Rahim Hacıyev: «Laricani bu açıqlama ilə Türkiyədən təminat almaq istəyir»
Iran parlamentinin spikeri Əli Laricani Türkiyə hökumətini Suriya və yaxın qonşularla münasibətdə ehtiyatlı davranmağa çağırıb. Əks halda spiker Iranın bu məsələlərə cavab verəcəyini bildirib.
Siyasi ekspert Rahim Hacıyev deyir ki, Əli Laricaninin bu açıqlaması Suriyadakı proseslərin sürətlənməsi və Irana yaxınlaşmasının göstəricisidir: “Bu o deməkdir ki, Suriyada həlledici məqam görünməkdədir. Iran bu təhlükəni üzərində hiss edir və ehtiyat edir ki, eyni proses Suriyadan onlara da keçə bilər. Iran indidən bu məsələni gündəmə gətirməklə Türkiyə tərəfindən təminat almaq istəyir. Yəni, Suriyadan sonrakı proseslərdə Irana hər hansı keçid baş verərsə, Türkiyə Suriyada olduğu kimi, Iranda fəal olmayacaq. Yaxud Qərb ölkələrini dəstəkləməyəcək”.
R.Hacıyevin sözlərinə görə, Türkiyə NATO-nun və ABŞ-ın raket əleyhinə komplekslərini ölkəsində quraşdırmağa razılıq verdiyindən Iran üçün yeni təhlükəyə çevrilib: “Bu da Iranı narahat edən məsələlərdən biridir. Eyni zamanda Türkiyənin öz xalqlarına qarşı zorakı davranan hökumətlərə münasibəti də Iranı narahat edir. Bilirsiniz ki, Iranda vaxtaşırı Azərbaycan türkləri fəallaşır və Iran hökumətin zorakı metodlarla bunun qarşısını alır. Iran hesab edir ki, güneydəki azərbaycanlılar milli azadlıq uğrunda mübarizəyə başlasalar və bu prosesə Iranın zorakı müdaxiləsi olsa, Türkiyə bunu da yaxşı qarşılamayacaq. Ona görə Iran indidən özünü təhlükələrdən sığortalamaq istəyir. Türkiyə isə hazırkı siyasi vəziyyətdə öz kursunda çox ardıcıldır. Dünyanın yenidən şəkillənməsindəki missiyasını başa düşür. Bu da Iranı narahat etməyə bilməz”.
Gültəkin