Fuad Qəhrəmanlı, AXCP sədrinin müavini
22 il tarix üçün elə böyük müddət sayılmasa da, bir nəsil üçün kifayət qədər uzun və həlledici dövr hesab olunur. Bu müddət kifayət etdi ki, Azərbaycanda Milli Azadlıq Hərəkatına qoşulan, sonra da Əliyevlərin avtoritar hakimiyyətinə qarşı mübarizədə iştirak edən bir nəsil öz missiyasını başa vurub, yerini yenilərə dövr etsin. Ancaq bu nəsil əvəzlənməsi heç də yenilərin köhnələrə qarşı yaş diskriminasiyasının nəticəsi kimi qiymətləndirilə bilməz. Uzun illərin mübarizəsi nəticəsində siyasi səhnəni tərk edənlərin motivləri də müxtəlif oldu. Gedənlərdən kimisi uzun illərin müxalifətçiliyindən yoruldu, kimisi dünyasını dəyişdi, kimlərsə ümidlərini və öz mübarizəsinə inamını itirdi, bir çoxları dözüm limiti başa çatdığı üçün öz statusunu siyasi alver vasitəsinə çevirib, komfort həyat müqabilində sadəcə, düşərgəsini dəyişdi.
Bu itkilərin sayı nə qədər çox olsa da, etiraf etmək lazımdır ki, strukturlaşmış demokratik müxalifətin ağırlığının xeyli hissəsi yenə də yaşlanmış hərəkatçıların üzərinə düşür. Ancaq dialektik qanunauyğunluq bütün hallarda öz hökmünü verir. Bu gün müxalifətin yuxarı və aşağı eşelonunda yeni gənc nəslin rolu zamanla artmaqdadır. Hakimiyyət hər nə qədər repressiya yolu ilə müxalifəti basqı altında saxlayıb, onu ətrafına çəkdiyi xof çəpərilə cəmiyyətdən təcrid etməyə çalışsa da, bu ölkədəki vəziyyətdən narazı olan gənclərin müxalifətə üz tutmasının qarşısını ala bilmir. Əksinə, repressiya və təzyiqlər bir çox hallarda yeni gənc siyasətçi nəslinin cəmiyyət qarşsında özünütəsdiq vasitəsinə çevrilərək, onların populyarlıq və ictimai etimad qazanmasına imkan yaradır.
Yenilərin gəlməsi üçün “köhnələr” getməlidirmi?
Ancaq məsələnin siyasi və mənəvi baxımdan ən həssas tərəfi ondadır ki, biriləri siyasətdə nəsil əvəzlənməsi prosesini nəsillərarası ziddiyyətə çevirməyə, bir çox hallarda isə həm də əvvəlki siyasəti, dəyərləri inkar prosesinə dönüşdürməyə cəhd edir. Bu da təsadüfi deyil. Əslində, hakimiyyət bu məsələdən ideoloji diversiya aləti kimi istifadə edərək müxalifəti daxildən yıpratmağa çalışır. Bu kontekstdə ən çox səslənən üç iddia diqqəti cəlb edir.
Birinci iddia ondan ibarətdir ki, köhnələr getməli, yerlərini gənclərə verməlidir. Belə bir iddia 22 illik müxalifətçiliyin uğur qazana bilməməsi fonunda ilk baxışdan cəlbedici görünə bilər. Xüsusilə də bütün məchulların sınanıb nəticə vermədiyi bir şəraitdə, adi “obıvatelin” nəzərində bu uğur qazanmağı mümkün edəcək bir variant təsiri bağışlaya bilər. Ancaq bu tezisin arxasında yatan məkrli niyyət ondan ibarətdir ki, iqtidar yeni nəslin əli ilə 20 ildən artıq müddətdə məhv edə bilmədiyi, hər zaman da mənəvi baxımdan uduzduğu əzəli rəqiblərinin “yeniləşmə” adı ilə cəmiyyət tərəfindən inkarına, “iqnor olunmasına” nail olmağa çalışır.
Əslində, həm iqtidara birbaşa bağlı olan, həm də bu cür məsələlərdə hakimiyyətin ruporuna çevrilmiş “Yeni Müsavat” kimi media orqanlarında bu tezisin davamlı işlənməsinin pərdəarxası məqsədi hakimiyyətin ölkə miqyasında nüfuz və rəğbətə sahib olan rəqiblərini zəiflətmək cəhdidir. Lakin aydındır ki, ölkədə dəyişikliyin olmamasının səbəbi heç də müxalifət liderlərinin yaşındakı rəqəmlərlə bağlı deyil. Heç bir normal düşüncəli insan deməz ki, indiyə qədərki şərtlərdə, müxalifət liderləri yaş etibarilə daha cavan olsaydılar, bu, avtomatik fərqli nəticənin meydana çıxmasına səbəb olardı. Unutmaq olmaz ki, hazırkı müxalifət liderləri və rəhbərlikdə olanların əksəriyyəti məhz ötən 20 il ərzində öz gəncliklərini bu mübarizəyə sərf ediblər. Deməli, problem heç də yaş məsələsində deyil. Müasir dünya təcrübəsi də onu göstərir ki, avtoritar rejimlərin dəyişdirilməsində gəncliyin rolu daha çox məhz meydanlarda ifadə olunur.
Digər tərəfdən dünyanın heç bir yerində yeni nəslin siyasətdə önə çıxması yaş diskriminasiyası əsasında baş vermir, köhnələr “çəkilin” komandası ilə səhnəni boşaldıb yerlərini yenilərə vermirlər. Bu proses siyasi partiyalarda yeni simaların özlərini təsdiqləməsi və siyasi statuslara sahib olması şəklində tədrici formada, yaşa görə deyil, ağıl və qabiliyyət prinsipinə görə önəçıxma ilə baş verir. Məsələn, Əli Kərimli 36 yaşında Xalq Cəbhəsinin sədri seçiləndə dünyasını yenicə dəyişmiş Elçibəy komandasının ən gənc üzvü idi. Onun bu posta seçilməsi yaşına görə deyil, liderlik qabiliyyətinə görə mümkün olmuşdu. Ancaq indi partiyalarda özünü təsdiqləyə bilməyən, siyasi rəqabət qabiliyyəti, intellektual potensialı zəif bəzi gəncləri süni surətdə qabartmaqla, iqtidar mediası merkantil maraqlar üçün siyasət oyunu oynamağa həvəsli olan gəncləri ortaya çıxarıb müxalifət liderlərinə qarşı ictimai etimadı sarsıtmağa çalışır. Bu baxımdan, müxalifətə aid olmayanların “müxalifəti gəncləşdirmək” tezisini ortaya atmalarının əsas məqsədi ictimai narazılığın güclü müxalifət liderləri ətrafında təmərküzləşməsinin qarşısını almaqdır.
22 illik uğursuzluğun məsuliyyətini kim daşıyır?
Müxalifətə qarşı yeniləşmə pərdəsi altında irəli sürülən başqa bir ittiham da budur ki, 22 il ərzində uğur qazanıla bilməməsi məhz müxalifətin bacarıqsızlığı, səhvlərinin nəticəsidir. Ölkədə dəyişiklik olması üçün bu yanlışlıqların məsuliyyətini daşıyan köhnələr getməli, yerlərinə yeniləri gəlməlidir.
Bu iddia əslində, ölkədəki mövcud reallığı təhrif edib, problemlərin səbəbi kimi hakimiyyəti deyil, müxalifəti göstərmək məqsədi daşıyır. Ilk növbədə onu deyək ki, müxalifət ümumi anlayışdır. Unutmaq olmaz ki, mövcud rejimə qarşı mübarizədə müxtəlif vaxtlarda, müxtəlif partiya və liderlər öndə olublar. Onlardan hər hansı birinin səhvi və ya yanlışlıqlarının məsuliyyətini heç də bütün müxalifətə aid etmək doğru olmaz. Məsələn, 2003-cü ildə hakimiyyət dəyişikliyi üçün yaranmış real fürsət Müsavat partiyası rəhbərliyinin ciddi səhvləri üzündən əldən verildi. Başqa müxalifət partiyalarını buna görə günahlandırmaq doğru olmaz. Yaxud da 2001-ci ildə Müsavat rəhbərliyi iqtidarın AXCP-ni parçalamaq siyasətinə dəstək verərək, əsl AXCP kimi partiyadan ayrılmış kiçik bir qrupu tanıdığından, uzun müddət müxalifət düşərgəsində intriqa mühiti yarandı. Ona görə də indi durub, o dövrdəki səhvlərə görə “müxalifət yanlışlar edib” deyib, hamını ümumi şəkildə qınamaq doğru olmazdı. Bu, siyasətin tələbidir: yaşından, statusundan asılı olmayaraq, öz səhvləri ilə uğursuz nəticələrə görə məsuliyyət daşıyanlar ictimai etimadı itirdikləri üçün səhnəni tərk etməlidir. Ona görə də “Ənənəvi və ya əvvəlki müxlifət getməlidir” yox, “səhvləri olanlar buna görə səhnəni tərk etməlidir” ifadəsi daha doğrudur. Bu tərketmə də kiminsə imperiativ tələbilə olmur, cəmiyyətin etimadını itirən qüvvə onsuz da tədricən zəifləyərək, öz siyasi gücünü itirir. Deməli, nəticəyə görə ümumi məsuliyyət anlayışı yanlışdır.
Müxalifətin 22 illik mübarizəsini ümumi şəkildə qiymətləndirsək, o zaman etiraf etmək lazımdır ki, “ənənəvi” adlandırılan müxalifət bu günə qədər ölkədə keçirilən bütün seçkiləri udduğu halda, hakimiyyət saxtakarlıq və zorakılıq yolu ilə bu qələbələrin qarşısını alıb. Deməli, müxalifət yanlış siyasət yürütsəydi və ya hakimiyyəti tənqid etməklə yanaşı, doğru alternativlər təqdim etməsəydi, heç cəmiyyətin müxalifətə etimadı da olmazdı və nəticədə seçkilərdə xalqın səsini qazana bilməzdi.
Etiraf etmək lazımdır ki, “köhnə müxalifət getməlidir” iddasının müəllifləri sırasında hakimiyyətlə heç bir bağlılığı olmayıb, səmimi müxalifət mövqeyində olan xarici təhsilli gənclər də var. Yaxın tariximizdə bu gənclərin bir çoxu müxalifətçi kimi fəal siyasətə qoşuldular və əldə etdikləri nəticələrlə heç də fərqli bir uğur hekayəsi yarada bilmədilər. Onlardan bir çoxu təklif etdikləri yeni siyasi texnologiyalarla seçkilərdə 3-4-cü yerləri tutmaqla kifayətləndi, bir qisminin isə təşkilatlanmaq təşəbbüsü fiaskoya uğradı.
Vaxtilə mövcud müxalifət partiyalarında təmsil olunan başqa bir qrup da var ki, onlar, sadəcə müxalifəti tənqid etməklə özlərini yeni qüvvə kimi prezentasiya etməyə çalışırlar. Əksəriyyətinin yaşları 50 civarında olan bu yaşlı “gənclər” 6-7 illik təşkilatlanmanın nəticəsi olaraq, AXCP-nin bir rayon təşkilatı səviyyəsində çoxala bilməyiblər. O zaman ortaya belə bir nəticə çıxır ki, istənilən siyasi təşkilatlanma və ya təşəbbüs mütləq sosial zərurətə, ictimai sifarişə əsaslanmalıdır. Əgər cəmiyyət bu gün AXCP-ni və ya Milli Şuranı deyil, başqa bir siyasi qüvvənin meydana çıxmasını istəyərdisə, o zaman adları çəkilən təşkilatlar və onların liderləri buna necə mane ola bilərdilər? Bu məsələ ki hakimiyyətin monopoliya siyasəti formasında tənzimlənmir, əksinə, AXCP və Milli Şuraya olan təzyiq və basqılar başqaları üçün daha geniş imkanlar açır. Əgər onlar ortaya fərqli bir nəticə qoya bilmirlərsə, deməli, problem heç də meydanda olan müxalifət təşkilatlarının fəaliyyətində və ya cəmiyyətin onlara münasibətində deyil.
“Radikal” mübarizə mərhələsi bitdimi?
Son vaxtlar “Yeni Müsavat” qəzeti tərəfindən müxalifətə qarşı gündəmə gətirilən tezislərdən bir də “radikal mübarizənin” fayda verməməsidir. Bu tezis əslində, qəzetin və onun rəhbərinin siyasi prinsiplərə və mövqeyinə dönüklüyünü haqlı çıxarıb, demokratik düşərgədəki mübariz insanları məyusluğa düçar etmək, dəyərlərə xəyanətə qarşı ictimai qınağı aradan qaldırmaq üçündür.
Əvvəlcə onu vurğulamaq gərəkdir ki, hazırda demokratik müxalifət hesab olunan AXCP və Milli Şura heç də radikal üsullarla mübarizə aparmır. Radikal mübarizə politoloji baxımdan sistemdən kənar müxalifətə aid edilən silahlı mübarizə forması hesab olunur. Hakimiyyətin və ona bağlı medianın “radikal” kimi təqdim etdiyi fəaliyyət əslində, dövlət səviyyəsində həyata keçirilən korrupsiya və qanunsuzluqları açıq şəkildə dilə gətirmək, xalqın maraqlarına zidd siyasətlə barışmayıb, onu ifşa etmək hesab olunur. Əgər bu “radikal” fəaliyyət səmərəsizdirsə, o halda, müxalifətdən uzaqlaşıb, hakimiyyətlə razılaşdırılmış şəkildə müxalifətçilik edənlər, bu gün nəinki ortaya hansısa fərqli, real nəticə qoya bilməyiblər, hətta cəmiyyəti narahat edən məsələlərdə belə, susduqları üçün ictimaiyyət arasında əvvəlki nüfuzlarını da itiriblər. Ona görə də hakimiyyətlə siyasi bazarlığa gedərək, icazə verilən həddə müxalifətçilik etməyi, prinsipial və şəffaf müxalifət fəaliyyətinə qarşı daha uğurlu bir fəaliyyət kimi təqdim etmək doğru deyil.
2013-cü ilin prezident seçkilərində məhz Cəmil Həsənlinin müxalifət namizədi kimi seçkinin favoriti hesab olunması faktı onu göstərdi ki, cəmiyyətin də sosial sifarişi məhz bu cür prinsipial, dürüst və cəsarətli mübarizə formasınadır. Bu standartlara uyğun gəlməyən müxalifətçiliyin dayağı isə cəmiyyət deyil, hakimiyyətdir.
Bütün bunları nəzərə alaraq demək olar ki, bu günə qədər demokratik dəyişikliklərin baş tutmamasının əsas səbəbi bu nəticəyə təsir edəcək səbəblərin eyni vaxtda bir arada ola bilməməsindədir. Müxalifətin fəaliyyəti burada vacib olan elementlərdən sadəcə, biridir. Dünyanın heç yerində demokratik müxalifət təkbaşına avtoritar rejimləri dəyişə bilmir. Belə bir dəyişiklik yalnız kütləvi xalq etirazı olan təqdirdə, müxalifətin proseslərə rəhbərlik etməsi, yön verməsi şərtilə mümkün olur. Xalq hələ meydana çıxmırsa, bunun səbəbkarı müxalifət deyil. Bu gün cəmiyyətdə hakimiyyətə qarşı inamın tam tükənməsi, kütləvi narazılığın geniş yayılmasında hakimiyyətin yarıtmaz siyasətilə yanaşı, həm də müxalifətin uğurlu ifşa və əks təbliğat fəliyyəti də müstəsna rol oynayıb. Etiraf etmək gərəkdir ki, insanlar ölkədəki qorxu mühitinə görə hələ ki, meydana çıxmırlar. Ancaq hakimiyyətin yaratdığı bu xofu sındırmaq üçün müxalifət fəalları cəsarətlə mübarizəni davam etdirir, həbslərə gedir, şəxsi nümunələrlə cəmiyyəti fəal mübarizəyə təşviq edirlər. Ölkədə iqtisadi böhran dərinləşdikcə, manatın alıcılıq qabiliyyəti aşağı düşdükcə, qiymət artımı davam etdikcə, işsizlik genişləndikcə cəmiyyət emosional gərginlik baxımından elə bir kondensasiya həddinə çatacaq ki, bir mərhələdən sonra artıq hakimiyyətin repressiya siyasəti nəinki qorxu yaratmayacaq, əksinə, kütləvi qəzəb doğuracaq. Ona görə də cəmiyyətimiz hələ ki, bu mərhələyə çatmadığı üçün xalqın fəal şəkildə meydanda olmamasının məsuliyyətini müxalifətin üzərinə atmaq politoloji baxımdan yanlış yanaşmadır.