Ailə eks-prezidentlə bağlı heç bir problem görmür, «Naxçıvan klanı» isə onun tezliklə geri qayıtmasını istəyir
Eks-prezident Ayaz Mütəllibov oğlunun 40 mərasiminə kimi Bakıda olacaq. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, hakimiyyətlə bununla bağlı aparılan danışıqlar nəticəsini verib.
Lakin bununla belə iqtidarda Ayaz Mütəllibovun Bakıya qayıdışına münasibət birmənalı deyil. Hakim ailə eks-prezidentin oğlunun dəfn mərasiminə qatılmasında, hətta tərəfdarları ilə görüşlər keçirməsində heç bir problem görmür. Ayaz Mütəllibovun mərhum oğlu Azad Mütəllibovun müalicəsinə Heydər Əliyev Fondu tərəfindən yardım edilməsi də göstərir ki, eks-prezidentlə ailə arasında hər hansı problem yoxdur. Lakin iqtidardakı Naxçıvan klanı Ayaz Mütəllibova qarşı bu cür münasibəti qəbul etmir. Naxçıvan klanı hesab edir ki, eks-prezident hələ də hakimiyyət üçün təhlükəlidir və o, ciddi şəkildə nəzarətdə saxlanılmalıdır. Hətta bəzi məlumatlara görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev səviyyəsində müvafiq strukturlara Ayaz Mütəllibovun Bakıya gəlişinin ciddi ajiotaja səbəb olmasına imkan verilməməsi tapşırılıb.
Dünən aldığımız məlumatlarda həmçinin bildirilir ki, mərhum Azad Mütəllibovun 40-na kimi yas mərasimi keçirilməyəcək. Indi Ramazan ayı olduğundan mərasimdə ehsan verilməsi doğru hesab edilməyib. Mərasimin iftar vaxtına salınması da məqsədəuyğun sayılmayıb. Əvəzində uşaq evlərinə, internatlara yardım edilməsi qərara alınıb və elan edilib ki, Ayaz Mütəllibova başsağlığı vermək istəyənlər Azad Mütəllibovun 40 mərasiminə qatıla bilər.
İnformasiya şöbəsi