xanbahadir@mail.ru
Rejim yetkililəri yeni hava çalmağa başlayıblar: “Müharibə qaçılmazdır”. Nə oldu? Nə baş verdi? Bunlara bu qorxmazlıq, bu Napoleon ərdəmliyi hayandan gəldi? “Uğurlu neft-qaz strategiyası” dedilər, milyardlarla neft-qaz gəlirləri içində ölkəmizi Afrikanın ən geridə qalmış ölkələrinə tay etdilər; “Azərbaycan dövləti sosial dövlətdir, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur” dedilər, Azərbaycan vətəndaşlarını hər baxımdan hüquqsuz-yoxsul duruma gətirdilər. Indi biz bir çox parametrlər üzrə regionun ən yoxsul ölkəsi “Ermənistan”dan da qat-qat geri qalırıq. Bircə fakt: elm, təhsil göstəricilərinə görə “Ermənistan” 74-cü, Azərbaycan 104-cü yerdədir. AzTV-lərsə elə hey “Ermənistan”ın itib-batması ilə bağlı göbbelscəsinə yalan üyüdüb-tökür. “Itib-batan” “Ermənistan” isə bizi göz açmağa qoymur, elə hey atəşə tutur, itkiyə uğradır.
Birdən, rejimin çox çətin, hər baxımdan uğursuzluq durumu ilə üzləşdiyi bir dönəmdə nə baş verir? Ortaya “müharibə qaçılmazdır” çağırışı atılır. Ancaq, aldığımız soraqlara görə, indi bu eləcə xalqı aldatmağa yönəlmiş siyasi ritorika deyil – ortada gerçək bir savaş yüklənməsi var. Var, özü də bütün ölkə boyunca çağırış-yığışma baş verir. Olduqca qorxulu bir dönəm içindəyik: rejim xalqı qırğına verməklə üstlənməyə, gerçək güc üstünlüyü qazanmağa, bu yolla daha uzun illərə ağalıq etməyə çalışır. Qarabağı verməklə hakimiyətə gəldilər, Qarabağ ritorikasına söykənərək hakimiyət sürdülər, indi isə hakimiyəti daha uzunsürəli etmək üçün – “Qarabağ uğrunda” savaş oyunu başlamaq istəyirlər.
Sözsüz, biz ha çaqsa Qarabağ uğrunda, Qarabağı, itirilmiş topraqlarımızı qaytarmaq uğrunda savaş başlamalıyıq. Haçaqsa – indi yox! Indi çağ o çağ deyil!! Birincisi korrupsiyanın dövlət siyasətinə çevrildiyi ölkədə hansısa iç-dış savaşı udmaq illüziyadır. Ikinci, son 22 ildə yürüdülən ANTIMILLI, ANTIDEMOKRATIK siyasətlər, bu siyasətin qaçılmaz olaraq doğurduğu ağır sosial-ekonomik durum, recimin uzun illər toplum arasında apardığı “ayır-buyur” xarakterli parçalama siyasətləri bizə uğurdan qat-qat artıq uğursuzluq qazandıracaq faktorlardandır. Üçüncüsü, Azərbaycan bu gün yalnız regionda deyil, bütün dünyada təklənmiş – dışlanmış durumdadır. Bu gün əliyevçi rejimi ermənilərlə savaşa sürükləyən Putin Rusiyası ermənilərin, erməniliyin ən böyük arxa-dayağıdır.
Iki yüz ildən bu yana erməniliyə Iran-Türkiyə sınırlarında özünün forpostu olaraq baxan (Azərbaycan topraqlarında “Ermənistanı” bundan ötrü yaradıb) Rusiya “Ermənistana” indiyədək milyardlarla dollar dəyərində yaraq-sursat verib. Üstəlik, Rusiyanın 7-ci ordusu “Ermənistan”ı yalnız Azərbaycandan deyil, gərəkirkən Türkiyədən, Irandan da qorumaq gücündədir. Bütün bunlarla yanaşı, bilindiyi kimi, Putin Rusiyası Azərbaycanı, daha doğrusu, Azərbaycana özünün IŞĞAL zonası kimi baxan əliyevçi rejimi “Ermənistan”la savaşa sürükləməyə çalışır. Putinin istəyi böyük qırğın-itki sonucu olaraq, ən azı, Avrasiya birliyinə qatmaqla Azərbaycan üzərində ağalıq mandatı qazanmaqdır. Biz bu bəri başdan uğursuz oyuna getməməliyik! Bu oyuna getmək xalqı uğursuz qumar obyektinə çevirmək olardı!!
Neft pullarının ölkəyə sel təki axan çağlarında, 2008-ci ildə, I.Əliyev parlament tribunasından bütün ölkəyə car çəkərək demişdi: “Biz pulumuzu o qədər çoxaldacağıq ki, heç müharibəyə də ehtiyac qalmayacaq”. Xalqa çoxlu belə yalanlar danışa-danışa onu aldada-aldada hakimiyətlərini qoruyub saxladılar. Gerçəkdən, o böyük pullardan gərəkən yerlərə ötürməklə Qarabağı deyildiyi kimi, “müharibəsiz” qaytarmaq olardı. Ancaq o milyardları özləri mənimsədilər: bizə bəlli 48 milyardlıq, 17 milyardlıq oğurluqlar, 51 milyardlıq yeyinti-mənimsəmə… bu kimi yollarla. Bundan başqa, 22 illik “Qarabağ danışıqları” adı altında bütün ailəylə dünyanı gəzib-dolaşmaların, ən bahalı hotellərdə qalmaların, ən baha qulluqdan yararlanmaların sonucunda xalqı qabağa verməyin adı nədir?