Rusiyanın ermənipərəstliyi qarşısında muma dönənlərin Almaniya cəsarəti
Hər dəfə təsdiqini tapır ki, bu hakimiyyət saxta vətənpərvərliklə məşğuldur. Milli maraqlar adı altında şəxsi maraqlara xidmət edilir və ölkənin taleyi ilə bağlı məsələlər arxa palana keçirilir. Heç kimə sirr deyil ki, hakimiyyətin antiAvropa kampaniyası şəxsi düşmənçiliyin, hikkənin təzahürüdü və demokratik islhatlar aparmamaq üçün hər kəsi qaralamağa hazırdılar.
Bugünlərdə baş verən bir hadisə isə hakimiyyətin qeyri-səmimiliyini bir daha ortaya çıxardı. Belə ki, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi Almaniya Federativ Respublikasının “Deutsche Welle” (DW) ictimai yayım şirkətində 31 iyul 2015-ci il tarixində efirə getmiş “Dağlıq Qarabağ münaqişəsində gərginlik artır” adlı verilişi əlaqədar bu dövlətin müvafiq qurumlarına rəsmi qaydada müraciət edəcək. Nazirlikdən “Trend”ə verilən məlumata görə, XIN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu məsələyə münasibət bildirərək “Deutsche Welle” (DW) kanalının hazırladığı verilişin qərəzli, birtərəfli və obyektiv jurnalistika prinsiplərindən kənar xarakter daşıdığını bildirib: Təbii ki, Dağlıq Qarabağ məsələsində qərəzli mövqe tutan, obyektiv olmayan fikirlər səsləndirən şəxslər, yayım şirkətləri tənqid olunmalıdır və buna Azərbyacan tərəfinin haqqı var. Əgər adı çəkilən ictimai yayım şirkəti də Azərbaycanın əleyhinə təbliğat aparıbsa, cavabı verilməlidi".
Amma ortada bir fakt var ki, Almaniya Bundestaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistanı işğalçı dövlət adlandırıb. Avropa Parlamenti Qarabağla bağlı 2 qətnamə qəbul edib, Avropa Birliyi bu məsələdə birmənalı mövqe sərgiləyib və s. Bütün bunlara baxmayaraq Azərbaycan hökuməti bu ölkələri, qurumları “ermənipərəst” adlandırıb və hər vasitə ilə gözdən salmağa çalışıb.
Maraqlı məqam burasındadır ki, “Deutsche Welle”nin hazırladığı verilişə etiraz edən XIN, Rusiyanın açıq ermənipərəstliyinə münasibət bildirmir. Bugünlrədə qondarma Dağlıq Qarabağ respublikasının prezidenti Bako Saakyan Rusiyanın “Böyük Pyotr” ordeni ilə təltif olundu. Bu isə birmənalı şəkildə Qarabağın işğalına haqq qazandırmaq, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaqdır.
Əgər bizim XIN-imiz, PA-mız belə vətənpərvərdirsə, Rusiyaya qarşı da nota versinlər. Çünki, “Deutsche Welle” müstəqil bir şirkətdir və onun mövqeyini təbii qarşılamaq olar. Üstəlik, Almaniyanın Azərbyacanla bağlı mövqeyi də ortadadır. Amma Rusiya Ermənistana 200 milyonluq silah-sursat verdikdən sonra indi separatçını mükafatlandırır. Həm də bu mükafat Rusiya dövlətinin möhkəmləndirilməsinə görə verilir. Deməli, Qarabağı işğalda saxlamaq və işğal olunmuş ərazilərə nəzarət etmək Rusiyanın möhkəmləndirilməsi üçündür. Açıq şəkildə göstərilir ki, Azərbaycan torpaqlarını işğal edən Rusiyadır. Amma YAP hakimiyyəti xəyanətkarın qarşısında diz töküb və Azərbaycanın milli maraqlarını Rusiyaya qurban edib.
Ona görə də hansısa yayım şirkətinə savaş açmaq səmimi görünə bilməz. Əksinə, ikrah hissi yaradır və hakimiyyətin cılızlığını göstərir. Saxta vətənpərvərliyin bundan böyük ifşası mümkün deyil. Erməniyə qucaq açanın ayağına qapanıb, Qarabağda çəkiliş aparanları ittiham etmək biabırçılıqdır.
Akif