2 aprel məhbuslarının sonuncu dəstəsinə də ağır cəzalar sifariş olundu
Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan gənc fəallar – Əhəd Məmmədli, Elnur Məcidli, Rüfət Hacıbəyli və Ülvü Quliyevin də məhkəməsi başa çatmaq üzrədir. Dünənki məhkəmə iclasında prokuror çıxış edərək gənc fəallara cəza istəyib.
Çağırılmamış qonaqlar
Məhkəmə iclası başlamamışdan əvvəl həmişəki kimi, yenə də gənc fəalların yaxınlarına, əqidə yoldaşlarına problemlər yaradıldı. Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsində adətən gənc fəallara dəstək məqsədilə gələnlərə qarşı kobud davranış müşahidə olunur ki, bunun da nəticəsində gərginlik yaranır. Bu dəfə də zalda olan iki nəfər gərginliyə səbəb oldu. Müxalifətçilər zaldakı sözügedən iki nəfəri heç kimin tanımadığını bildirərək, onların polis əməliyyatçıları olduqlarını iddia etdilər. Bildirildi ki, həmin şəxslər məhkəməyə gələn fəalları tanıyıb, sonradan təqib etmək üçün burada əyləşdirilib. Hər iki şəxsin zaldan çıxarılması tələb olunsa da, onlar zalı tərk etmədilər. Hakim zala gəldikdən sonra sözügedən adamların zaldan çıxarılması tələb edildi. Hakim hər iki şəxsə müraciət edərək, prosesdə gərginlik yaratmamaları üçün zalı tərk etmələri barədə əmr verdi. Bundan sonra onlar zalı tərk etdi.
Gənclərə dövlət “qayğısı”
Hakim Şahin Abdullayev məhkəmə iclasını açıq elan etdikdən sonra ittiham çıxışı üçün prokuror Aydın Əliyevə söz verdi. Dövlət ittihamçısı Ü.Quliyev və Ə.Məmmədlinin 4 il 6 ay, E.Məcidli və R.Hacıbəylinin isə 2 il 6 ay azadlıqdan məhrum edilməsini istədi. Dövlət ittihamçısı gənc fəallara qarşı qaldırılan mülki iddianın da təmin edilməsi məsələsini qaldırdı.
“Zərərçəkən” polislər də ədalətli hökmün çıxarılmasını, mülki iddiaçılar isə dəymiş ziyanın müştərək qaydada təqsirləndirilən şəxslərdən tutulmasını xahiş etdilər.
Həddini aşan prokuror
Prokurordan sonra Ü.Quliyevin vəkili Osman Kazımov müdafiə nitqilə çıxış etdi. O, dövlət ittihamçısının çıxışından məyus olduğunu dedi. A.Əliyevin müstəntiq işlədiyi dövrdə ədalətli bir insan olduğunu yada salan vəkil qeyd etdi ki, o, iki günahsız insanın tutulmasıyla bağlı qərarı ləğv edib. Amma elə həmin adamın bu dəfə dövlət ittihamçısı qismində məhkəmədəki çıxışını “ədalətsizliyin təntənəsi” kimi qiymətləndirən vəkil prokurorun Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cəzanın yuxarı həddini istəməsinə etirazını bildirərək, onu vəzifə səlahiyyətlərini aşmaqda günahlandırdı:
– Bu gün prokurorluq məhkəməyə təsir göstərir. Burada prokuror təqsirləndirilən şəxslərin cəzanın ən yüksək həddində cəzalandırılmasını istədi. Lakin prokuror belə bir cəza tələb edə bilməz. Cəzanın ən yüksək həddində cəza tələb etmək vəzifə səlahiyyətlərini aşmaq deməkdir. Burada mühakimə olunanlara qarşı ittihamlar, onların hər hansı cinayəti sübuta yetirilməyib. Heç bir cinayət törədilmədiyi halda, burada oturanları ittiham etmək çətindir. Bu zalda bizim ana-bacılarımız, qadınlar əyləşib. Qadın kimdir? Kişini qoruyan şəxs. Bu gün bu zalda oturan anaların günahsız övladlarına cəza istənilir. Bu cəzanı istəməklə həmin analara qəsd edilir.
“Azadlıq!”, “Istefa!” qorxusu
Vəkil həmçinin çıxışında bildirdi ki, müvəkkili Ülvü Quliyevə qarşı irəli sürülən ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilmədi. Onun sözlərinə görə, şahid ifadələrilə kimisə ittiham etmək qanuna uyğun deyil. Istintaq orqanının ortaya tutarlı fakt qoya bilmədiyini söyləyən O.Kazımov həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı çoxsaylı qanunsuzluqlarla üzləşdiklərini dedi:
– Bu ittihamda əsas sübut təqsirləndirilən şəxslərin “Azadlıq!”, “Istefa!” qışqırmalarıdır. Bu, hansı cinayəti ifadə edir? Heç bir cinayəti. Bu, yalnız fikirdir. Mitinq zamanı polislər əsas bu iki şüarı səsləndirənlərin üstünə hücum çəkirdi. Bu sözlərdən qorxmaq lazım deyil.
Hacıbala Abutalıbov niyə məhkəməyə çağırılmadı?
Vəkil O.Kazımov onu da bildirdi ki, mitinqə çıxan şəxslər ictimai asayişi pozmayıblar. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, ölkədəki haqsızlıq, məhkəmə ədalətsizliyi kimi problemlərə etiraz ediblər. Vəkil Ictima Palatanın mitinq keçirməsi üçün Bakı şəhər Icra Hakimiyyətinə xəbərdarlıq məktubu ünvanlandığını, lakin meriyanın qanunsuz olaraq mitinqə icazə vermədiyini yada saldı:
– Biz tələb etdik ki, Hacıbala Abutalıbov məhkəməyə dəvət edilsin və bu qərarına aydınlıq gətirsin. Amma hakim bizim bu vəsatətimizi təmin etmədi. Ümumiyyətlə, bizim vəsatətlərimiz əsassız olaraq təmin edilmədi. Hakim Rüfət Hacıbəylinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsilə bağlı vəsatəti rədd edərkən heç bir əsas göstərməyib.
Prokurorluğun nostradamusluğu
Vəkil ittiham aktındakı qüsurlardan da danışdı. Onun sözlərinə görə, cinayət işinin dərhal başlanması barədə qərarın özü qüsurludur. Araşdırma aparılmadan cinayət işinin dərhal başlanılmasına qanun yol vermir. Hələ mitinqdən əvvəl 30 nəfərdən ibarət istintaq qrupunun yaradıldığını yada salan vəkil qeyd etdi ki, deməli, Bakı şəhər prokurorluğu aksiyadan sonra kütləvi həbslərin baş verəcəyini bilirmiş. Bundan əlavə, Bakının ayrı-ayrı rayonlarındakı polis idarələrində, polis bölmələrində əməliyyatçılardan ibarət qruplar yaradılıb:
– Həmin qrupun üzvlərinin də üzərinə Bakının ayrı-ayrı rayonlarında aktiv müxalifət fəallarını müəyyən edib, tutmaq vəzifələri qoyulub. Hakimiyyət Ərəb ölkələrində baş verən olaylardan qorxuya düşərək, kütləvi həbsləri həyata keçirməklə cəmiyyətdə xof yaratmağa çalışıb. Bundan əlavə, aksiyadan bir gün əvvəl Isa Qəmbər və Əli Kərimlini çağıraraq xəbərdarlıq etməklə təsir göstərməyə çalışıblar. Isa bəyə, Əli bəyə edilən xəbərdarlıq iltizamını prokurorluq olduğu kimi ittiham aktına köçürüb.
Qərəzli hakim
Ü.Quliyevin günahsız yerə mühakimə olunduğunu bildirən vəkil dedi ki, istintaqın gəldiyi nəticə polislərin qərəzli ifadələrilə uydurulmuş ittihamdır. Bu məhkəmə prosesinə sədrlik edən hakim Şahin Abdullayevin qərəzli olmasına toxunan vəkil bildirdi ki, məhz onun “xidməti” nəticəsində həmkarı Elçin Namazovun vəkillik fəaliyyətinə xitam verildi. Belə olan halda, Namazovun müdafiə etdiyi Rüfət Hacıbəyli müdafiəsiz qaldı:
– Son nəticə də bundan ibarətdir ki, Rüfət Hacıbəyli hüquqlarını normal şəkildə məhkəmədə müdafiə edə bilmədi. Yeni təyin olunan vəkilin peşəkarlığına şübhə olmasa da, onun prosesə məhkəmə istintaqı başa çatmaq ərəfəsində daxil olması Rüfət Hacıbəylinin müdafiəsini tam şəkildə həyata keçirməyə imkan vermədi.
Gözü çıxan qardaşlardan dərs götürün!
Heç bir hakimiyyətin əbədi olmadığını vurğulayan O.Kazımov ərəb inqilablarından örnək götürməyi vacib saydı:
– Heç nə əbədi deyil. Ilham Əliyev də, Zakir Qaralov da əbədi deyil. Bunu bilin. Ərəb dalğası göz qabağındadır. Əsrin diktarorları getdi. Dünyanı tutmuşdular. Ağ çadırda yaşayan Qəzzafi bu gün yaşaması üçün siçan deşiyi axtarır.
Bəraət tələbi
Hüquqlarını müdafiə etdiyi Ü.Quliyevin hədə-qorxu altında olduğu bir vaxtda siyasi qərar verdiyini deyən O.Kazımov bir daha diqqətə çatdırdı ki, müvəkkili ağır cəzanı gözü önünə alaraq, məhkəmədə YAP sıralarından istefa verdiyini və Müsavat partiyasına üzv olduğunu bəyan etdi. Müvəkkilinin günahsız olduğunu bildirən vəkil hakimdən ədalətli qərar verilməsini və Ü.Quliyevin barəsində bəraət hökmünün çıxarılmasını istədi.
Növbəti bəraət tələbi
Rüfət Hacıbəylinin vəkili Telman Qasımov da müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu, onun təqsirsizlik prezumpsiyasının pozulduğunu bildirdi. Bu vəkil də müvəkkilinə bəraət verilməsini istədi.
Hörümçək toruna bənzər qanunlar
Əhəd Məmmədlinin vəkili Yalçın Imanov çıxışını hakim Şahin Abdullayevə təbriklə başladı. O dedi ki, belə ağır bir prosesi aparmaq hər hakimin işi deyil. Vəkil bildirdi ki, sözügedən prosesə hüquqi, siyasi, yoxsa hüquqi absurd kimi yanaşmaq məsələsində seçim etməkdə çətinlik çəkir:
– Qədim Romada qanuna hörmət qanunu var idi. Bizdə də yaxşı qanunlar var. Amma işləməyən yaxşı qanundansa, işləyən pis qanun yaxşıdır. Qanunların işləməməsinə görə polisindən, hakimindən, prokurorundan tutmuş, ölkəyə rəhbərlik edən şəxslərə qədər hamı günahkardır. Bizdə qanunlar hörümçək toruna bənzəyir. Zəiflər və siyasi hakimiyyətin rəqibləri bu torda ilişib qalır. Hakimiyyətdə dayağı olanlar və maddi imkanları yaxşı olanlar isə bu toru yırtıb keçə bilirlər.
Kitab oxu, yoldaş hakim!
Y.Imanov bildirdi ki, hüquqlarını müdafiə etdiyi Ə.Məmmədli eyni qaydada iki dəfə həbs olunub, bu isə qanuna ziddir:
– Hüququn canında əxlaq, dürüstlük yoxdursa, apar tulla. Bu, davam etdikcə, hakimiyyətlə fərqli düşüncədə olan gənclərin taleyi daha çox zəhərlənəcək. Ədalətsizlik atom bombası kimidir. Hətta müqəddəs kitab olan “Quran”da da deyilir ki, mühakimə edəndə ədalətli olun. Ölkədə insanların təkcə siyasi yox, bütün hüquqları pozulur. Mülkiyyət hüquqları pozulan vətəndaşlara qarşı “traktor, ekskovator hüququ” işlədilir.
Vəkil yəhudi əsilli yazıçı Kafkadan sitat gətirərək, hakimə bu müəllifin “Qanun darvazası” hekayəsini oxumağı tövsiyə etdi:
– Düzdür, Şahin Abdullayev qanun darvazasının qarşısında duran yeganə maneə deyil. O, sadəcə, sifarişi icra edən şəxsdir.
Azərbaycanda hakimiyyətin legitimliyi şübhə altındadır
Vəkil onu da əlavə etdi ki, özünə hörmət edən ölkələrdə polis şahid qismində ifadə verə bilməz:
– Polis Əhədin ona xəsarət yetirdiyini deyir. Amma istintaqa təqdim olunan videogörüntülərdən görünür ki, Əhəd əlləri cibində gəzir və dostları ilə görüşür. Əhəd heç kimə müqavimət göstərməyib. O, heç fəal iştirakçı da olmayıb. Azərbaycan polisinin üz qarası Məmməd Mikayılov Əhəd Məmmədlini Nəsimi polisində döyüb və təhqir edib. Əhəd Məmmədliyə bəraət verilməlidir. Məmməd Mikayılov barəsində isə cinayət işi başlanmasına dair məhkəmə səviyyəsində qərar verilməlidir. Altı ildir ki, Bakıda sərbəst toplaşma azadlığına məhdudiyyət qoyulub. Artıq sərbəst toplaşma azadlığı ictimai qaydanın pozulması kimi qəbul olunur. Hacıbala Abutalıbov və istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev barəsində xüsusi qərar çıxarılmalıdır. Fazil Həsənəliyev siyasi ambisiyalarından çıxış edərək istintaqı birtərəfli aparıb. Adətən legitim olmayan hakimiyyət bütün azadlıqları məhdudlaşdırır. Azərbaycanda da hakimiyyətin legitimliyi şübhə altındadır.
***
Vəkil Yalçın Imanovun çıxışından sonra hakim Şahin Abdullayev məhkəmə prosesinin oktyabrın 7-dək təxirə salındığını elan etdi.
Natiq