Andropovun dəfn mərasiminə gələn ABŞ nümayəndə heyətinin başçısı əli əsən Çernenkoya baxaraq köks ötürüb demişdi: “Deyəsən, tezliklə bir daha gəlməli olacağıq!”. Mən bunu niyə xatırladım? Təkcə mövcudluğu ilə adamı vahiməyə salan bəzi böyük dövlətlərdə elə hadisələr baş verir ki, adam əlini yelləməkdən başqa çarə tapa bilmir, təəccübündən bilmirsən ki, nə edəsən. Rusiyanın çoxəsrlik saray gizlinlərinə varanda bir sual qarşısında donursan və heyrətlənməkdən başqa çarən qalmır. Əcəba, bu ölkəni axı kimlər idarə etməyib? Ingiltərə kralına gizlin məktublar yazan və ondanca imdad diləyən I.Qroznıy, psixi vəziyyəti adamlarda şübhə yaradan “dəli Petro” – birinci və yaxşı ki, sonuncu olan Pyotr, özünün şəhvəti ilə hələ hamını heyrətləndirən Yekaterina, nə bilim, Xruşşov, Brejnev… Amma bu sırada ən oyuncaq dövlət başçısı titulu yəqin ki, D.Medvedevə qismət olacaq. Elə bunu nəzərdə tutub Putinin dostu olmaqdan vaz keçdim, qoy, Medvedev olsun. Bir müddət öz personasını televiziya ekranları qarşısında nümayiş etdirmək üçün oyuncaq prezident olmağa razılıq vermək! Tandem başqa ölkələrdə də olub. Məsələn H.Klinton ilə B.Obama arasında, A.Güllə R.T.Ərdoğan arasında. Amma bunu məsxərəyə qoymaq olmur, çünki bu, sadə siyasi ittifaqdır. Amma Medvedev özünü gülüş obyektinə çevirdi. Indi Rusiyada adamlar küçəyə çıxıb “Rədd olsun putinizm!” deyirlər. Doğrudanmı, “putinizm” deyilən fenomen var?
“Putinizm” nədən yarandı?
Putinə qədər çox adam gəldi, getdi. B.Yeltsin hər ay bəlkə də bir Baş nazir dəyişirdi. Axırda Putinin üzərində dayandı və sonuncu da onu fəxri təqaüdə göndərdi. Bir çoxları putinizmi paternalizm ilə eyniləşdirirlər. Məsələ budur ki, rus cəmiyyəti hələ də cocuqluq dövründən, uşaqlıq çağından çıxmayıb, o, daim öz üzərində istiqamətləndirici bir “ata”nın olmasını istəyir. Putin də bu işi çox məharətlə yerinə yetirir, daim insanların zəif hissələri, sabitliklə oynayır. Bəli, Rusiya cəmiyyəti hər şeydən çox sabitlik istəyir. Amma bunu çox baha qiymətə aldı. Bu həmin ruslardır ki, “Kuklalar” verilişində Yeltsini məhəbbətlə çar Boris adlandırırdı. Müxalifət də özünü bu siyasi obraza və modelə dürtmək istəyirdi, hamı çalışırdı tipik “rus mujiki” rolunu oynasın. Iş o yerə çatmışdı ki, Q.Yavlinski seçki vaxtı debata içkili vəziyyətdə gəlmiş və özünü həmişə sərxoş Yeltsinə bənzətməyə çalışmışdı. Amma bəlli oldu ki, “rus mujiki” təkcə içki həvəskarı olmur, o, yumruğunu stola vurmağı da bacarmalıdır. Putin bunu imitasiya edə bilir. Bunda ona həm “dəmir Feliks” obrazı da yardımçı olur. Bəli, dönməz və satılmaz çekist obrazı – ruslar elə bunu da qiymətləndirir.
Dünya Putinin gəlişinə sevinirmi?
Rusiya indi dünya üçün elə bir təhlükə deyil. Bu haqda ancaq Qərbin qoca sovetoloqları ciddi danışa bilərlər. Başqaları isə bu haqda heç düşünmür. Bir qədər ola bilsin ki, bəzi sovet respublikaları üçün problem yaranmış olsun. Amma dünya Putinin gəlişinə də sevinmir, çünki o, Rusiyaya və ruslara bir normal dövlət və özünə güvənən cəmiyyət olmağa imkan vermir. Məsələ də bundadır, “rus mujiki” öz kürkünü avropalı pencəyinə dəyişmək istəmir. O, öz xarizması ilə ölkə siyasətinin institutlaşmasına mane olur, mülki vərdiş və bacarıqların inkişafını ləngidir. “Vankuverdən Vladivastoka”, Urala qədər Avropanın yaranması prosesi baş tutmur. Dünya elə məhz buna görə Putini sevmir, o, militarist siyasətçi obrazına daha yaxındır, daim şübhələnmək və daim düşmən axtarmaq, onları kütlənin gözü qarşısında elə kütləvi üsullarla neytrallaşdırmaq – onun şakəri budur.
Medvedev hər şeyi düz hesablayıbmı?
Rus çarlarının həmişə favoritləri olub. Onların vəzifə və sərvət sarıdan elə bir kasadlığı olmayıb. Indiki tandemi bu silsilədən olan hadisə kimi yozaq. Amma Medvedevin hesabı maraq doğurur. Bəli, o, artıq Putin üçün sınanmış adamdır, buna söz ola bilməz. Amma Medvedev Putinə bu dönəmdə lazım idi, prezident kürsüsünün başqa adamın əlinə keçməsinə imkan verilmədi. Siyasətdə isə əbədi dostlar və müttəfiqlər olmur. Gərək, Medvedev bunu da unutmasın.