Oqtay Haqverdiyev: «İnsanların əziyyətlə əkib-becərdiyini belə bir qərarla puç eləmək düzgün deyil»
Rayon qeydiyyatında olan avtomobillərlə Bakıya girişin qadağan olunması cəmiyyətdə birmənalı qarşılanmır. Əsasən də sürücülər arasında yaranan narazılıq yüksək həddə çatıb.
Rayonlardan Bakıya gələn avtomobillərin səhər saat 7-dən gecə saat 12-yə qədər paytaxta buraxılmamasına dair Nazirlər Kabineti yanında Yol hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq qərarını Dövlət Yol Polisi öz bildiyi kimi icra edir. Yəni rayon qeydiyyatında olan avtomobillər paytaxtda yol polisi tərəfindən saxlanılır, cərimə ilə hədələnir, cərimə meydançasına aparılır. Məlumata görə, son bir həftə ərzində yüzlərlə belə maşın saxlanılaraq DYP-nin cərimə meydançalarına aparılıb.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” qanunda, Inzibati Xətalar Məcəlləsində və Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarında rayon qeydiyyatında olan maşınların saxlanılıb cərimə meydançasına aparılması haqda bir kəlmə də yoxdur.
Baş Dövlət Yol Polisi Idarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev də “avtosfer.az”a açıqlamasında bunu təsdiqləyib. Bildirib ki, rayon maşınları ilə bağlı qadağa yalnız həmin avtonəqliyyat vasitələrinin təyin olunmuş vaxtlarda Bakıya buraxılmaması ilə bağlıdır.
Qeyd edək ki, rayonlardan paytaxta gələn nəqliyyat vasitələrinin sahibləri arasında təkcə xeyir-şər məclisində iştirak edənlər deyil, dolanışıq xatirinə gələnlər də yetərincədir. Bölgələrdən kənd təsərrüfatı məhsullarını satmaq üçün gətirənlərdən tutmuş, müxtəlif tikinti materialı və ərzaq daşıyanlara qədər yüzlərlə adam bu qadağadan əziyyət çəkir. Başqa sözlə, mövcud qadağa əhalinin iqtisadi vəziyyətini daha da ağırlaşdırır. Çünki əhalinin sosial yaşam tərzinin çətinləşməsinə səbəb olan bu qərarın icrası vəziyyəti daha da qəlizləşdirir.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, sözügedən qadağa əslində, çox da düzgün qərar deyil. Ekspert vurğulayır ki, bu qadağa bir çox kateqoriyadan olan insanların, o cümlədən kənd təsərrüfatı məhsulu yetişdirərək satmaq üçün paytaxta gətirənlərin vəziyyətini çətinləşdirir.
Tıxacları aradan qaldırmaq məqsədilə verilən bu qərarın əhalinin güzəranına ciddi zərbə vurduğunu deyən ekspert hesab edir ki, tıxac probleminin həlli üçün başqa yollar axtarılmalıdır: “Rayonlardan gələn nəqliyyat vasitələri sahibləri öz məhsullarını şəhərin mərkəzində boşaltmayacaqlar ki?! Onların hamısı bazara gedir. Paytaxtda da bir neçə bazar və Kənd Təsərrüfatı Nazirliyinin yarmarkaları var. Yəni bu problemi diferensial şəkildə həll etmək lazımdır. Insanların əziyyətlə əkib-becərdiyini belə bir qərarla puç eləmək düzgün deyil”.
Nigar