Iki gün öncə “Azadlıq” qəzetində S.Həzidən bir cümlə diqqətimi cəlb etdi:”Amma ortada muzdlu bir dəstə elə hay-küy yaradır ki, guya Misir Mərdanov getsə, təhsilimiz dünya onluğuna girəcək”. Doğrusu, belə sərrast ifadə gözləmirdim. Görünür, vicdanı susmayanlar çoxdur. Seymur bəyi hiddətləndirən səbəblərə aydınlıq gətirəcəyəm.Əvvəl kiçik bir ekskursiya. Pedaqoji anlayış kimi “tərbiyə” sözünün dar və geniş mənaları var. Geniş mənada tərbiyə o deməkdir ki, vətəndaş yetişdirmək üçün ailə, məktəb və cəmiyyət kompleks tədbirlər planı həyata keçirir. Bu baxımdan təhsilli olmaq özü də tərbiyəli olmağın parametrlərindən biridir. Buradan məntiq hasil olur: məktəbin vəzifəsi ilk növbədə tərbiyə verməkdir, çünki onun diapozonu böyükdür.
Amma bizim hakimiyyət praktik olaraq əksinə düşünür: tərbiyə lazım deyil, savadlı olsun. Nəticədə isə məktəb tərbiyəsiz savadlılar hazırlayır, bunlar da öz növbəsində cəmiyyət üçün çevik bir yırtıcıya çevrilirlər.
Bəs tərbiyəli olmaq nə deməkdir? Uşaqlar bir yana qalsın, biz valideynlərin tərbiyəsi yerindədirmi? Tərbiyəli olmaq o demək deyil ki, küçədə gedənə söyməyəsən. Bu keyfiyyət özündən böyüyə salam verməklə də bitmir. Zövqlə geyin və hamının xoşu gəlsin – yenə də azdır. Tərbiyəli olmaq birinci növbədə ölkəsinin vətəndaşı olmaqdan keçir. Vətəndaş ağla qaranı, xeyirlə şəri nəinki ayırd etməyi bacarmalı, həm də haqlı tərəfin müdafiəsində durmalıdır. Indi siz mənə söyləyin, hansı millət vəkili adlandırdığımız şəxs haqq səsini qaldırıb deyir ki, ay rejim mənsubları məktəblilərin gözü qarşısında seçkini saxtalaşdırmayın, uşaqlar pis tərbiyə alırlar. Əksinə, bu qurama millət vəkilləri də yaxşı bilirlər ki, mandat almağın texnologiyası yalan söyləməkdən və yaltaqlıq etməkdən keçir. Güman edirəm, fikrim çatdı: təhsilin problemi cəmiyyətin problemlərindən ayrı ola bilməz. Çox təəssüf ki, bəzi təhsil ekspertləri ictimaiyyəti çaşdırırlar. Onlar min bir yolla Misir Mərdanovun təhsil üçün problem olduğunu ictimai rəyə sırımaq istəyirlər. Misir müəllimi bu nəhəng avtoritar maşının vintciyi kimi tənqid etməyin tərəfdarıyam. Azərbaycan təhsili həqiqətən ağır durumdadır. Hətta Misir Mərdanov da LENT.Az-a müsahibəsində səmimi etiraf etdi ki, abituriyentlərin iyirmi faizi ali məktəblərdə təhsilini davam etdirmək gücündədir. Amma təhsil bu məmləkətdə avtonom bir sahə deyil. Digər sahələrdə baş verən özbaşınalıqlar burada da öz əksini tapır.
Məsələ son aylarda daha da qəlizləşib. Belə ki, ölkədə kimin söz sahibi olduğu sual altındadır. Bunun nəticəsidir ki, təhsilə dualist baxış nəzərə çarpmaqdadır. Bir tərəfdən, TQDK-nın fəaliyyəti nisbətən şəffaf görünür, digər tərəfdən, təhsil orqanlarının fəaliyyəti qarşısında olmazın əngəllər yaradılır. Icra strukturları birbaşa məktəblərə siyasi fəaliyyət göstərişi verir, təhsil isə qalır valideynin ümidinə. Təhsilverənlərin əmək haqqı da bilərəkdən artırılmır. Bu, qəsdən təhsili sıradan çıxarmaq məqsədi daşıyır. Aprel ayında islahat sədası gələndə Təhsil Nazirliyinin sözçüsü B.Hüseynzadə ANS-in tribunasından açıq dedi: “Məktəblərdə ikili tabeçilik var”.
Önəmli olan daha ciddi bir məqam var. Xeyli müddətdir ki, nazir müəllimlərin əmək haqlarının azlığından şikayətlənir. Bu isə hakimiyyətə söyüş söymək qədər ağırdır. Hələ onu demirəm ki, iki-üç il bundan qabaq Misir müəllim daha bir cəsarətli söz işlətmişdi: məktəblərdə rüşvəti təşkil edən icra hakimiyyətləridir. Bundan ötrü onunla Ramiz Mehdiyev arasında ciddi gərginlik yaşandı. Dünən “Azadlıq” radiosunda yenə də nazirin ünvanına həmin ittihamlar səsləndi. Başa düşüləndir, Etibar Əliyevin Misir müəllimlə vəzifə davası qədim tarixə malikdir. Amma alternativ fikirləri eşitməyə dinləyicilərin haqqı vardı. Təəssüf ki, dinləyicilər bu haqdan məhrum edildilər. Əvəzində isə Musa Qasımlının yarıromantik, yarıfantastik təhsil moizələri efiri daha da yeknəsəq etdi. Məsələnin daha vacib bir tərəfini qeyd etmək istəyirəm. Ekspertlərin bu cəhdi dolayısı yolla hakimiyyətə xidmətdir, guya günahkar icraçı məmurlardır. Sübut üçün hörmətli Etibar müəllim hətta H.Əliyevin on il bundan qabaq imzaladığı fərmandan nümunə gətirir. Belə çıxır ki, bütün fərmanlar icra edilib, qalan bircə sadaladığımdır.
O ki qaldı kimin qalıb, kimin getməyinə, bilmək çətin deyil. Vəzir gedib, top gedib, at da həmçinin – qalır mat olmaq. Təki xalq udsun. Təəssüf ki, belə deyil.
Nabatəli Qulamoğlu