Azərbaycanı bu halda nə gözləyir?
Xəbər verildiyi kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Nazirlər Kabinetini neftin aşağı qiymətlərini nəzərə almağa və artıq xərclərdən imtina etməyə çağırıb. Prezident belə bir bəyanatla qazax iqtisadiyyatının artımının təmin olunması problemlərinin müzakirə olunduğu müşavirədə çıxış edib. N.Nazarbayev həmçinin qeyd edib ki, neftin qiymətinin bir barelə görə 30-40 dollar səviyyəsində olacağına uyğunlaşmaq lazımdır:
“Əvvəlki illərdə biz çox tikir, ştatı və əmək haqlarını artırırdıq… Lakin indi vəsait çatışmazlığı hiss olunur, və buna görə də, yeni layihələr üçün xərclər ciddi şəkildə gəlir bazasının genişlənmə imkanları ilə məhdudlaşdırılacaq. 2018-ci ilədək müxtəlif təşəbbüslərə moratorium qoymaq lazımdır. Bu, hazırkı reallıqdan doğan məcburi tədbirdir”. Nazarbayev 2018-ci ilədək dövlət büdcəsinin kəsirini 1 faizə endirməyi tapşıraraq, kəsirin maliyyələşdirilməsinin yalnız daxili ehtiyatlar hesabına aparılmalı olduğunu vurğulayıb. Qazaxıstan prezidenti qeyd edib ki, rəqabət üstünlüklərinə malik olan əsas iqtisadi sahələrin dəstəklənməsinə əhəmiyyət verilməlidir.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Oqtay Haqverdiyev xatırladır ki, Azərbaycanın dövlət büdcəsi ilin birinci yarımilini 700 milyon manat kəsirlə başa vurub. Ilin ikinci yarısında isə neftin qiyməti yenə də yuxarı qalxmayıb. Neftin bir barelinin qiyməti büdcədə 90 dollar hesablandığı halda, vəziyyət mənfiyə doğru gedib və hazırkı prosesin hələ bir müddət də davam edəcəyi aydındır. Versiyalar müxtəlifdir və ekspert neftin hər bareli üçün müxtəlif qiymətləri proqnozlaşdırır:
“Hazırda dünyanın neft bazarında təklif tələbdən iki milyon barel çoxdur. Belə olan halda neftin qiyməti sözsüz ki düşməlidir. Çin və Hindistan iqtsadiyyatında gedən böhranlarla əlaqədar onların da neftə olan tələbatı aşağı düşüb. Sözügedən məsələlər bir-biriylə zəncirvari şəkildə bağlıdır. Azərbaycanın neft, qaz, neft məhsullarının Neft Fonduyla birlikdə büdcədə payı 70 faizə çatır. Bu halda əlbəttə ki, müəyyən problemlər ola bilər. Amma məsələnin pozitiv tərəfi də var. Sosial xərclərin müdafiəsi haqda qanunvericilikdəki müvafiq maddələrə görə bu xərclər müdafiə olunandır. Nə olursa olsun, sosial məsələlərlə bağlı ciddi çətinlik yaşanmayacaq. Yəni maaşlar, pensiyalar veriləcək və bu məsələnin sosial tərəfi problemli olmayacaq”.
Nigar