Neftin kəskin ucuzlaşması və «Iran kartı»nın sıradan çıxması hakimiyyətin manevr imkanlarını əhəmiyyətli şəkildə daraldıb
Yaranmış vəziyyət Əliyevdən ən qısa zamanda Qərblə, o cümlədən ABŞ-la ciddi siyasi dialoqa getməyi tələb edir
Bir neçə il əvvələ qədər Qərbin, xüsusən də ABŞ-ın Iranla münasibətlərində ciddi konfrantasiya müşahidə edilirdi. Amma Iranla böyük “altılıq” arasındakı tarixi anlaşmadan sonra artıq bu iki ölkə arasındakı münasibətlərdə ciddi yumşalma hiss olunur. Təsadüfi deyil ki, hazırda Iranla Qərb şirkətləri arasında da müəyyən iqtisadi əməkdaşlığa start verilib.
Beləliklə, siyasi aləmdəki yeni mənzərəyə nəzər yetirdikdə ABŞ və Avropanın Iranda ciddi möhkəmlənməyə başladığını söyləmək olar. Bu da öz növbəsində Qərbin regiondakı ümumi siyasətinə təsirsiz ötüşməyəcək.
Eyni vəziyyəti ABŞ-Türkiyə münasibətlərində də görmək mümkündür. Bir neçə ay əvvələ qədər bu iki ölkə arasında soyuq münasibət hökm sürsə də, hazırdaÿABŞ-la Türkiyə arasındakı siyasi vəziyyət müəyyən müttəfiqlik səviyyəsindədir. Buna misal olaraq, ABŞ-ın IŞID və PKK-ya qarşı mübarizəsində Türkiyə ilə birgə addımlamasını qeyd etmək olar. Hazırda ABŞ bu münasibətləri qorumaq üçün hətta ən yaxın müttəfiqi olan Israili belə, hədələməkdən çəkinmir.
Göründüyü kimi, Iran və Türkiyə ABŞ-la münasibətlərində ciddi dönüş yaratmağa müyəssər olub. Şübhəsiz ki, bu proses Qərbin regionda təsir imkanlarının artmasına şərait yaradacaq.
Maraqlı məqam isə ondan ibarətdir ki, Qərbin regionda möhkəmləndiyi bir zamanda Azərbaycan hakimiyyətinin antiABŞ, antiAvropa ritorikası səngimir. Hökumət Avropa strukturlarından gələn demokratik çağırışları süngü ilə qarşılamaq siyasətini davam etdirir.
Azərbaycan hakimiyyətinin yürütdüyü xarici siyasətin perspektivlərini şərh edən ekspertlər xatırladır ki, uzun illər ərzində Azərbaycan hakimiyyəti “balanslı xarici siyasət kursu” şüarı ilə çıxış edib, müxtəlif güc mərkəzləri arasında manevr etməklə, vəziyyətdən çıxmaq siyasətinə üstünlük verib: “Hakimiyyətdə olan siyasi qüvvənin başlıca niyyəti ölkənin maraqlarını qorumaq deyil, hakimiyyətin maraqlarını təmin etmək cəhdi olub”.
Ölkənin gerçək maraqlarının rasional və praqmatik xarici siyasət kursu aparmağı tələb etdiyini hesab edən ekspertlər deyir ki, Azərbaycan hakimiyyəti Qərbin sərtləşən demokratiya tələblərinə cavab olaraq, bütün Qərb dünyası ilə ciddi əməkdaşlıq əvəzinə, açıq qarşıdurma yolu seçdilər.
Digər tərəfdən, Rusiyanın Krımı işğal etməsindən sonra xarici siyasətdə Moskvaya üstünlük verildi. Qərbdən gələn təzyiqləri Rusiya ilə yaxınlaşmaq yoluyla neytrallaşdırmaq yolu seçildi.
Azərbaycanın müstəqilliyinin möhməklənməsində Qərblə iqtisadi və enerji sahəsində əməkdaşlığın çox böyük rol oynadığı məsələ yaddan çıxdı. Neftin qiymətinin kəskin azalması ilə hakimiyyətin beynəlxalq aləmdə manevr imkanları ciddi şəkildə məhdudlaşdı. Hakimiyyəti qoruyub saxlamaq istəyi Azərbaycan iqtidarına Qərblə siyasi və iqtisadi əməkdaşlığın müstəsna əhəmiyyət kəsb etməsini başa düşməyə imkan vermədi.
Azərbaycan üçün kifayət qədər ciddi önəm daşıyan TAP və TANAP layihələri tamamilə Qərbdən asılı olduğu bir vaxtda Qərblə qarşıdurma vəziyyəti yaratmaq iqtisadi durumu günü-gündən pisləşən ölkəyə daha böyük problemlər vəd edir. Nəzərə almaq lazımdır ki, ilk növbədə ABŞ Iranla nüvə razılaşması əldə etməklə, regionda vəziyyətin ciddi şəkildə dəyişməsinə artıq nail olub. Suriya məsələsində ABŞ və Türkiyənin ciddi iş birliyi prosesində olması Azərbaycan hakimiyyətini kifayət qədər mürəkkəb vəziyyətdə qoyub. Hakimiyyətin istifadə etdiyi “Iran kartının” sıradan çıxması manevr imkanlarını əhəmiyyətli şəkildə daraldıb. Yaranmış vəziyyət hakimiyyətdən ən qısa zamanda Qərblə, o cümlədən ABŞ-la ciddi siyasi dialoqa getməyi tələb edir.
Türkiyənin ABŞ-la münasibətlərinin gerçək müttəfiqlik səviyyəsinə qalxması da hakimiyyətin bu vaxta qədər Türkiyədən aldığı siyasi dəstəyin əvvəlki kimi olmayacağını deməyə əsas verir. Azərbaycan üçün böyük iqtisadi əhəmiyyət kəsb edən layihələrin reallaşdırılması isə ABŞ-ın ciddi dəstəyi olmadan mümkünsüz görünür. Buna, ancaq gerçək və açıq siyasi dialoq yolu ilə nail olmaq mümkündür.
Emil