İqtidar nə büdcə zərfini, nə də namizədlər siyahısını açıqlaya bilir
Azərbaycan hakimiyyəti parlament seçkiləri ərəfəsində iki ciddi problemlə üzləşib. Bunlardan biri 2016-cı il üçün nəzərdə tutulan dövlət büdcəsi, digəri isə YAP-ın namizədlər siyahısı ilə bağlıdır. Məlumat üçün deyək ki, bir neçə gün əvvəl baş naziri Artur Rəsizadənin rəhbərliyi ilə dövlət büdcəsi ilə bağlı müzakirələr aparılıb. Lakin büdcə zərfi açıqlanmayıb.
Daha sonra ölkə başçısı Ilham Əliyevin rəhbərliyi ilə dövlət büdcəsinə həsr olunmuş iclas keçirilib. Ölkə başçısı büdcə barədə ümumi sözlərlə kifayətlənib. Yəni, bu icslasda da büdcə zərfi açıqlanmayıb. Büdcə zərfinin açıqlanmaması ilə bağlı ekspertlər müxtəlif mülahizələr irəli sürürlər. Birinci ehtimal odur ki, ümumiyyətlə büdcə zərfi hələ hazır deyil. Həm Artur Rəsizadənin, həm də Ilham Əliyevin keçirdiyi iclas isə sadəcə formal xarakter daşıyır.
Digər ehtimal isə büdcədə böyük kəsirlərin olması ilə bağlıdır ki, seçki ərəfəsi olduğu üçün hakimiyyət bunu açıqlamaq istəmir. Mümkündür ki, hökumət sosial xərcləri kəsib, korrupsiya mənbəyi olan infrastruktur xərcləri artırıb. Maliyyə böhranının hökm sürdüyü, sosial durumun acınacaqlı olduğu bir vaxtda bunu açıqlamaq isə hakimiyyətin əleyhinə işləyə bilər. Başqa bir ehtimal isə hansısa qurumların ləğvi ola bilər. Pay bölgüsü ilə bağlı narazılıqların yarana biləcəyi də ehtimallar sırasındadır.
Beləliklə, faktiki olaraq hökumət büdcə zərfini açıqlaya bilmir.
YAP-ın namizədlər siyahısına gəlincə, ötən saylarımızda bununla bağlı hakim partiyada ciddi gərginlik yaşandığı barədə məlumat vermişdik. Bildirmişdik ki, uzun illər YAP-da “külüng çalanlar” vəzifə tutan deputatlara və müxalifətdən hökumətə keçənlərə mandat verilməsinin əleyhinədir. Artıq onlar öz zəhmətlərinin də dəyərləndirilməsini israrla tələb edirlər. Bu da hakimiyyəti çətin vəziyyətə salıb. Modern.az da “Azadlıq”ın yazdıqlarını təsdiqləyən xəbər yayıb. Xəbərdə deyilir ki, hakim partiyanın seçki siyahısını açıqlamağı gecikdirməsinin səbəblərindən biri idarəetmədə rəhbər olan şəxslərin, o cümlədən rektorların deputat olmaları ilə bağlıdır. YAP-dan daxil olan məlumata görə, qarşıdakı seçkilərdə dövlət ali təhsil müəssisələrinin rektorları ilə bağlı konkret qərar verilib.
Hazırda dövlət universitetlərinin rektorlarından kiminsə adı YAP-ın seçki siyahısında olacaqsa, həmin şəxs rektorluqdan gedəcək. Və əksinə, adı YAP-ın seçkı siyahısında olmayan rektor öz vəzifəsində qalacaq.
IV çağırış Milli Məclisdə təmsil olunan 125 deputat arasında müxtəlif dövlət və özəl ali təhsil ocaqlarının rektorları var: Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və Inşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Müəllimlər Institutunun rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və Idman Akademiyasının rektoru Ağacan Abiyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev.
Eyni zamanda ayrı-ayrı dövlət qurumlarına rəhbərlik edən və hazırda deputat olan vəzifəli şəxslər də iki yoldan birini seçməli olacaqlar: ya deputat mandatı daşıyacaqlar, ya da vəzifədə çalışacaqlar
YAP-dan daxil olan məlumata görə, yalnız Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev öz vəzifəsini saxlamaqla yanaşı, həm də deputat kimi fəaliyyətini davam etdirəcək.
Aldığımız son məlumata görə, Dillər Universitetinin rektoru Səməd Seyidov və Azərbaycan Müəllimlər Institunun rektoru Aqiyə Naxçıvanlı rektor postundan gedəcəklər. Onların deputat mandatı uğrunda mübarizə aparacaqları bildirilir.