Türkiyə 30 «F-16» ilə hava əməliyyatına başladı, PKK düşərgələri bombardman olundu
ABŞ-dan tərəflərə barış çağırışı gəldi
Dünən Türkiyənin Şırnak bölgəsində PKK silahlıları ilə qarşıdurmada 3 türk əsgəri şəhid edilib. Olaydan dərhal sonra Şırnakda terrorçulara qarşı hava əməliyyatı başladılıb. Türk “F-16”ları PKK-çıların mövqelərinə ardıcıl zərbələr endiriblər. Eyni anda hava əməliyyatına qoşulan 30 hərbi təyyarə PKK-nın Iraqın şimalındakı düşərgələrini bombalayıb. Iraq Kürdüstan Yurdsevər Birliyinin rəsmi internet saytında Türkiyənin savaş təyyarələrinin PKK-nın “Zap”, “Metina” və “Haftanin” düşərgələrini bombardman etdiyi barədə xəbər yayılıb.
Şırnakda türk əsgərlərinin şəhid edilməsindən sonra baş nazirin müavini Yalçın Akdoğan HDP-nin bu bölgədən seçilmiş deputatı Faysal Sarıyıldızın toxunulmazlıq hüququndan məhrum edilməsi barədə parlamentə müraciət göndərib. F.Sarıyıldız terror təşkilatını silahla təmin etməkdə ittiham olunur.
Şırnakdan sonra növbəti şəhid xəbəri Diyarbakırdan gəlib. Bu bölgdə də 2 türk əsgəri PKK-çılar tərəfindən öldürülüb.
Kılıçdaroğlu: “Şəhid xəbərlərini eşitmək istəmirik”
CHP sədri Kamal Kılıçdarğolu bir gündə Türkiyənin 5 şəhid verdiyini deyərək artıq bu xəbərləri eşitmək istəmədiklərini bildirib: “Artıq şəhid xəbəri eşitmək istəmirik. Bir gündə beş övladımızı itirdik. Bütün Türkiyənin başı sağ olsun. Ötən gün parlamentdə terrorun araşdırılması və görüləcək tədbirlərlə bağlı parlament komissiyasının yaradılmasını təklif etdik. Təklifimiz qəbul olunmadı. Ardınca da bu cür kədərli xəbərlər gəldi. Artıq terrora qarşı lazımi tədbirlərin görüldüyü barədə xəbərlər eşitmək istəyirik”.
Dəmirtaşla bağlı təhiqiqat başladıldı
Türkiyə Cümhuriyyət Prokurorluğunda isə ötən ilin sentyabrında Diyarbakır və ölkənin bir neçə başqa bölgəsində yaşanan məlum olaylarla bağlı HDP sədri Səlahəddin Dəmirtaş barədə təhqiqat başladılıb. Dəmirtaş xalq içərsində bir qrupu başqa qrupla qarşı-qarşı qoymaqda ittiham olunur. Ittiham təsdiqini taparsa, S.Dəmirtaşı 24 ilədək həbs cəzası gözləyir. Qeyd edək ki, həmin olaylarda 50-yə yaxın insan həyatını itirmişdi.
Dəmirtaşın toxunulmazlıq hüququnu da əlindən almaq istəyirlər. Bununla bağlı sənədi Türkiyə Böyük Millət Məclisinə təqdim etməsi üçün Ədalət Nazirliyinə müraciət olunub.
HDP: “Bizdən 7 iyun seçkisinin qisasını alırlar”
HDP son günlər partiya və rəhbərliyinə ünvanlanan ittihamlarla bağlı dünən yazılı açıqlama ilə çıxış edib. Kürdyönümlü partiya hesab edir ki, bütün bu gərginlik Ərdoğanın təkrar seçkiyə getmək və HDP-ni gözdən salmaq üçün qurduğu oyundur: “Müvəqqəti baş nazir qarşıdurmanı, ölümləri bir kənara qoyaraq gecə-gündüz HDP-yə hücum edir. Təhqir edir, hədəf göstərir. Prezident kürsüsündə oturan şəxs Çindən HDP-yə hücumlar edir, sədrimizə qarşı ən ağır ifadələri işlədir. Həm prezident, həm də nazir HDP-dən hesab sormağa çalışır. Bir daha xatırlatmaq istəyirik – siz hesab soran yox, hesab verməli olan adamlarsız. 7 iyun seçkisinin qisasını HDP-dən almaq və özlərinə təkpartiyalı iqtidar yolu açmaq istəyirlər. Bütün bu qarşıdurmaların məqsədi budur. Etdiklərinizə görə cavab verəcəksiniz! Qarşıdurmanın durdurulması üçün əlimizdən gələni edəcəyik. Savaşa imkan verməyəcəyik. Itkilərin qarşısını alan barışcıl bir ortam yaradılmalı, heç bir çıxış yolu tapmayan baş nazir bu mövqeyindən ya əl çəkməli, ya da vəzifədən getməlidir”.
Baş nazir Əhməd Davudoğlu AKP-nin dünənki iclasında ittihamlara cavab verərərək HDP-ni həddini aşmaqda günahlandırıb: “Həddini bilməyən partiya sədri deyir ki, bütün bunlar sarayın oyunlarıdır. Seçkidə baracı keçməsəydilər, AKP bizi sıxışdırdı deyərək terrora əl atacaqdılar. Indi də hesab edirlər ki, “istədiymiz terroru həyata keçirərik, hökumət də səssiz qalar”. Səssiz qalmadığımızı və qalmayacağımızı görsünlər. Bunlar polisimizi şəhid edəcəklər, yatan yerdə vuracaqlar, biz də xalqa deyəcəyik ki, bu vəzifədə müvəqqətiyik və gözləməkdən başqa əlimizdən heç nə gəlmir. Bir dəqiqə də tərrəddüd etməyəcəyik”.
Istanbul-Iran qatarına bombalı hücum
Dünən gün ərzində Türkiyənin ayrı-ayrı bölgələrində PKK-çıların bombalı hücumları olub. Istanbuldan Irana gedən yük qatarı Türkiyənin Elazığ bölgəsində PKK silahlıları tərəfindən bombalanıb. Yerli vaxtla saat 10.30-da baş verən partlayışda ölən və yaralanan olmasa da vaqonlar və dəmiryolu xətlərinə ciddi ziyan dəyib. Polisdən verilən məlumata görə, PKK-çılar dəmiryolu xətlərinə əl bombaları yerləşdiriblər və onu uzaqdan idarə edərək qatar yaxınlaşanda partladıblar. Hadisədən sonra əraziyə xeyli sayda təhlükəsizlik xidməti əməkdaşı cəlb edilib.
Türkiyə-PKK qarşıdurmasına ABŞ-dan növbəti reaksiya gəlib. Ağ Ev sözçüsünün köməkçisi Erik Şultz dünən keçirdiyi mətbuat konfransında Türkiyənin PKK və IŞID-ə qarşı əməliyyatlarına toxunub. Şultz bildirib ki, PKK terror təşkilatıdır və onun Türkiyəyə hücumları ABŞ hökuməti tərəfindən pislənilir. Ankaranın özünümüdafiə haqqının olduğunu deyən Erik Şultz tərəfləri barış mərhələsinə geri dönməyə çağırıb: “Tərəfləri gərginliyi azaltmağa və barış mərhələsinə geri qayıtmağa çağırırıq”.
Şultz Türkiyənin NATO-nun strateci müttəfiqlərindən və IŞID-i məhvetmə koalisiyasının əsas üzvlərindən olduğunu da xatırladıb. O, Ankaranın IŞID-ə qarşı mübarizədə ABŞ-la əməkdaşlığı artırmasından məmnunluq duyduğunu da açıqlayıb.
Gültəkin