Bəzilərini anlamaq və ya anlatmaq çox çətindir. Biri yazır ki, siz normal düşüncəli adamsınız, niyə Avropa Oyunlarının əleyhinə gedirsiniz. Mən də həmin adamı normal düşüncəli biri hesab etdiyimə görə, cavab verməkdə çətinlik çəkirəm. Axı bunun çox sadə izahı var, qeyri-adi nə anladım ki… Böyük çoxluğun özünü ümidsiz və bədbəxt saydığı bir cəmiyyətdə mən hansı xoşbəxtlik havasında ola bilərəm axı? Insanlar bütün bu baş verənləri görmür, yoxsa görmək istəmir? Niyə bu adamlar elə düşünür ki, biz yaşadığımız ölkəni onlardan az sevirik? Niyə onlara elə gəlir ki, biz burada belə keçirilməsinə, ölkəyə turist axınının artmasına, günlərlə dünyanın gündəmində qalmağa qarşıyıq? Elə deyil axı, gözlərinizi silin bir arada, o zaman bizim gördüklərimizi siz də görərsiniz, yanıldığınızı anlarsınız bəlkə…
Mən heç də bu şəhərdə olimpiya oyunları keçirilməsinin əleyhdarı deyiləm. Normal şərtlərdə o yarışları canlı izləyənlərin sırasında olardım elə özüm də. Ən azı, kamandan oxatma və qılıncoynatma kimi həyəcanlı yarışları qaçırmazdım. Amma dediyim kimi, normal şərtlərdə. Daha milyardlar ölkəsinin dilənçi kökündə yaşayan milyonlarını heç sayıb, özünü dünyaya xoşbəxtlər diyarı kimi göstərmək saxtakarlığı ilə yox. Haqdan, hüquqdan, insanpərvərlikdən danışa-danışa günahsız insanları həbsdə çürütmək hikkəsi ilə yox. Işsizliyin, yoxsulluğun dibə vurduğu bir məqamda milyardları reklam tədbirlərinə xərcləməklə yox. Bəli, mən də bu ölkəyə böyük beynəlxalq layihələrin gəlib çıxmasını istəyirəm. Həm də hər kəsdən çox istəyirəm. Lakin bu istək birmənalı olaraq öz insanımızın rahat, məmnun, xoşbəxt həyat şərtlərinin təminatından sonra gəlir.
Avropa Oyunlarında “Alov qoruyanlar” könüllü qrupunun bir üzvü danışır ki, onlara təlim keçilir. Hər şey xarici qonaqların özlərini evlərindəki kimi hiss etməsi üçün planlaşdırılıb. Biz qonaqsevər millətik, şübhəsiz. Ancaq niyə bu ölkə vətəndaşının da özünü öz doğma ölkəsində, öz evində insan hiss etməsi üçün o şeylər edilmir? Niyə bu ölkənin insanı özünü sahibsiz, kimsəsiz, himayəsiz görüb, boğazını intihar kəndirinə keçirir iki gündən bir? Niyə zülmdən və qansızlıqdan bezib özünü yandırır bu ölkənin insanları? Buna veriləcək cavabı varmı, bizi olimpiadaya qarşı çıxmaqda qınayanların?
Bir adada oddan istifadə edə bilməyən dörd qəbilə haqqında hekayəni yazmışdım yaxınlarda. O ucqar adada bir-birlərindən xəbərsiz yaşayan dörd qəbilə də odla tanış idi, sadəcə ondan səmərəli istifadə etməyi bacarmırdılar. Sonra öz tələbələri ilə həmin adaya tədqiqata gələn alim onların həyatını dəyişdirmək istədi. Birinci qəbilədə atəşin icazəsi yalnız rahiblərdə idi. Onlar özlərinə verilmiş bir müqəddəs hədiyyə sayəsində isinib, isti yeməklər yeyərkən, başqaları donur və çiy qidalarla kifayətlənirdilər. Ikinci qəbilədə od yandıran kimsə yox idi. Onlar da odu çoxdan görmüşdülər, atəş yandıran bütün vasitələrə sitayiş edirdilər. Atəşin ilahi bir güc olduğuna inanırdılar. Üçüncü qəbilədə isə bir zamanlar atəşi adaya gətirən adamın totemini yaradıb ona ibadət edirdilər. Dördüncü qəbilədə atəşin özü tanrı yerinə qoyulmuşdu. Işi belə görüncə, qəbilələrin hərəsində bir tələbə qalıb adamlara odun sirrini öyrətmək istədi. Qrup adanı dolaşıb geri dönəndə məlum oldu ki, tələbələrin dördünü də öldürüblər. Çünki onlar həmin qəbilələrin “daşlaşmış” düzənini pozmuşdular. Alim bunu duyunca dərhal öz qrupunu toplayıb adanı tərk etdi. Yolda tələbələrinə dedi ki: “Cahillər bildiklərini doğru zənn edər, onlara yeni şeylər öyrətmək istədikdə dirənər. Yeni şeylər cahillər üçün qorxu qaynağıdır. Belələrinə bir şey öyrətmək də çox çətindir. Onlar, həqiqətən bilikli insanlara nifrət edərlər. Onları öldürməklə, öz aləmlərində yolunu azanları cəzalandırdıqlarını düşünərlər”.
Bax, indi bizim durumumuz tam olaraq buna bənzəyir. Bir qrup odla oyun oynayır. Odun əsl faydasını öyrətmək istəyənlər isə amansızlıqla cəzalandırılır.