Türkiyə-Azərbaycan sərhədinə yaxın ərazidə törədilən terrorda 14 polis şəhid olub
Ilham Ismayıl: «Baş verənləri nəzərə alaraq Azərbaycan sərhəd-keçid məntəqələrində nəzarəti gücləndirməlidir»
Türkiyənin Iğdır vilayəti ərazisində, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu gömrük-keçid məntəqəsində çalışan polislər PKK terrorçularının hücumuna məruz qalıb. Türkiyə xəbər agentliklərinin verdiyi məlumata görə, hadisə dünən səhər Iğdırın Həsənxan kəndi yaxınlığında baş verib. Polisləri gömrük məntəqəsinə aparan mikroavtobusu terrorçular partladıb. Ilkin məlumata görə, 14 polis məmuru şəhid olub, 3-ü ağır yaralanıb.
Hazırda ərazidə terrorçularla təhlükəsizlik qüvvələri arasında atışmanın davam etdiyi xəbər verilir (apa).
Bundan əvvəl də PKK-nın fəaliyyəti Azərbaycanın maraqlarına ciddi zərbə vurmuşdu. PKK bir müddət əvvəl Azərbaycan vətəndaşlarını girov da götürmüşdü. Bakı-Ərzurum qaz kəmərində bir neçə dəfə partlayışın törədilməsi də əslində təsadüfi sayılmır. Bütün bu hadisələr artıq birbaşa Azərbaycanın maraqlarına toxunur. Bəs, PKK Türkiyədən Azərbaycan daxilinə keçə bilərmi? Azərbaycan baş verənlərin fonunda hansı addımları atmalıdır?
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl bildirdi ki, Naxçıvana yaxın ərazidə bu cür terror aktlarının baş verməsi gözlənilən idi. Çünki bu ərazidə PKK terrorçularının məskunlaşdığı və kifayət qədər aktiv olduğu bəlli idi: “Amma baş verənlərin Azərbaycana yaxın ərazilərdə cərəyan etməsi heç də o demək deyil ki, bu proseslər Azərbaycana keçəcək. Sadəcə olaraq bura elə bölgədir ki, burada PKK-nın siyasi aktivliyi var. Amma baş verənləri nəzərə alaraq Azərbaycan sərhəd-keçid məntəqələrində nəzarəti gücləndirməlidir. Bu cür hadisələr baş verəndə sadəcə olaraq nəzarət tədbirləri artırılmalıdır. PKK-nın Azərbaycan daxilində fəaliyyət göstərməsi isə mümkün deyil”.
Xəyal