Qəzetimizdə çap edilən “Fövqəlnazirdən” “fövqəlnişan” mərasimi” yazısını oxuyandan sonra tanınmış Yapon yazıçısı Mitsuko Takaxasinin “Kəpənək mövsümü” novellasını xatırladım. Novellanın məzmunu belədi ki, qadınlar bir-bir gözəl kəpənəklərə çevrilib insan həyatı ilə vidalaşırlar və deyəsən, bu, onları zərrəcə də acıtmır, əksinə, daha da xoşbəxt eləyir. Əsər 1965-ci ildə “Bunqakkay” (“Ədəbi aləm”) jurnalının xüsusi mükafatına layiq görülüb.
Indi bilmirəm, “fövqəlnişan” mərasimi hansı mükafata layiq görüləcək, ya görülməyəcək, ama bu xəbər oxucuları çox hiddətləndirib. Bütün hallarda xeyir iş baş verib, bizə də gənclərə yalnız ailə səadəti diləmək qalır. Ancaq görəsən, təməli atılan o gənc ailə, gənc bəy Taleh, o ailənin başçıları başqa Azərbaycan ailələrinin taleyini düşünürmü? Bu boyda kontrast onlara az da olsa qəribə gəlirmi?
Ancaq bu kəskin fərqi oxucular çox rahat təsəvvür eləyir və heç cür “yemək”, həzm eləmək istəmirlər.
Normalda istənilən milyonerin öz halal qazancı ilə istədiyi kimi rəftar etmək ixtiyarı var – pulu cırmaqdan, yandırmaqdan, suya atmaqdan, bir sözlə, məhv etməkdən başqa. Ancaq o, pulu istənilən ən səfeh şeyə belə, xərcləyə bilər və bunun kimsəyə dəxli yoxdu. Hərçənd ki, banal xərcləmələr, israfçılıqlar heç də milyonerin şəxsinə baş ucalığı gətirmir. Dağıdılan, havaya sovrulan paranı başqa, gərəyi olan insanlar üçün, sonra hansısa elmi ixtiraya yatırmaq, mədəniyyətə yardımda bulunmaq üçün sərf eləyə biləcəyini və bununla da şəxsiyyətinə heç də xələl gəlməyəcəyini düşünənlər var. Lakin bir daha deyirik – paranı qazanan onunla istədiyi kimi rəftar eləyə bilər, bu, onun müstəsna hüququdu.
Ancaq sözügedən nişanın sahibi sıradan bir nazirdi. Maaşı milyonçu olmağa heç cür zəmin ola bilməz. Elə isə bu hədsiz var-dövlət, bu milyonlar haradandı? Bunu mənə zəng vurub şikayətini çatdıran bərdəli bir oxucum soruşur.
Bərdəli vətəndaşımızı bu nişana dağıdılan milyonlar narahat eləmir. Daha doğrusu, xeyir işin üstünə danışmağı özünə sığışdırmır. Onu başdan çıxaran göyə buraxılan, deyilənlərə görə yarım milyona başa gəlmiş kəpənəklərdi. Bildirilir ki, bu kəpənəyin bir ədədi 40 manata başa gəlib. 40 rəqəmi 40 minə alınan eşşəkləri yada salır. Ancaq hər nə olsa, o eşşəklər dövlətimiz üçün alınmışdı. Kim nə deyir? Görünür, dövlətimizdə eşşək azlıq eləyirmiş, alıblar. Vətənin adı gələndə hər kəs pəs!
Bəs kəpənək? O gözəl həşərat? Onu yurdundan-yuvasından eləyənlər yurd-yuva quranda yuvadan ayrı salınmanın nə olduğunu, havaya, Bakı səmasına buraxılandan az sonra avara-sərgərdan qalıb tələf olacaqlarını düşündülərmi? Həşərat olanda nə olar? Onları da tanrı, təbiət yaradıb və öz yurdlarında yaşamaq kimi haqları var. Görəsən bir milyonluq ayı əhvalatından, bu insan vəhşiliyindən çaşqına dönən dünya heyvan qoruma təşkilatları nə hisslər keçirəcəklər? Ancaq bizimçün əsas kəpənəkləri tələf eləyənlərin nə düşünməsidi. Nə düşünəcəklər? Öz yurddaşını, vətəndaşını düşünməyənlər bir kəpənəyimi düşünəcəklər?
Oxucumun söylədiyi fakt isə tük ürpədir. Deyir ki, onun II qrup əlil olan yoldaşı, uşaqlarının anası cəmi 40 manat pensiya alır. Yəni gerçəkdənmi bu hakimiyyət üçün, bu dövləti idarə eləyənlər üçün bir insanın qiyməti bir anlıq nəşə yaradacaq kəpənəyin qiyməti ilə eynidi? Budurmu əhalinin rifah halının analoqsuz inkişafı?
Məni isə bu məsələdə bir şey əndişəyə salır. Qorxuram ki, bu gerçəkliyi görən xanımlar bir-bir kəpənəyə çevrilmək fikrinə düşələr. Yaxşı ki, camaatımız, illah da qadınlarımız kitab oxumur. Hələ-hələ “Kəpənək mövsümü”nü…