Rüfət Hacıbəylini müdafiəsiz qoyan hakim prosesi təxirə salmaqla vaxt qazanır
İctimai Palatanın 2 aprel aksiyasına görə həbs olunan 4 gəncin -Ülvü Quliyev, Elnur Məcidli, Rüfət Hacıbəyli və Əhəd Məmmədlinin işi üzrə Nəsimi rayon Məhkəməsində növbəti proses keçirildi.
Hakim “salam, sağ ol” etmək istəyir
Məhkəmə iclası başlayan kimi hakim Rüfət Hacıbəyliyə özü üçün vəkil tutub-tutmadığını soruşdu. R.Hacəbəyli heç bir vəkillə müqavilə bağlamadığını deyərək, vəsatətlə çıxış etdi. O, vəkil Elçin Namazovun hüquqi yardımından istifadə etmək istədiyini bildirdi.
Hakim Şahin Abdullayev isə E.Namzovun hərəkətləri ilə bağlı Vəkillər Kollegiyasına sorğu göndərildiyini və həmin sorğunun nəticəsini öyrənmək məqsədilə məhkəmənin növbəti dəfə təxirə salındığını elan etdi.
Məhkəmə adına ləkə
Vəkillər hakimin bu qərarına etiraz etdilər. Onlar R.Hacıbəylinin vəkil problemi ilə bağlı vəsatətinin müzakirə edilməsini tələb etdilər. Məcbur qalan hakim vəsatəti müzakirəyə çıxardı.
Elnur Məcidlinin vəkili Mənsum Bayramov bildirdi ki, E.Namazovun məhkəmədən kənarlaşdırılması problemi həll etmir: “Hakim də, prokuror da Elçin Namazovu məhkəmədən kənarlaşdırmaqla hesab edir ki, problem həll edilir, daha məhkəmədə müdafiə müqaviməti olmayacaq. Elçin Namazovun prosesdən kənarlaşdırılması hüquq-mühafizə orqanlarının, məhkəmə sisetminin adına ləkədir. Bu hərəkət məhkəmə sistemi üçün utancvericidir, xəcalətdir. Hakimin Elçin Namazovla bağlı çıxardığı qərar “Qladiator” filimində imperatoru xatrılatdı. Bu gün belə hərəkətlər etməklə vətəndaşların müdafiə hüququ pozulur. Bu hərəkət nə hüquqa, nə də insanlığa sığır. Elçin Namazovu prosesdən kənarlaşdırmaqla hesab etməyin ki, prosesdə daha vəsatətlər olmayacaq. Elçin Namazovun hazırladığı vəsatətləri alıb öz adımdan məhkəmədə verəcəm. Arxayın olmayın ki, daha burada sakitlik olacaq. Elçin Namazov məhkəmədə aktiv idi, ona görə də bizə söz demək qalmırdı. Elçin Namazov məhkəmədən kənarlaşdırıldığı halda biz onun yolunu davam etdirəcəyik”.
“Bir günah səndədir, bir günah məndə”
Ülvi Quliyevin vəkili Osman Kazımov yaranan vəziyyətə görə hakimi və Namazovu günahkar bildi. O, prosesdə Elçin Namazovun xırda səhvləri oluduğunu dedi. Lakin, əlavə etdi ki, həmin xırda səhvləri hakim şişirdilmiş, daha sərt halda təqdim edib: “Elçin Namazova qarşı edilən bu hərəkət qanunsuzdur. Ona görə də təklif edirəm ki, məhkəmə öz qərarına yenidən baxsın. Hakim burada deyir ki, Elçin Namazovun hərəkətləri ilə bağlı Vəkillər Kollegiyasına edilmiş şikayətin nəticəsini öyrənmək məqsədilə sorğu göndəriləcək. Hakimin bu cür hərəkəti sifarişin verilməsindən xəbər verir. Belə hərəkət etməklə sifariş tonu yaradılır. Bu da yaxşı hal deyil. Elçin Namazov yenidən məhkəməyə qaytarılmalıdır. Çünki Rüfət Hacıbəylinin müdafiə hüququ pozulub. Bu da Azərbaycan məhkəmə sistemi üçün nöqsanlı haldır. Məhkəmədə Rüfət Hacıbəylinin müdafiə hüququ bərpa edilməlidir”.
O.Kazımov hakimi səbrli olmağa çağırdı. O, bildirdi ki, vəkilin hərəkətlərinə hakim səbrlə yanaşmalıdır.
YAP-dan çıxdı, Müsavata üzvlük üçün müraciət etdi
Prosesdə çıxış edən Ü.Quliyev bildirdi ki, proses başlanandan vəkillərinə qarşı təzyiqlər davam edir. Vəkili Osman Kazımova qarşı edilən təziyləri diqqətə çatdıran Ü.Quliyev Yeni Azərbaycan Partiyası sıralarından istefa verdiyini bəyan etdi: “Həbs olunan günə kimi YAP-ın üzvü olmuşam və bu partiyanı da təmsil etmişəm. Amma bu gün bu partiyadan istefa verirəm və Müsavat Partiyasına üzv olmaq üçün müraciət edirəm. Bu gün Müsavat Partiyasının Gənclər Təkilatının həbsdə olan sədri Tural Abbaslının ad günüdür. Onu da günü münasibəti ilə təbrik edirəm. Özümü də bu partiyanın gənclər təşkilatında görməyi istəyirəm”.
Ü.Quliyev vəkillərə qarşı edilən təzyiqlərə son qoyulmasını hakimdən tələb etdi. Hakim isə E.Namazovun hərəkətlərinə səbrlə yanaşdığını dedi. O proses zamanı E.Namazovun hörmətsizlik etməsinə son qoyulmasına çağırışlar etdiyini də xatırlatdı.
Şou, yoxsa məhkəmə
R.Hacıbəylinin vəsatətini dəstəkləyən Əhəd Məmmədlinin vəkili Yalçın İmanov bildirdi ki, həbsdə olan gənc fəalın müdafiə hüququ gobud şəkildə pozulub: “Bütün dünyada qəbul olunmuş qayda var ki, siyasi məhkəmlər şoudur. Dünyada bu qəbul edilib. Şou adlandırlan bu məhkəmə rollara bölünür. Bu məhkəmə şoularının prodüseri də hakimdir. Belə olan halda hakim daha dözümlü olmalıdır. Siyasi məhkəmələr beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Azərbaycanda məhkəmə sisteminin müstəqil olmaması beynəlxaq təşkialatların, ABŞ Dövlət Departamentinin hesabatlarında xüsusi vurğulanıb. Elçin Namazovla bağlı çıxarılan qərar məhkəmə sisteminə hörmət gətirməyəcək. Hələ ki problemin həll edilməsi üçün imkan var və bu imkan tükənməyib. Hakimin müdürklük göstərib öz qərarını ləğv edəcəyinə, Elçin Namazovu yenidən Rüfət Hacıbəylinin hüquqlarını müdafiə etmək üçün geri qaytaracağına ümid edirik”.
Məhkəməni yubatmanın səbəbi
R.Hacıbəyli isə bildirdi ki, E.Namazovun prosesdən kənarlaşdırılması onun müdafiə olunmasını alt-üst edib. Əvvəldən E.Namazovun müdafiəsindən istifadə etdiyini deyən gənc fəal bildirdi ki, cinayət işi üzrə hər xırda detalları da E.Namazov bilir. Istintaq zamanı kobud qanun pzountularına yol verildiyini deyən R.Hacıbəyli bildirdi ki, E.Namazovun müdafiə hüququndan istifadə edəcək.
Ə.Məmmədli isə bildirdi ki, bu cinayət işi üç qrupa bölünüb: “İki qrup icraçıdır, bir qrup təşkilatçı. Təşkilatçıların işinə baxılmamış artıq icraçılardan bir qrupuna hökm çıxarılıb. İcraçılara hökm çıxarılandan sonra təşkilatçıların işinə baxılması mümkün olmur. Hökm çıxarandan sonra bunu anladılar və bizim işimizi də buna görə, gecikdirməklə məşğuldurlar”.
Hakimin dəyişməz mövqeyi
Dövlət ittihamçısı Aydın Əliyev qeyd etdi ki, E.Namazov məhkəmədə aktivlik nümayiş etdirdiyinə görə prosesdən kənarlaşdırılmayıb. Onun sözlərinə görə, vəkil məhkəməyə hörmətsizlik etdiyinə görə prosesdən kənarlaşdırılıb. Şahin Abdullayev də hakim-vəkil münasibəti ilə bağlı prosesdə səslənən ittihamlara təəssüf etdiyini dedi. Hakim bildirdi ki, E.Namazov məhkəməyə, şahidə hörmətsizlik etdiyi üçün prosesdən kənarlaşdırılıb. Hakim onu da bildirdi ki, vəkilin hərəkətlərindən Vəkillər Kollegiyasına şikayət edilib: “Bu qrumun hansı qərar verəcəyi bizə məlum deyil. Əgər Vəkillər Kollegiyası Elçin Namazovun xeyrinə qərar çıxarsa, biz onun prosesə buraxılmasını təmin edəcəyik. Əks qərar çıxarılsa növbəti prosesə kimi Rüfət Hacıbəyli özünə yeni vəkil tutmalıdır. Tutmasa biz onu dövlət hesabına vəkillə təmin edəcəyik”.
Hakim Vəkillər Kollegiyasının qərarını öyrənmək üçün məhkəmə iclasının sentyabrın 19-na kimi təxirə salındığını elan etdi.
Natiq