Çox maraqlıdı. Sizi bilmirəm, bu gün oxuduğum məqalələr içində məni ən çox tərpədən, hətta yazmağa impuls verən bu xəbər oldu: “”Xalq ulduzu” musiqi yarışmasının iştirakçısı olmuş Səfa Məmmədov Qaraçuxur qəsəbə sakini Elçin Yusifovun mənzilindən 65 min manat oğurlamaqda təqsirli bilinir. Polis tərəfindən dindirilən S.Məmmədov törətdiyi cinayət əməlini etiraf edib”. Əlbəttə ki, Azər Qaraçənlinin sözüylə desəm, “Oğurluq incə sənətdir”. “Xalq ulduzu”nda qələbə çala bilməsə də, para çala bilib. Çalıb da, ama muğam ifaçısı işini incəliklə görə bilməyib. Elə düşünməyin ki, muğam oxuyan adamın oğurluq etməsi təəccübləndirib məni. Əsla! Hətta onun bir dərdinin olmasını da zənn eləyirəm, ama heç bir dərd əxlaqdışı hərəkətə haqq qazandırmır. Bu gün cəmiyyətdə məhz bu yanaşma əxlaqı çatışmır.
Əsas məsələ bu deyil. Maraqlı olan, sənət adamının sənətinə dəxli olmayan bir sənətlə məşğul olmasıdı. Gəl ki, bu sənət adamlarının hansını dindirsən, a balam, siz də bu ölkənin vətəndaşısız, sizin də kiminiz-kimsələriniz var haqqı pozulan, ölkədə azadlıq deyilən şey yoxdu, dövlətin xalqa çatası var-yatırı allahsız şəkildə talan edilir, burada hətta adam oğurluğu qanun səviyyəsindədi, oğurlananı qaytarmaq üçün günün günorta çağı dövlət notariuslarında ödənən milyonlarla bağlı müqavilə imzalanır, pulu alan tərəf adını belə gizlətməyə ehtiyac duymur, Milli Məclisə, bələdiyyələrə, prezident postuna seçkilər 100 faiz vicdansızlıqla keçirilir, insanların namusu olan səsi oğurlanır, heçə sayılır, zibil qutularına atılır… bəs siz niyə susursunuz, səsinizi çıxarmırsınız, illah da musiqiçi olasan, ilahi musiqi oxuyasan, səs bir səndə ola, bir Tarzanda… deyəcəklər ki, biz sənət adamıyıq, siyasətə qoşula bilmərik. Ama gedib oğurluq eləmək olar, hər cür qanunsuz işlərə bulaşmaq da ayıb deyil… Sadəcə, dəhşətdi. Görün, bu hakimiyyətdəkilər nə qədər qara işlər görüb ki, hətta şəriətdə əlin kəsilməsi ilə cəzalandırılan oğurluq belə həqiqətsevərlikdən, vətənsevərlikdən şərəfli iş sayılır! Burda siyasətçilər qanundan kənar elan olunur, oğrulara isə hörmətlə “qanuni” deyirlər!Görəsən hər şey bu dövlətdə öz yolunda getsəydi, gəlirlər vətəndaşlar arasında bərabər şəkildə bölüşdürülsəydi, gerçək iş yerləri açılsaydı, hər kəsə əməyinə, qabiliyyətinə, istedadına görə haqq çatsaydı, bu “xalq ulduzu” nədən oğurluq etməliydi ki? Haqq deyəndə lütfən ağlınıza rüşvət gəlməsin, bilirəm ki Azərbaycanda “haqq” deyəndə görülən qanunsuz işə görə ödənilən məbləğ ağla gəlir.
Indi məni bu düşündürür – bu gənc ulduzun valideynləri, yaxınları, doğmaları, dostları, varsa – sevgilisi ona nə deyəcəklər? Yəqin ki, gözün üstə qaşın var deməzlər. Yazıq neynəyib ki? Iraq, mitinqə çıxmayıb, aksiyaya qoşulmayıb, cəbhəçi deyil, müsavatçı deyil, IP üzvü isə heç yerli-dibli deyil. Azadlıq istəmir, istefa demir, inqilab arzulamır. Araşdırsan, hələ YAP üzvü çıxacaq. Sənət adamı da belə səfeh işlərə qoşulmursa, demək ata-anasının valideynlik haqqını yeməyib, düz yoldadı, tərbiyəli övladdı, ilhamın qanadlarında da düzü-dünyanı xumar-xumar dolaşa bilər. Sənət adamı nəşə çəkər, iynə vurar, araq içər, çapqın, hətta yapçı olar (payçı), ama kimsə deməsin ki, sənin də səsin gəlsin! Ədəbiyyat aslanları gül yığan ölkənin müğənnisi bundan artıq nə eləyəsidi ki? Bu da onun yazdığını oxuyur da, ay xanəxərab!YAP demişkən, maraqlı xəbər almışam. Yenidən kütləvi yaplaşdırma başlayıb.
Büdcə təşkilatlarında çalışıb hələ də yaplaşdırılmamış qalanların “hə”risini almadan yığıb aparırlar Heydər Əliyev muzeylərinə və topdan YAP-ın üzvü eləyirlər. Qədimdə məbədlərdə qurban törənləri belə keçirilərmiş. Allah qəbul eləsin. Ancaq Qurban bayramına bir az qalır axı…