Dünyada benzinin qiymətini endirənlər, ölkədə adi sərinləşdirici içkinin də qiymətini qaldırırlar
Hakimiyyətin xalqa qarşı düşmənçilik siyasəti iri addımlarla davam edir. Hətta “diktator” adlanan ölkə başçıları, böhran bataqlığında çabalayan ölkələr də xalqın maraqlarından çıxış edir, xalqa zərbə vurmaq üçün bəhanə axtarmır.
Əvvəlcə devalvasiya məsələsi gündəmə gəldi və bir gecənin içində ölkə vətəndaşı 2.2 milyard zərər gördü. Hakimiyət xalqın zərərini sığortalamaq əvəzinə, daha mürtəce qərarlar qəbul etdi. Amma Ukrayna hökuməti devalvasiyanın məsuliyyətini dövlətin üzərinə qoydu, Qazaxıstan hökuməti də eyni addımı atdı. Yunanıstan ağır böhran şəraitində olsa da vətəndaşların borcunu sildi.
Ardınca benzinin qiymtinin ucuzlaşması məsələsi gündəmə gəldi. Məlum oldu ki, SOCAR Ukraynada, Gürcüstanda, Isveçrədə satdığı benzinin qiymətini aşağı salıb. Indi isə məlum olur ki, SOCAR Ukraynada 2-ci dəfə benzinin qiymətini ucuzlaşdırmağa hazırlaşır. Amma nə qədər yazılsa da, hökumətdən eyni addımın Azərbaycanda da atılması tələb edilsə də, cavab mənfi oldu. Neft naziri Rövnəq Abdullayev xalqa minnət qoydu: “Neft dünya bazarında 120 dollar olanda da qiymət bizdə belə idi, 50 dollar olanda da. Niyə 120 dollar olanda benzinin qiymətindən danışmırdılar? Bizdə benzinin qiyməti neftin 60 dollar olandakı qiymətinə bərabərdir, nə qalxıb, nə də ki, enib. Bizdə benzinin qiyməti dünya bazarı ilə tənzimlənmir, dövlət tənzimləyir. Endirmək mümkün deyil, çünki iqtisadiyyatımız sabitdir” -deyə Rövnəq Abdullayev bildirmişdi.
Biz benzinin qiymətinin ucuzlaşdırılmasını gözləyərəkən, hökumətdən növbəti qara xəbər gəldi. Məlum oldu ki, mineral suların qiymətində də artım baş verib. Bəs, bu zərurət hardan doğdu? Sərinləşdirici içkilərin qiyməti niyə qalxdı?
Ola bilər ki, hökumət “biz özəl şirkətin işinə müdaxilə edə bilmərik” arqumentindən yapışsın. Amma bu arqument keçərli deyil. Bu ölkədə hakimiyyət özəl olan hər şeyə nəzarət edir. Özəl telekanallara, özəl Universitetlərə müdaxilə edən hökumət, bu yersiz bahalaşmaya niyə susur? Ilk bahalaşma hakim ailəyə yaxınlığı ilə seçilən “Azərsun” Holdinqdə baş vermədimi?
Hakimiyyət “daşdan pul çıxartmaq” siyasətinə girişib. Plastik qabdakı adi sudan da qazanc güdülür və sadə vətəndaşın cibinə girilir.
Dəfələrlə yazmışıq ki, bu ölkədə ancaq insan həyatı ucuzlaşır. Hakimiyyət anti-xalq siyasətini həvəslə davam etdirir. Növbə gəlib adi suya da çatdı. Mənşəyi bəlli olmayan suları, təkrar emaldan hazırlanan plastik qablara tökürlər və bu prosesin qiyməti qəfildən artır. Belə getsə hakimiyyət havanı da pulnan satacaq və insanların asan nəfəs almasını “uğurlu inkişaf” kimi təqdim edəcək.
Bir sözlə, dahi Nizami demişkən su da dərd verməyə başladı. Amma çox içildiyinə görə yox, çox baha olduğuna görə. Hökumət neftin qiymətdən düşməsini, xalqı sümürməklə sığortalmaq istəyir.
Samir