Dövlət ittihamçısı çıxışa hazırlıq üçün vaxt istədi
Məhkəmə təxirə salındı
Dünən Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə Ictimai Palatanın bu il aprelin 2-də keçirdiyi aksiya ilə əlaqədar ittiham olunan Ülvü Quliyev, Elnur Məcidli, Rüfət Hacıbəyli və Əhəd Məmmədlinin məhkəməsi davam etdirildi.
Proses başlanan kimi AXCP Gəncələr Təşkilatının sədri Əblülfəz Qurbanlı əlavə şahid qismində dindirildi. O bildirdi ki, E.Məcidli partiyanın gənclər təşkilatının üzvü olub. Onun sözlərinə görə, E.Məcidli partiyada nizam-intizamlı üzv kimi tanınıb. Onun bildirdiyinə görə, E.Məcidli ölkədə insan haqlarının tapdanmasına etiraz edib: “2 aprel mitinqində də Elnur Məcidli cəhbəçi gənclər kimi iştirak edib. Onunla mitinq başlanandan sona kimi bir yerdə olmuşuq, onun artıq-əskik hərəkətləri olmayıb. Elnur Məcidliyə verilən ittihamlar da absurddur. Çünki biz aksiya zamanı zorakılığın əleyhinə olmuşuq, aksiyanın dinc keçirilməsini nəzarətdə saxlamışıq. Elnur çalışıb ki, aksiya zamanı zorakılıq olmasın. Ona görə də Elnurun polis əməkdaşlarına zorakılıq göstərməsi, obyektlərin şüşəsini sındırması cəfəngiyatdır. Bu ittihamlar gülüş doğurur. Çünki bu şəxslər siyasi sifarişlə həbs ediliblər. 21 may 2005-ci ildə keçirilən aksiya 2 aprel 2011-ci il tarixdə keçirilən aksiyadan qat-qat güclü olmuşdu. Lakin həmin vaxt heç bir cinayət işi başlanmamışdı. Lakin bu dəfə hüquq-mühafizə orqanları dərhal cinayət işi başladılar, səbəb isə məlum idi. Ərəb ölkələrində başlayan inqilablardan hakimiyyət qorxuya düşmüşdü. Bu həbslər də həmin ərəb inqilablarının dalğası ilə bağlıdır”.
Biz təxribatların qarşısını almağa çalışmışıq
Daha sonra sualları cavablandıran şahid bildirdi ki, E.Məcidli aksiya zamanı “ES-Klap” aptekinin şüşəsini sındırmayıb. Həmin ittihamın cəfəngiyat olduğunu diqqətə çatdıran Ə.Qurbanlı qeyd etdi ki, aksiya zamanı dağıntı törətmək üçün meydana çıxmayıblar: “Biz obyektlərə daş atmamışıq. Etirazımız 2 milyon gəncin hüququnun pozulması ilə bağlı olub. Biz aksiya zamanı təxribatların qarşısının alınmasına çalışırdıq. Çünki bizə əvvəlcədən məlum idi ki, hakimiyyət tərəfindən aksiyada təxribatlar olacaq”.
Aksiya zamanı R.Hacıbəylinin də onunla bərabər olduğunu deyən Ə.Qurbanlı bildirdi ki, R.Hacıbəyli aksiya zamanı qanun pozuntusuna yol verməyib. R.Hacıbəylinin polis maşınlarına ziyan vurmasının şahidi olmadığını deyən Ə.Qurbanlı bildirdi ki, əksinə polis əməkdaşları mitinq iştirakçılarına qarşı vəhşilik edirdi.
“Ziyan çəkən avtobus məhkəməyə gətirilsin…”
Daha sonra Ə.Məmmədlinin vəkili Yalçın Imanov bildirdi ki, müdafiə etdiyi şəxsin həbsdə qalmasının səbəblərindən biri də şahidlərə təzyiqlər göstərməsi ilə bağlıdır. Ittiham tərəfinin şahidlərinin dindirilməsinin başa çatdığını deyən vəkil bildirdi ki, Ə.Məmmədlinin də şahidlərə təzyiq göstərməsi ilə bağlı iddia ortadan qaldırılmış olur. Vəkil Ə.Məmmədlinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun barəsində həbs olmayan qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət qaldırdı. Hakim vəkilin vəsatətini təmin etmədi.
Bundan sonra prosesdə R.Hacıbəyli ifadə verdi. O bildirdi ki, 2 aprel mitinqində könüllü iştirak edib. Onun sözlərinə görə, aksiyada iştirak etməsi üçün heç kimdən göstəriş almayıb: “Mənim mitinqə çıxıb, etiraz etmək hüququm var. Bu hüququm da ”Sərbəst toplaşmaq haqqında” qanunla tənzimlənir. Bu hüququmdan da istrifadə edərək, meydana çıxmışam”.
Ittiham aktında onun avtobusa ayağı ilə ziyan vurduğu yazılsa da R.Hacıbəyli bildirdi ki, həmin ittiham həqiqətə uyğun deyil. R.Hacıbəyli həmin ittihamın istintaqın uydurması olduğunu bildirdi. Vəkil Osman Kazımov isə dedi ki, həmin ziyan dəymiş avtobus məhkəmə zalına gətirilməlidir. Vəkil qeyd etdi ki, məhkəmə zalında R.Hacıbəylinin ayağı ilə avtobusa necə ziyan vurması müəyyən edilməlidir. Lakin hakim bu məsələyə münasibət bildirmədi. Daha sonra ifadəsini davam etdirən R.Hacıbəyli məhkəmədə müdafiəsiz qaldığını bildirdi. Cinayət işində ona qarşı irəli sürülmüş ittihamların detalları ilə vəkili Elçin Namazovun yaxından tanış olduğunu bildirən gənc fəal qeyd etdi ki, müdafiə hüququ kobud şəkildə pozulub.
“Polis təxribatçıları tutmaqda maraqlı deyildi”
Daha sonra məhkəmədə E.Məcidli ifadə verdi. O bildirdi ki, qanunsuz və əsassız olaraq həbs edilib. Onun sözlərinə görə, aptekin şüşəsinin sındırılması da əsassızdır. O qeyd etdi ki, aptekin şüşəsini sındıran şəxsin “çeçenka” papaqlı bir idmançı görkəmli şəxs olduğunu onunla yanaşı digər mitinq iştirakçıları da görüb. Lakin polis həmin şəxsi tutmaqda maraqlı olmayıb. Gənc fəal daha sonra qeyd etdi ki, mitinq iştirakçılarına qarşı Çevik Polis Alayının əməkdaşları dəhşətli şəkildə vəhşilik edirdilər. Mayın 11-də Nəsimi Rayon Polis Idarəsinə çağırıldığını deyən E.Məcidli bildirdi ki, həmin vaxt şahid qismində dindirilib: “Nəsimi Rayon Polis Idarəsində məni Bakı Şəhər Prokurorluğunun müstəntiqi Fərid Nağıyev qarşıladı. Fərid Nağıyev əvvəlcə məni şahid qismində dindirdi. Bir qədər sonra isə zəng gəldiyini bildirdi və dedi ki, şübhəli şəxs qismində saxlanılıram”.
E.Məcidlinin vəkili Xalid Bağırov bildirdi ki, müvəkkilinin hüquqları pozulub. E.Məcidlinin şahid qismində dindirilmə protokollarına istinad edən X.Bağırov bildirdi ki, müstəntiq gənc fəala ittihamedici suallar verib. Bu faktı əsas gətirən vəkil müstəntiqin əlavə şahid qismində məhkəməyə çağırılması barədə vəsatət qaldırdı. Lakin hakim vəsatəti əsassız hesab edərək təmin edilməməsi barədə qərar verdi.Daha sonra prosesdə əlavə şahid qismində AXCP üzvü Ceyhun Nəbiyev ifadə verdi. O bildirdi ki, aksiya zamanı E.Məcidlinin qanunsuz hərəkətinin şahidi olmayıb. Şahid E.Məcidlinin siyasi sifarişlə həbs edildiyini dedi.
Telekanalların montaj olunmuş “sübutları”
Şahidin dindirilməsi başa çatdıqdan sonra cinayət işində olan maddi sübut kimi tanınmış ANS, ITV, ATV və Xəzər TV-nin aksiya zamanı çəkdiyi çəkilişlər nümayiş etdirildi. Montaj olunmuş video görüntülərdən də məlum oldu ki, mühakimə olunan gənc fəallar akasiya zamanı qanun pozuntusuna yol verməyib. Vəkillər aksiyadan görüntülərin cinayət işinə aid olmasına dövlət ittihamçısından aydınlıq gətirməsini istədilər. Lakin dövlət ittihamçısı vəkillərin çoxsaylı suallarına cavab verə bilmədi. Hakim daha sonra cinayət işində olan sənədləri elan etdi. Hakim bildirdi ki, polis Sevindik Dadaşovla Elnur Məcidlinin üzləşdirmə sənədləri sübutlar siyahısından çıxarılıb. E.Məcidlinin vəkili Xalid Bağırov polis əməkdaşları – Elməddin Zeynalov və Namus Atakişiyevlə bağlı tanınma sübutlarının taleyi ilə maraqlandı. Hakim bildirdi ki, E.Zeynalov bu cinayət işi üzrə nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı dindirilib, buna görə də onunla bağlı iş sübut kimi tanınmır. Bundan əlavə, hakim bildirdi ki, cinayət işi üzrə qərar çıxarılarkən məhkəmə istintaqı zamanı araşdırılan sübutlara istinad ediləcək. Hakim məhkəmə istintaqının yekunlaşdırıldığını elan etdi və ittiham nitqi ilə çıxış etməsi üçün dövlət ittihamçısına söz verdi. Dövlət ittihamçısı çıxışa hazır olmadığını bildirdi və hazırlaşmaq üçün vaxt istədi. Dövlət ittihamçısının istəyini nəzərə alan hakim məhkəmənin davamını oktyabrın 4-ü, saat 11.00-a kimi təxirə saldı.
Ramin