Məmməd Ismayıl: «Ən gözəl əsərlərimi Türkiyədə yazdım»
Uzun illərdən sonra yalnız bir dəfə Azərbaycanda sorağını eşitdim, onda da mən Azərbaycanda deyildim. Yazıçılar Birliyinin qurultayına gəlmişdi, qalxdı, sözünü dedi və getdi. O zamandan bəri istəyirdim ki, macal tapıb Məmməd bəylə söhbətləşim. Macal tapa bilmədim. Hərəmiz bir ölkəyə səpələnmişdik və görüşmək sadəcə, istəklə bağlı deyildi. Ancaq indi internet əsridir və ayrılıqlara qənim ola biləcək vasitələr var. Elə həmin vasitələrdən yararlanaraq Məmməd Ismayılla görüşdüm, söhbət etdim. Hesab edirəm ki, bu söhbət “Azadlıq”ın oxucuları üçün çox maraqlı olacaq. Bu söhbətdə məqsədim, zatən şəxsi mülahizələri bölüşmək deyildi. Qürbətdə məskunlaşmağa məcbur olan Məmməd Ismayılın mülahizələrini oxucularımıza təqdim etmək idi…
“Bir adam az deyil, milyon adam çox”
– Məmməd bəy, uzun-uzun illərdir ki, Azərbaycanda deyilsiz. Hərdən adama elə gəlir ki, ölkəmiz ağır taxtalı ziyalılarının ölkədən kənarda olmasına alışır və mən, açığı, bundan qorxuram. Siz necə, belə bir qorxunu hərdən içinizdən keçirirsinizmi ki, Vətəni öz aydınlarından soyutmaq istəyənlərin planları baş tutmuş kimi görükür?
– Qənimət bəy, sizin dediyiniz məsələyə bir az başqa cür baxıram. Bəlkə özləri də bilmədən bizim ölkəni tərk etməyimizə səbəb olanlar, hardasa, bir az da bizə yaxşılıq ediblər. Bunu niyə deyirəm, Moskvada oxuduğum illərdə alverlə bağlı tənqidi şeirimi hörmətli yazıçımız Çingiz Hüseynova oxumuş, tərif gözlədiyim yerdə, tənqid eşidəsi olmuşdum: Bizimkilərin indi öyrənməyə çalışdıqları alveri yəhudilər üç min ildir edir və elə alver edə-edə də dünyanın var və puluna sahib olublar. Çingiz müəllim doğru deyirdi, indi diaspor adlandırdığımız dünyanın güclü təşkilatları da millətlərin dünyaya yayılan köçünün-gücünün hesabına bu hala gəlib. Bir də yaradıcı adam elə vətəndə olanda da qürbətdədir. Bir baxıma yaradıcı adamın gücü tənhalığındadır. Konfutsi deyirdi ki, göylərdən sənə yol görünürsə, öndə ol, yol yoxsa, gizlində qal. Ölkədə çıxış yolu varsa, kasıblığına və tanınmadığına görə, çıxış yol yoxsa, varına və şöhrətinə görə xəcalət çək… Bu misalı ona görə çəkdim ki, şeytani güclərin ölkəni dolduran kinli nəfəsi onlardan olmayanların yaşamına imkan vermədi, verməzdi də…
Bəlkə də Viktor Hüqo 23 il Italiyada sürgündə olmasaydı, Fransız ədəbiyyatının ən önəmli ədəbi örnəyi olan “Səfillər” romanını yaza bilməzdi. Amma bu da var ki, Viktor Hüqo sürgündən Fransaya qayıdarkən qəhrəmanlar kimi qarşılanmışdı, bəlkə Viktor Hüqo olmaq elə də asan deyil, ya bəlkə ən doğrusu, belə qarşılama üçün Viktor Hüqodan daha əvvəl Fransız xalqı olmaq lazımdı. Bizdə millət olmanın ana bətni çatışmır. Vəkil Mahatma Qandi Cənubi Afrikada yaşaya-yaşaya xalqını ingilislərə və onların yerdəki işbirlikçilərinə qarşı mücadiləyə qaldıra bilirdi… Yəni ziyalı əsil ziyalıdırsa, dünyanın harasında yaşamasından asılı olmayaraq qan bağlarıyla doğulduğu məmləkətə, mənsub olduğu topluma aiddir, qopmaq istəsə də qopa bilməz. Con Don demişkən, bir adam ada deyil, o, qitənin, dünyanın bir parçasıdır. Parça bütündən ayrıla bilməz, ayrılsa, məhv olar. Təkrar olsa da deyim ki, bir adam az deyil, milyon adam çox, o bir adam istəsə, uzaqda, ya yaxında yaşamasından asılı olmayaraq təmsil olunduğu toplum üçün çox şey edə bilər, etməlidir də. Biri siz, bütün basqılara rəğmən bunu etmirsinizmi? Bu ayrı məsələdir ki, dövlət onun başını uca edənlərin yanında yer almalıdır. Dövlət, yaxşı insanları pis insanlardan fərqləndirə bilmədiyi zaman məhv olur. Dövləti idarə edənlərin nə yazıq ki, bu məlum həqiqətdən xəbəri yoxdur. Bizim gələcəyimizi indiki davranışlarımız və öncəgörmələrimiz bəlirləyir. Bir adamın imanlı və inamlı sevgisi dünyanı yerindən oynatmağa yetər. Yetər ki, o inamı yox etməsinlər.
“Qürbət adamı kökdə saxlayır”
– Əlbəttə, Məmməd Ismayıl deyəndə adamın yadına ilk növbədə poeziya gəlir. Sizin ədəbiyyatda daşlaşmış bir bioqrafiyanız var və dünyanın harasında olsanız da, ədəbiyyat sizi Azərbaycana bağlayır. Yeri gəlmişkən, sualı ona görə ədəbiyyatdan başlamadım ki, Məmməd Ismayılı mən, sadəcə olaraq, ədəbiyyat adamı kimi tanımaq istəmirəm. Ədəbiyyat öz yerində, ziyalılıq dəyərləri öz yerində… Amma hər halda, Türkiyənin poeziya – söz aləminə inteqrasiyanızda problem varmı?
– Iosif Brodski demişkən, vətənindən didərgin salınmış yazıçı üçün yollar bir çox yöndən evə dönüşü xatırladır, ona görə ki, yazıçı bu yollarda idealının bulunduğu, hər zaman ilhamla baş-başa qaldığı yerə can atır. O, yeni cəmiyyətdə qoyub gəldiyi cəmiyyətdəki yerini doldura bilmir, dil, örf, adət baryerləri… fərqlənmək ehtirası… Qürbət bizə milyonda biri olmağı təlqin edir. Qürbətin yaxşı bir şeyi varsa, o da barışmağı öyrətməyidir:
Nə zaman torpağa verildi səda
Qarın qucağında güllü bir ada.
Beləcə qış yaza məğlub olmada
Məğlub olmağı başar.
Ağac ağacdır ki, bağçanın bir yerindən çıxarıb başqa bir yerinə əksən, yerini alıb uyğunlaşması azı 2-3 il çəkir… Mən də ilk başda o ağac taleyini yaşadım. Qürbətin də düşər-düşməzi var, Türkiyə mənə düşərli oldu. Universitetdə uzmanlıqdan professorluğa, şeirdə isə hər halda, Azərbaycanda qoyub gəldiyim şöhrətin (əgər sənəti şöhrətlə dəyərləndirsək!) iki qatını gördüm. Təvazökarlıqdan uzaq olsa da deyim ki, indi məni Türkiyənin müxtəlif şəhərlərində keçirilən tədbirlərə sıradan bir şair, elm adamı kimi yox, onur qonağı kimi dəvət edirlər. Türkiyənin iki jurnalı hər nömrəsini mənim şeirimlə açır. Bundan başqa, bu ildən yayın həyatına başlayan “Güncəl haber” dərgisinin basın kurulu başkanıyam, bir növü “Gənclik”də yarımçıq qalan işimi davam etdirirəm. Burda yaşadığım 19 il uzun bir ömrün hardasa dörddə biridir. Təbii ki, başarının olması gözlənilən idi, çünki geriyə yol bağlı idi. Indi burada aldığım mükafatlardan, qazandığım uğurlardan tək-tək danışıb vaxt almaq fikrindən uzağam. Sadəcə onu deyim ki, bir şair kimi ən gözəl əsərlərimi, şübhəsiz, burada yazmışam, dünyaya buradan açılmışam. Qürbət, aşıq sazını kökdə saxladığı kimi yaradıcı adamı kökdə saxlayır. Axı burada yazmaqdan, çalışmaqdan qeyri yapacağın bir iş də yoxdurə
– Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Mən də Türkiyədə tez-tez ola bilirəm. Amma etiraf edim ki, Türkiyə illər keçdikcə yaxınlaşan ölkə kimi yox, sərhədlərini mənə tanıtdıran və qəbul etdirən kimi hopur duyğularıma. Bunun yadlaşma olduğunu deyə bilmirəm, yad deyil; soyuqlaşma olduğunu da deyə bilmirəm – zatən çox isti insanları var dostluğumda. Amma adına “Türk dünyası” deyərək tamam-kamal özümünkü saya bilməyimə mane olan nəsnələr var orada. Bunların nə olduğunu dəqiq deyə bilmirəm… Güman edirəm, nəyi nəzərdə tutduğumu bildiniz… Siz özünüzlə Türkiyə arasında sərhəd kimi bir şeyin olduğunu hiss edirsinizmi, yoxsa belə bir şey, ümumiyyətlə, yoxdur?
– Qənimət bəy, əvvəlki sualınıza cavabda mən hardasa bu sualınıza da bir az cavab vermişdim. Əlbəttə, dediklərinizdə həqiqət payı yetərincədir. Hər halda Türkiyədəki dəyər ölçüləri bir başqadır, ən azı aurasında bir hüzur və rahatlıq var. L.N.Tolstoy “Hərb və sülh” əsərində xatırladırdı ki, xalqın tarixi insan ruhunun tarixindən az maraqlı deyil. Onlar bir-birinə bənzəyir və bəlkə də bir-birinin eynidir. Xatırlayırsınızsa, özgürlüyə qovuşduğumuz ilk illərdə Anadolu türkləri ilə aramızda dastani, romantik bir sevgi vardı. Sonra Azərbaycandan Türkiyəyə, ya da əksinə, gediş-gəlişlər sürətlə artmağa başladı. Uzun illər aramızda yaradılan boşluğu yaxşı şeylər yerinə pis şeylər doldurur. Bu, bəzən bilməyərəkdən, çox zaman da bilərəkdən edilən gedişlər idi. Xatırlayırsınızsa, XX əsrin əvvəllərində də Türk dünyasından Anadoluya gələn bir çox aydına da hardasa ögey münasibət olmuşdu. Lap Türkiyə vətəndaşlığına keçib illərlə yaşasan da fərqi yoxdur, hardasa aradakı baryeri hiss edəcəksən. Arazla Kür suqovuşanda qovuşur, amma su sudur ki barışmaları, bir-birinə qarışmaları asan olmur… Və zaman keçdikcə iki tərəf də bu bomboz həqiqətlə üz-üzə qaldı. Hər toplumun, hər dövlətin öz marağı, öz çıxarı var. Bizim kimi deyillər ki, hər bir Anadolu türkünün damarında hardasa, 6-7 yüz illik dövlətçilik təcrübəsi gizlidir. Türkiyənin Azərbaycana münasibəti Azərbaycanı yönətənlərə münasibətdir. Amma mən 30 il bundan öncə ilə müqayisədə daha ümidliyəm, çünki gizli dünya gücləri istəməsə də, bir Türk Dünyası qaynaşmaqda, gəlişməkdədirsə, başlanğıc varsa, davami da olacaq.
“Gör hansı tufanın yelinə söndün, Gör hansı bayquşu Zərdüşt eylədin…”
– Azərbaycan bizim Vətənimizdir. Bayaq sadəcə sual vermədim, həm də istədim “bizi Vətəndən soyudurlar” şikayətini eləyim. Siz ziyalıları ölkədən soyutmaq, yadırğatmaq istəyənlərin planlarının baş tutmaması üçün nələri etməyin lazım olduğunu deyirsinizə Belə olmaz axı… Nə qədər belə davam etməlidir…
– Dedim axı, bizə baxışı bizi yönləndənlərin kimliyi, türkə, türklüyə baxışı bəlirləyir. Bir zaman düşmən kənardan idi, bizi başqaları idarə edir, əzirdi, onlara qarşı gizli-aşikar mübarizə aparmağa çalışırdıq. Indi isə əzən də özümüzdəndir, əzilən də. Bəlkə əzənlərin özümüzdən olduğunu söyləməklə özümüzü qandırırıq, yəni heç əzən də özümüzdən deyil, biz bilmirik. SSRI-nin qalması üçün keçirilən referendumda xalqı “əvət” oyuna hazırlayan və həyata keçirənlərdir bizi bu gün idarə edənlər, dişimiz-dırnağımızla var olmasını sağladığımız “azadlığın” kefini də onlar görür. Hər vaxtın bir əzanı var, deyirlər. Ya da bir mismar bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir milləti qoruya, xilas edə bilir. Bu mənada gərək ölkədə dişini dişinə sıxıb qalanlar, gərəksə də ölkəni tərk edənlər bir şeyi düşünsünlər ki, harada olmağımızdan, yaşamağımızdan asılı olmayaraq taledən bizə seçilmiş vətəni düşdüyü bu acınacaqlı durumdan çıxarmaq üçün sona qədər mübarizə aparmalıyıq. Adını ziyalı qoyan hər kəs evindən gələcəyə bir qurban böyütməli və mənsub olduğu xalqı öz boyu qədər olmasa da, bir buğda boyu irəli götürməyi bacarmalıdır. Hansı ilin, hansı ayın, hansı günündə özünü Azərbaycan türkü sayanlar arvad-uşaq, ər-övlad, eşq-işrət, kef-damaq, ən çox da ehtiyac qayğısından sıyrılıb bir gün, tək bircə gün hər şeyi unudub sözdə yox, özdə milli birliyə gələ bilsəydi, erməni Dağlıq Qarabağda deyil, qədim türk torpaqları olan indiki Ermənistanda belə qalmazdı… Amma ermənilər yeri gələndə ortaq “qəmlərinin” ətrafında birləşə bilirlər, bizik birləşə bilməyən. Nə qədər ki, milli ideyamız yoxdur və bir ideyanın ətrafında birləşə bilmirik, nəticə gözlədiyimizdən də pis olacaq. Yadınıza salın, ölkənin böhran içində olduğu, müharibənin getdiyi bir vaxtda tam bir il H.Əliyev adamların başını televiziyalar vasitəsiylə göstərilən dil haqqında toplantılarla qatırdı. Sonu H.Əliyevin iki dodağının arasında olan gizli qərarla nəticələnəcəyi əvvəlcədən bilinən “müzakirələrlə” baş qatılırdı. Halbuki o dönəmlərdə dil haqqında müzakirələr açmaq yerinə, ölkənin düşməndən qorunmasını təşkil etmək lazım idi. O zaman adını ziyalı qoyanlardan heç birisi qalxıb haqq səsini ucaltmadı ki,-ay kişi, ölüm-dirim mübarizəsinin getdiyi bir vaxtda bu nə ad dəyişməsidir gündəmə gətirmisən? Yaşadığı müddət ərzində düşünülmüş, planlı şəkildə gerçəkləşdirdiyi bu və bənzəri tele-şoularla H.Əliyev milləti mübariz ruhundan uzaqlaşdırmağı bacaracaqdı. Əhalini istədiyi axara yönləndirmək üçün televizyaların nə qədər böyük imkana sahib olduğunu kim bilməsə də, hələ sovet dönəmi təcrübəsindən H.Əliyev yaxşı bilirdi və əlinə düşən ikinci fürsətdən xanədanını ağrısız-acısız qurmaq üçün televiziya imkanlarından gərəyindən artıq yararlanırdı.
– Azərbaycanda heç kim hər cür zorakılıqdan və qanunsuzluqdan sığortalanmayıb kimi bir fikir formalaşıb. Insanlar heç zaman olmadığı kimi qorxurlar. Təsəvvür edirsinizmi, oğul övladı doğum evində öldürülən insan “Azərbaycan Saatı”na şikayət edir, amma xahiş edir ki, onun adını şəkməyək. Baxın, bu qədər qorxunu nə zamansa cəmiyyətdən təmizləmək mümkün olacaqmı?
Qənimət Zahid, ardı var