«Elmar Hüseynovun təkcə qatilləri deyil, bu cinayətlərin sifarişçiləri də aşkarlanmalıdır»
Tomas Hammerberq:”Hüquq-mühafizə və məhkəmə orqanları jurnalistlərə qarşı cinayətlərin daha tez və effektiv təmin olunmasında əsas məsuliyyət daşıyır”
Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq bəyanatla çıxış edərək diqqəti jurnalistlərin zorakılıqdan müdafiəsi probleminə yönəldib. Bu barədə “Turan”ın Strasburqdakı xüsusi müxbiri məlumat verib.
Son illər Avropada bəzi aparıcı jurnalistlər amansız qətllərin qurbanları olublar. Türkiyədə Qrant Dink, Ukraynada Georgi Qonqadze, Azərbaycanda Elmar Hüseynov, Rusiyada Anna Politkovskayanın öldürülməsi də bura daxildir.
Hammerberq təkcə qətllərin icraçılarının deyil, həm də bu cinayətlərin sifarişçilərinin aşkar edilərək cəzalandırılmasının vacibliyini vurğulayıb.
“Jurnalistlərin ölümü ilə bağlı 30 haldan yalnız 10%-də istintaq məhkəməyədək aparılıb. Bu, hüquq-mühafizə orqanlarının və məhkəmə sisteminin effektivliyini şübhə altına alır. Bu, insan haqlarının görünməmiş dərəcədə pozulmasıdır, belə ki, hakimiyyət günahkarların cəzasız qalmasına yol verir. Jurnalistikada məqsəd hakimiyyətdə olanları sevindirmək və ya hökumətin carçısına çevrilmək deyil, ictimai nəzarəti həyata keçirməkdir. Bir jurnalistin ünvanına hədələr başqalarının boğulması kimi dağıdıcı effekt verə bilər”.
Hammerberq deyib ki, hüquq-mühafizə və məhkəmə orqanları jurnalistlərə qarşı cinayətlərin daha tez və effektiv təmin olunmasında əsas məsuliyyət daşıyır. “Hökumətlər və parlamentlər zəmanət verməlidirlər ki, prokurorlar və müstəntiqlər müstəqil, peşəkar və siyasi baxımdan qərəzsiz olsunlar. Jurnalistlərin təqiblərdən, hücum və qətllərdən qorxmadan təhlükəsiz şəraitdə öz işini görməsi Avropada mətbuat və ifadə azadlığı üçün mühüm əhəmiyyət daşıyır”.
Qeyd edək ki, bu gün AŞ PA sessiyası çərçivəsində Avropa sarayının konfrans zallarından birində bu mövzuda dinləmələr keçiriləcək. Dinləmələrdə Hammerberq və ATƏT-in KIV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç çıxış edəcək.