Müzəffər Baxışov: «Həbs olunan şəxslərin əmlakları xüsusi müsadirə qaydasında müsadirə edilə bilər»
Binəqədi rayonunda baş verən yanğınla bağlı cinayət işi açılsa da istintaqın aparıldığı istiqamət bir sıra suallar yaradır. Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair Işlər üzrə Istintaq Idarəsində Cinayət Məcəlləsinin 225.2-ci – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci -vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci -ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb.
Elə ilk gün istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Amma məmur özbaşnalığı, məsuliyyətsizliyi nəticəsində baş verən faciə nəticəsində insan tələfatı və dövlət əmlakına külli miqdarda ziyan dəyib. Lakin açılan cinayət işində təqsirləndirən şəxsin əmlakının müsadirəsi, dövlətə külli miqdarda ziyan vurulması maddəsi əksini tapmayıb. Bunların olmaması isə müəyyən suallar yaradır.
Görünür, bu zavodların real sahibləri hakimiyyətdə oturan yüksək çinli məmurlardır. Məhz bu üzdən də onların adı cinayət işində çəkilmir.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, həqiqətən də açılan cinayət işində bir sıra ittiham maddələri çatışmır. Amma bu binaların üzlənməsinin konkret olaraq dövlət yoxsa, başqa vəsaitlər hesabına tikilməsinə aydınlıq gətirilməsini vacib sayan M.Baxışov vurğuladı ki, bu binaların sahibkarlardan məcburən alınan vəsaitlər hesabına da üzləndiyi istisna deyil: “Amma yanan bina ilə bağlı xeyli məsələlər var ki, onlara toxunulmayıb. Ola bilsin ki, binaların üzlənməsi işlərinə dövlət tərəfindən külli miqdarda vəsait ayrılıb. Yox əgər bu binalar sahibkarlardan toplanmış vəsait hesabına təmir edilibsə, o zaman cinayət işinə sahibkarlardan hədə-qorxu yolu ilə vəsait tələb etməyə görə, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi də əlavə olunmalıdır. Bundan başqa araşdırma zamanı yeni nüanslar da ortaya çıxa bilər. Ona görə həmin ittihamlar da istintaq tərəfindən irəli sürülməlidir”.
Amma Azərbaycanda bu cinayət işinin hərtərəfli, obyektiv araşdırılacağına ciddi şübhələrin olduğunu deyən M.Baxışov bildirdi ki, istintaqa hansı vəzifəli şəxs səviyyəsində göstəriş veriləcəksə, həmin şəxs səviyyəsində də dayanacaqlar.
M.Baxışov bildirdi ki, istintaq həqiqətən də işə xüsusi müsadirəni əlavə etməlidir. Bunun həyata keçirilməsi üçün istintaq tərəfindən müəyyən tədbirlərin görülə biləcəyini söyləyən M.Baxışov vurğuladı ki, bu məhkəmə prosesində həyata keçirilə bilər. Xüsusi müsadirə məhkəmə prosesində həmin şəxslərin sahib olduqları vəsaitləri cinayət yolu ilə əldə etdikləri müəyyən edildiyi halda baş verə bilər. “Həbs olunan şəxslərin əmlakları xüsusi müsadirə qaydasında müsadirə edilə bilər. Amma hərtərəfli istintaq aparmadan bu məsələlər barədə qərar qəbul etmək çox çətindir. Azərbaycanda isə hərtərəfli, obyektiv istintaq aparılmayacaq və həmin şəxslərin əmlakları tam müsadirə edilməyəcək. Yəqin ki, həmin şəxslərin əmlakları öz adlarına deyil. Azərbaycanda hətta nazir səviyyəsində olan şəxslərin də adlarına əmlak yoxdur”, deyə M.Baxışov vurğuladı.
Hikmət