«Ayaq izləri» hakimiyyətin zirvəsini göstərir
Mayın 19-da Bakıda baş vermiş faciəli yanğın hadisəsi hələ də müzakirə mövzusudur. Ortaya çıxan yeni-yeni faktlar bir daha sübut edir ki, yanğın hadisəsinə görə “JEK” müdirinin, icra başçısının keçmiş müavinin həbs olunması sadəcə oyundur.
Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, “Global Construction” şirkətinin açılışında Ilham Əliyev şəxsən iştirak edib, şirkətin rəhbəri Miryusif Mahmudova “fəxri mühəndis” adı verib, Miryusof Mahmudov Gəncədəki Heydər Əliyev muzeyinin memarı olub və s. Amma faktlar bununla da yekunlaşmır. Miryusif Mahmudov “M-line” , “Glocal Stone”, “Global Light”, “Poliplast” şirkətlərinin də rəhbəri olub. Məlumatlar görə, bir neçə nazirlik istisna olmaqla bütün dövlət obyektlərinin mebel təchizatını Miryusif Mahmudovun şirkətləri həyata keçirib. Ölkə başçısı dəfələrlə bu adamla birlikdə açılışlarda iştirak edib.
Xətaidəki, Buzovnadakı yanğın hadisələrindən sonra da bu adama “stop” deyən olmayıb. Daha doğrusu heç kim onu hədəf seçməyə cəhd etməyib. Deməli, Miryusif Mahmudov toxunulmaz adam olub. Heç kimə sirr deyil ki, bu ölkədə hakimiyyətin yuxarı eşalonundan himayə almadan böyük işlər görmək mümkün deyil. Hətta gömrükdən 1 ton banan keçirdən sahibkar da hansısa məmura bağlıdır. Bu baxımdan Miryusif Mahmudovun fəaliyyət dairəsi daha geniş olub və gördüyü işlərin çəkisi milyardlarla ölçülür. Təbii ki, Miryusif Mahmudov bu böyük oyunçuların qurbanı oldu və “zəif bənd” seçildi.
O zaman sual meydana çıxır. Miryusif Mahmudovu “böyüdən” kimdi? Bu adam necə ölkə səviyyəsində oliqarxa çevrildi?
Yuxarıda sadaladıqlarımza nəzər salanda demək olar ki, Miryusif Mahmudov ya Ilham Əliyevin adamıdı, ya da Ilham Əliyevin adamının adamıdı. Bir daha qeyd edirik ki, prezidentə birbaşa və ya dolayısı ilə çıxışı olmayan adam bu işləri görə bilməz.
Məhz bu yanğının tüstüsü prezidentə qədər gedib çıxdığına görə, həqiqi günahkarlar cəzalandırılmır. Amma “JEK” müdirini, icra başçısının keçmiş müavini həbs etməklə sadə vətəndaşı da aldatmaq mümkün deyil. Çünki, heç bir “JEK” müdiri 10-larla şirkətə sahib olan oliqarxı idarə etməyə qadir deyil.
Bir sözlə, bu yanğın xeyli mətləblərə aydınlıq gətirdi və bugünə qədər davam edən “ənənə” təkrarlandı. Yəni əsl səbəblər gizlədildi, nəticəni həbs etdilər.