elnurastanbeyli@gmail.com
Çox komik vəziyyət yaranıb: hazırda şərlənərək həbs edilmiş cəsur jurnalist Xədicə Ismayılın son bir neçə ildə araşdırıb ortaya çıxardığı offşor şirkətlər barədə xəbər yaymağa cəsarət etmsəyənlər, buna bəsləndikləri dürlü-dürlü şirələr, makaronlar səbəbi ilə izni, icazəsi olmayanlar indi oturub yanan binada təmir işlərini hansı şirkətin aparacağı ilə maraqlanırlar, guya bunlar ta nətəri tenderpərəstdirlər, qanuncanlıdırlar, istəyirlər, hər şey şəffaflıq prinsiplərinə uyğun olsun.
Üç-beş ailəyə məxsus offşor şirkətlər illərdir dövlət büdcəsinə qonub “adı var, özü yox?”tenderlərlə qaz vurub qazan doldurur, ölkədə hansı daşı qaldırsan, Panamada, Vircin adalarında qeydiyyatdan keçən bu şirkətlərin isimləri çıxır, beş-üç vicdanlı qələmdən başqa kimsənin vecinə deyil, amma indi hansısa bina təmirinə görə “peşə borcları” yadlarına düşüb. Məncə, ən azı elə buna görə Baş nazir müavini Abid Şərifovun iki gündür müzakirə mövzusu olan cavabı alqışlanmalı, dəstəklənməlidir.
“Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdi?! ”Alabala" şirkətidir… Mənim şirkətimdir, yaz! Sonra?!" – tam səmimi deyirəm, əla cavabdır, dəqiq cavabdır, ölkədəki idarəetmənin ruhuna, mahiyyətinə uyğundur. Şəxsən mən Şərifova bu səmimiyyətinə görə təşəkkür edirəm.
Xatirimdədir ki, buna bənzər bir təşəkkür yazısını da vaxtilə Tağı Əhmədova yazmışdım. Çünki o da üzünə yalançı “intellektual”, “demokrat” görkəmi vermir, bəzəkli-düzəkli cümlələrin arxasında gizlənmir, maskalanmırdı, tamamilə Sistemin mahiyyətinə, idarəetmə ruhuna, təfəkkürünə uyğun şəkildə danışırdı. Kimsə unutmasın: rejimin xisləti məhz bu cür danışanların üslubunda gizlənib, nəinki hər hansı başqa bir müasir geyimli, amma köhnə düşüncəli yaptokrat məmurun ilk baxışda çox ağıllı və mədəni görünən, əslində isə arxasında üfunət qoxuyan yalanların gizlədildiyi danışıqlarında!
Elə ona görə heç indi Abid müəllimin hansısa rejim telekanalının müxbirinə məlum cavabında hansısa kobudluq, aşağılama-zad axtarmağa da dəyməz. Həqarət onda olardı ki, o, durub ölçülü-biçili cavablar versin, tender keçiriləcəyindən, özü də bu tenderin obyektiv və şəffaf baş tutacağından danışsın, hər şeyin qanunvericiliyin tələblərinə uyğun olacağından dəm vursun. Amma indi onun “Təmir-tikinti işlərini aparacaq şirkəti biz müəyyən edirik, bunun ”pressa"ya dəxli var?" deməsi lap yerinə düşür, ölkənin hazırki reallığı ilə tamamilə örtüşür.
Sizə doğrudan da çox lazımdır ki, təmir-tikintini kimin şirkəti aparacaq? Onsuz da ölkəni üç-beş adam barmağında üzük kimi fırladır, daha bundan sonra “Şirkət kimindir?” sualının anlamı nədir? Əlinin olmayacaq Vəlinin olacaq, Vəlinin olmayacaq, Pirvəlinin olacaq. Abid müəllim demişkən, hə, sonra? Başqa sualınız var?!
Azərbaycanın özü boyda yalan və talan meydanına çevrilməsinə çanaq tutub, tost deyib, tərif vurub ən yaxşı halda səssiz qalıb, indi guya yanan binanı təmir edəcək şirkətin kimə aid olduğunu, necə müəyyənləşdirildiyini dərd eləmək gülməlidir, adamda ironiya və ikrah doğurur. Ona görə də bir daha Abid Şərifovu alqışlayır və dəstəkləyirəm. Ürəyimdən tikan çıxardı. Hələ onun iki daşın arasında “Alabala” şirkəti icad etməsi lap ürəyimcə oldu. Bu cavabla özlərinin ələ salındığını düşhünənlər əsla səmimi deyillər.
Adamdan soruşarlar: bu boyda Bakının meri Hacıbaladırsa, şirkət niyə “Alabala” olmasın?
Hətta adamda poetik hisslər yaradır, onu qələmə sarılıb ictimai-siyasi yüklü misralar qoşmağa həvəsləndirir:
Merimiz Hacıbala,
Şirkətimiz “Alabala”,
Büdcəni dağıtsınlar bala-bala.
Bəs bundan sizə nə e, sizə nə?! Ümummilli əminin bir zamanlar Milli Məclisdəki dediklərini azacıq redaktə ilə təkrarlasaq, “pulunuzu alırsınız, heç olmasa, səsinizi kəsin, oturun yerinizdə”.