Post-Patrul Xidmətinin əməkdaşı mühakimə olunanları tanımadı
Müttəhimlər özlərinə vəkillik etdilər
Dünən Səbail Rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidlinin işi üzrə məhkəmə iclası davam etdirildi.
Prosesin əvvəlində məhkəmə iclas katibi prosesə gələnlərin adlarını açıqladı. Lakin gəlməyənlərin adlarının açıqlanmaması vəkil Ilqar Musayevin etirazına səbəb oldu. Vəkil hakimdən tələb etdi ki, gəlməyən zərərçəkmişlərin adları və hansı səbəbdən məhkəməyə gəlməmələri elan edilsin. Bundan sonra məhkəmə katibi 22 zərərçəkmişin məhkəməyə gəlmədiyini bildirdi. O qeyd etdi ki, həmin zərərçəkmişlərin məhkəməyə gəlməməsi barədə heç bir məlumat yoxdur. A.Hacılı vəkillərin prosesdə iştirak etməmələri üzündən məhkəmənin təxirə salınmamasını təklif etdi. A.Hacılı bildirdi ki, onların özlərinin məhkəmədə müdafiə etmək bacarıqları var. Hakim A.Hacılının təklifini müsbət qarşıladı. F.Qəhrəmanlı isə bildirdi ki, onunla birlikdə mühakimə olunan M.Məcidlinin 38 yaşı tamam olur: “Məhəmməd Məcidlini təbrik edirəm. Məhkəmədən isə ona ən böyük təbrik azadlığa buraxılması ola bilər”.
“Şüar səsləndirmək cinayət deyil”
Bundan sonra M.Məcidli ifadə verdi. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyərək bildirdi ki, 2 aprel aksiyasına könüllü şəkildə qoşulub. Onun sözlərinə görə, Azərbaycanda yaranmış vəziyyətə, korrupsiyaya, Qarabağ probleminin həll olunmamasına etirazını bildirib. O, qeyd etdi ki, aksiyada “Istefa”, “Azadlıq” şüarları səsləndirib, həmin şüarları da səsləndirmək cinayət deyil. M.Məcidlinin ifadəsinə görə, hakimiyyət qüvvəllərinin təxribatı nəticəsində cinayət işi qurulub.
M.Məcidli bildirdi ki, aksiyanın keçirilməsi üçün Bakı Şəhər Icra Hakimiyyətinə müraciət edilsə də, meriya buna icazə verməyib. AXCP üzvünün ifadəsinə görə, aksiyanın keçirilməsi üçün icazə almaq anlayışı yoxdur, yalnız xəbərdarlıq edilə bilər: “Biz də xəbərdarlıq etmişik. Lakin meriya qanunsuz olaraq aksiyanın keçirilməsinə icazə verməyib. Belə olan halda da cinayət törətmiş olublar”.
O bildirib ki, sərbəst toplaşma, seçki hüququnun pozulmasına etiraz olaraq bu aksiyaya qatılıb. Aksiyaya qatıldıqdan az sonra polis onu saxlayıb və avtobusa mindirib: “Polis əməkdaşları avtobusda üzümə gözyaşardıcı qaz püskürtdülər, sonra Səbail polisində 30 saat məni susuz saxladılar”.
M.Məcidlinin sözlərinə görə, ssenarisi əvvəlcədən məlum olan 2 aprel aksiyasından bir gün əvvəl bir qrup şərəfsizi toplayaraq Əli Kərimlinin evinin qarşısında aksiya keçiriblər. Onun bildirdiyinə görə, hakimiyyət nümayəndələrinin öyrətdiyi həmin şəxslər Ə.Kərimlinin ünvanına nalayiq söyüşlər səsləndiriblər. Ə.Kərimlinin Azərbaycan ictimaiyyətində böyük nüfuzu olduğunu deyən AXCP üzvünün sözlərinə görə, həmin aksiyada iştirak edənləri isə polislər müşayiət edib.
“Bu hakimiyyət tarixi saxtalaşdırıb”
M.Məcidli qeyd etdi ki, hakimiyyətin müharibə iştirakçılarına, şəhid ailələrinə, əlillərə qarşı münasibəti də hamıya məlumdur. Onun sözlərinə görə, Ramil Səfərov Macarıstanda ermənini qətlə yetirəndən sonra Ermənistanda hökumət səviyyəsində 8 dəfə fövqəladə tədbir keçirilib: “Hətta Ermənistan hakimiyyəti Ramil Səfərovun məhkəmə zalında öldürülməsinə qərar verib. Belə olan halda Ramil Səfərova Azərbaycan hakimiyyətinin mövqeyinə baxın. Heç onu dövlət səviyyəsində də müdafiə etmədilər. Ramil Səfərovun anasının yas yerinə bir nazir də qatılmadı”.
M.Məcidli qeyd etdi ki, Azərbaycanda ziyalı qalmayıb. Onun sözlərinə görə, müstəqil ziyalıların hüquqları məhdudlaşdırılıb: “Bu hakimiyyət tarixi saxtalaşdırıb. Heydər Əliyevi müstəqil dövlətin qurucusu kimi təqdim edirlər. Adını da qoyublar “Qurtuluş”. Biz kimdən qurtulmuşuq?! Azərbaycan dövlətinin qurucusu Əbülfəz Elçibəyi tarakanın başında göstərirlər. Tarixi saxtalaşdıranlar Azərbaycan xalqına qarşı cinayət törədiblər. Bunun da başında Ilham Əliyev dayanıb. Bu hakimiyyət Məhəmməd Əmin Rəsulzadəni tarixdən silməyə çalışır”.
Hakim M.Məcidlinin sözünü kəsərək ittiham üzrə ifadə verməsini tələb etdi. Hakimin hərəkətinə A.Hacılı etirazını bildirdi. A.Hacılı qeyd etdi ki, M.Məcidli ifadəsində aksiyaya çıxmasının səbəbini izah edir. Bundan sonra ifadəsini davam etdirən M.Məcidli bildirdi ki, M.Ə.Rəsulzadəni 70 ilin rus imperiyası tarixdən silə bilmədi, Əliyevlər hakimiyyətinin də ona gücü çatmayacaq. Onun sözlərinə görə, vaxtilə milli təhlükəsizlik naziri olan Namiq Abbasov Bakıda 30 min erməninin yaşadığını bildirib. Həmin ermənilər xaricdə olan lobbiləri ilə əlaqə saxlayırlar, onları məlumatlandırırlar. Azərbaycanda alimin, jurnalistin qətlə yetirildiyini deyən M.Məcidli qeyd etdi ki, ölkədə yaşayanların təhlükəsizliyinə təminat verilmir: “Xalq bu hakimiyyətə nifrət edir. Rəsulzadə və Elçibəyin adı tarixə qızıl hərflərlə yazılıb”.
Hakimiyyət “Azadlıq”, “Istefa” şüarından qorxur
M.Məcidli bildirdi ki, bu ittihamı tərtib edən Fazil Həsənəliyev, ittiham aktına imza atan Əziz Seyidov cinayət törədiblər. O, sərbəst ifadəsinin sonunda ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd etdi.
Dövlət ittihamçısı Ceyhun Kazımovun suallarına cavab verən M.Məcidli daha sonra vəkil Ilqar Musayevin suallarını cavablandırdı:
– Mitinq zamanı sizə qarşı hansı hərəkətlər olub:
– Məni polislər vəhşicəsinə tutublar.
– Siz mitinqdə hansı vaxta qədər iştirak edibsiz?
– Cəmi 5 dəqiqə mitinqdə iştirak etmişəm. Sonra polis məni döyə-döyə həbs etdi.
– Həbs olunan zaman sizə qarşı işgəncə olub?
– Bəli.
– Hansı işgəncə olub?
– Polislər məni amansızcasına döydülər. Daha sonra avtobusa saldılar. Avtobusda qaz buraxdılar. Elə bil ki, məqsəd avtobusda olanları öldürmək idi. Daha sonra məni Səbail Rayon Polis Idarəsinə apardılar, orada 30 saat saxladılar, içməyə bir stəkan su da vermədilər.
M.Məcidli daha sonra A.Hacılının suallarını cavablandırdı:
– Sizi Ictima Palatanın keçirəcəyi aksiyada təşkilatçı kimi təqdim ediblər?
– Xeyr.
– Ümumiyyətlə, Ictmai Palatanın üzvləri hansı partiyalardan ibarətdir?
– Ictimai Palatada müxtəlif partiyalar təmsil olunur, onların arasında YAP üzvləri də var.
Daha sonra suallara cavab verən M.Məcidli bildirdi ki, 2 aprel aksiyasına könüllü şəkildə qoşulub. Onun sözlərinə görə, mitinqdə iştirak etmək cinayət sayılmır: “Mən 2 aprel aksiyasının təşkilatçısı olmamışam. Təşkilatçı olmağı da cinayət saymıram. Əgər aksiyanın təşkilatçısı olsaydım bunu deyərdim. Aksiyada ”Azadlıq”, “Istefa” şüarları səsləndrmişəm ki, hakimiyyətin ən çox qorxduğu şüarlardır”.
Dövlət ittihamçısı M.Məcidlinin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər olduğunu bildirdi. Buna görə də dövlət ittihamçısı M.Məcidlinin istintaqa verdiyi ifadəsini elan etdi. Dövlət ittihamçısının səsləndirdiyi ifadədən məlum oldu ki, M.Məcidli istintaqa verdiyi ifadəsində aksiyadan bir neçə dəqiqə əvvəl Fuad Qəhrəmanlı, Gözəl Bayramlı və onun özünə aksiyanın təşkil etmək göstərişi verildiyini qeyd edib. Dövlət ittihamçısı bildirdi ki, M.Məcidli məhkəmədə verdiyi ifadəsində isə təşkilatçı olmadığını bildirib. Dövlət ittihamçısı M.Məcidlidən bu ziddiyyətə aydınlıq gətirilməsini istədi: “Hörmətli dövlət ittihamçısı, özünüz də qeyd etdiniz ki, aksiyadan bir neçə dəqiqə əvvəl təşkilatçı olduğumu göstərmişəm. Aksiyadan bir neçə dəqiqə əvvəl təşkilatçı olmaq olar? Bu qədər insanı bu vaxt ərzində meydana toplamaq olar? Bunların hamısı absurddur. Mən həmin ifadəni verərkən aksiya zamanı qanunsuz addımın atılmamasına təşkilatçılıq etməyi nəzərdə tutmuşam”.
Dövlət ittihamçısı həmin ifadə ilə bağlı F.Qəhrəmanlıya da sual ünvanladı. F.Qəhrəmanlı dövlət ittihamçısının suallarına belə cavab verdi: “Aksiyadan bir neçə dəqiqə əvvəl təşkilatçı təyin olunmaq və aksiyanın təşkilatçısı kimi təqdim edilmək reallığı əks etdirmir. Aksiyanın keçirilməsi üçün qərarı Ictimai Palata verib. Bu nə AXCP-nin, nə də Müsavat partiyasının mitinqi olub. Mən Əli Kərimlinin müaviniyəm. Mənə də o, göstəriş verə bilər. Əli Kərimlinin göstərişi ilə təşkilatçı ola bilərəm. Ona görə də kiminsə göstərişi ilə təşkilatçı olmağım barədə səslənən ittihamlar absurddur. Mən aksiyada asayişin qorunmasına təşkilatçılıq etmişəm. Aksiya zamanı zorakılıqların qarşısının alınmasına təşkilatçılıq etmişik”.
“Zərərçəkmiş” “xəsarət yetirənləri” tanımadı
Daha sonra zərərçəkmiş qismində Səbail Rayon Polis Idarəsinin Post-Patrul Xidmətinin əməkdaşı Ramin Əhmədli ifadə verdi. O bildirdi ki, 2 aprel aksiyasında təlimata uyğun olaraq xidmətə başlayıb. Onun sözlərinə görə, aksiya zamanı ona xəsarət yetiriblər. Həmin xəsarətlər nəticəsində də DIN-nin hospitalında müalicə alıb. Zərərçəkmiş polis məhkəmədə mühakimə olunanları tanımadığını, xəsarət yetirən şəxslərin başqa adamlar olduğunu qeyd etdi. R.Əhmədli məhbuslardan şikayətçi olmadığını dedi və onların azadlığa buraxılmasını məhkəmədən xahiş etdi. Bakı şəhər Baş Polis Idarəsinin əməliyyat müvəkkili Fikrət Nəsibov bildirdi ki, radikal müxalifətin keçirdiyi aksiya zamanı xəsarət alıb. Zərərçəkmişin “radikal müxalifət” ifadəsinə T.Abbaslı etirazını bildirdi. Etirazdan sonra ifadəsini davam etdirən zərərçəkmiş təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını bildirdi. O, təqsirləndirilən şəxslərdən yalnız Arif Hacılını tanıdığını bildirdi. A.Hacılının suallarına cavab verən zərərçəkmiş onu qəzetlərdən tanıdığını dedi.
Zərərçəkmiş polis T.Abbaslının suallarını cavablandırdı:
– Müxalifət nə deməkdir?
Hakim:
– Həmin sualın ittihama aidiyyəti olmadığı üçün çıxarıram.
T.Abbaslı:
– Hörmətli hakim, zərərçəkmiş ifadəsində “radikal müxalifət” deyir. Biz onu aydınlaşdırmaq istəyirik.
Hakim:
– Həmin sualı çıxartmışam.
T.Abbaslı:
– Radikal nə deməkdir?
Polis:
– Bilmirəm.
Suallara cavab verən polis zabiti suallara cavab verərkən “radikal müxalifət” ifadəsini işlətmədiyini bildirdi.
“Bizi Kamal Vəlişov təlimatlandırıb”
Zərərçəkmiş qismində Səbail Rayon Polis Idarəsinin Post-Patrul Xidmətinin əməkdaşları – Məmməd Məmmədov və Cahid Ibişov da ifadə verdilər. Cahid Ibişov bildirdi ki, aksiya iştirakçıları “Azadlıq”, “Istefa”, “Rədd olsun hakimiyyət” şüarları səsləndirdiyi üçün onların qarşısını almağa çalışıblar. Onun sözlərinə görə, həmin vaxt xəsarət alıb və 3 gün həkim nəzarəti altında müalicə olunub. O qeyd etdi ki, aksiya zamanı ona xəsarət yetirən şəxsi tanımır: “Burada o qədər insan var. Tanımıram ki, hakim kimdi, vəkil kimdi, təqsirləndirilən şəxs kimdi”.
T.Abbaslı bildirdi ki, zərərçəkmişin ifadəsi məhkəməyə təhqir kimi qəbul edilməlidir. Hakim isə məsələyə münasibət bildirmədi. Zərərçəkmiş daha sonra ifadəsini davam etdirərək aksiya günü rəhbərliyin təlimatı ilə ərazi üzrə xidmətə çıxıb. Vəkillərin suallarını cavablandıran zərərçəkmiş bildirdi ki, aksiya günü polisləri Kamal Vəlişov təlimatlandırıb. Daha sonra vəkillər zərərçəkmişə “Hakim kimdir burada” ifadəsi əsasında suallar verdilər. Lakin polis əməkdaşı ifadəsini dəyişərək, “burada hakim kimdir” ifadəsini işlətmədiyini bildirdi. Vəkil Ilqar Musayev bildirdi ki, zərərçəkmişin qavraması şübhə doğurur. Vəkilin sözlərinə görə, zərərçəkmiş ifadəsində “burada hakim kimdir” desə də, sonradan israr edir ki, həmin ifadəni işlətmir. Buna görə də vəkil polis əməkdaşının qavramaq barəsində tibbi müayinədən keçməsi üçün vəsatət qaldırdı. Polis əməkdaşı bildirdi ki, daxili işlər orqanlarına qəbul edilərkən tibbi müayinədən keçib və onun heç bir problemi olmayıb. T.Abbaslı da qeyd etdi ki, polis əməkdaşının ağlının yoxlanılması üçün Maştağaya sorğu verilməlidir. Hakim isə vəsatətin təmin edilmədiyini açıqladı. Məhkəmə prosesi avqustun 9-da davam etdiriləcək.
Natiq Güləhmədoğlu