”, deyə Kramer vurğulayıb.
Kramer bundan başqa vurğulayıb ki, Azərbaycan hakimiyyətinin repressiv siyasətə əl atması heç də təsadüfi deyil: “Bakıda hökumət Ukraynadakı hadisələri görüb və qorxub. Buna görə öz ölkəsində bu ssenariyə yol verməmək üçün repressiyalar həyata keçirməyə hazırdır”.
Kramerin müsahibəsində diqqət çəkən daha bir məqam onun Azərbaycanla Belarusu ikincinin xeyrinə müqayisə etməsidir. O etiraf edib ki, Azərbaycanda vəziyyət Belarusdan da pisdir və Minskin hazırda siyasi məhbuslarla bağlı apardığı xətt məhz sərt sanksiyaların nəticəsi olaraq meydana çıxıb. Kramer eyni zamanda vurğulayır ki, Azərbaycana yönəlik sanksiyalar hökumətin yüksək dairlərinə qarşı tətbiq edilə bilər. Ən mühüm məqamlardan biri də odur ki, Kramer hökumət təmsilçilərinin övladlarının Qərbdə təhsil aldıqları, orada yaşadıqları, vəsaitləri Qərb banklarında saxladıqları halda Qərbə qarşı bu cür siyasətin yürüdülməsini anlaşılmadığını vurğulayıb.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, hazırkı siyasət iqtidardakıların özünə təhlükə yaradır. F.Qəhrəmanlının sözlərinə görə, Kramerin müsahibəsində “Qərbin Azərbaycan hökumətini gec tez cəzalandıracağını” deməsi əslində təsdüfi deyil: “Çünki bu gün Qərb siyasi dairələrində artıq o fikir formalaşıb ki, Ilham Əliyev hakimiyyəti beynəlxalq birliyin demokratiya ilə bağlı çağrışlarını nəzərə almır. Əksinə, zaman keçdikcə iqtidar repressiyaları gücləndirərək vətəndaş cəmiyyətini məhv edir, siyasi müxalifəti zorakı yollarla zəiflədir. Belə bir şəraitdə Qərb Azərbaycanda demokratik proseslərin boğulmasını, siyasi məhbusların sayının artmasını durdurmaq üçün sanksiyalardan başqa çıxış yolu qalmır. Bir halda ki, çağırışlar fayda vermir, sanksiyalar tətbiq etməkdən başqa seçim də qalmır. Bu konteksdə diqqəti çəkən və narahatlıq doğuran məqamlardan bir də ölkədə demokratiyanın boğulmasına paralel olaraq Azərbaycanın xarici siyasətə oriyentasiyasını dəyişərək, Qərblə əməkdaşlıqdan uzaqlaşması və Rusiyaya meyillənməsidir. Bu o deməkdir ki, bu gün Qərbin Azərbaycan iqtidarına münasibətinə təsir göstərən əsas faktorlardan biri də Ilahm Əliyevin Cənubi Qafqazada geopolitik balansı Rusiyanın xeyrinə dəyişməyə yönəlik addımlarıdır. Bu baxımdan Kramer ”Azərbaycanda Putinə inanıb etibar edirlərsə, ölkə daha böyük fəlakətə düçar olacaq” fikri ilə əslində hazırkı xarici siyasət kursunun ölkəmizin gələcəyi üçün çox ciddi fəsadlar yaradacağına işarə edib”.
F.Qəhrəmanlı bildirdi ki, Azərbaycan hakimiyyəti Rusiyaya yaxınlaşdıqca Qərbin hazırkı şəraitdə Rusiyaya qarşı olan mənfi münasibətini də öz üzərinə çəkmiş olur. Belə bir şəraitdə Azərbaycan Qərbə inteqrasiya edən ölkə kimi deyil, Rusiyanın müttəfiqi kimi özünü təqdim etmiş olur və bu halda iqtisadi, siyasi və təhlükəsizlik sahələrində Qərblə əməkdaşlığın gətirəcəyi faydalardan,dəstəkdən məhrum olur: “Kramerin Azərbaycandakı vəziyyəti Belarusdan daha pis olduğu fikri də təəssüf ki, hazırkı reallığı əks etdirir. Bu məslədə maraqlı məqamlardan bir də odur ki, Lukaşenko artıq ölkəsindəki 6 siyasi məhbusu azadlığıa buraxıb və bu, Qərbdə o fikri yaradıb ki, deməli, sanksiyalar fayda verir. Lukaşenkonun bu addımından sonra Azərbaycana da sanksiyalar tətbiq eilərsə, bunun təsir göstərəcəyi fikri möhkəmlənməyə başlayıb”. F.Qəhrəmanlının qənaətincə, ona görə də indi Azərbaycana sanksiyaların tətbiqi həmişəkindən daha realdır. F.Qəhrəmanlının sözlərinə görə, təbii ki, bu sanksiyalar tətbiq olunarsa, bu, ilkin mərhələdə insan haqlarını pozan hakimiyyət təmsilçilərinə qarşı yönələcək və ünvanlı olacaq: “O halda hakimiyyətdəkilərin ciddi şəkildə narahat olması üçün tam əsas var. Çünki iqtidardakı məmurların əksəriyyətinin Qərbdə daşınmaz əmlakları, biznesləri, banklarda böyük vəsaitləri var. Bir çoxlarının ailə üzvləri belə Qərbdə yaşayır. Məhz bu məqamları nəzərə alaraq Kramer vurğulayır ki, hakimiyyətin indiki antiQərb və anti-demokratik siyasəti başadüşülən deyil. Çünki sanksiyalar tətbiq olunacağı təqdirdə bu iqtidarın yüksək çinli təmsilçiləri çox mühüm imkanlardan məhrum ola bilərlər. Bunu da onlar başa düşürlər və əslində hazırkı siyasətin məhz onların özünü perspektivdə zərbə qarşısında qoyduğunu anlamamış deyillər. Ona görə də bunu bilə-bilə iqtidarın öz siyasətini dəyişmək istəməsi başa düşülmür”.
Xəyal