Fuad Qəhrəmanlı: «Məmmədyarovun Rusiya səfəri ona hesablanıb ki, Azərbaycanın imzaladığı bəyannamə ilə bağlı Kremlin reaksiyasını öyrənsin»
Avropa Birliyinin Azərbaycan üçün kifayət qədər gərgin keçən Riqa sammitindən sonra xarici işlər naziri Elmar Məmmədyarov mayın 25-də Moskvaya rəsmi səfər edəcək. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan XIN rəhbəri E.Məmmədyarov özü bildirib. Onun sözlərinə görə, səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov və həmçinin Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinlə görüşü planlaşdırılır. “Cənab Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyik. Bir müddət əvvəl Rusiya XIN rəhbəri bildirmişdi ki, münaqişənin həlli vaxtı artıq çoxdan yetişib. Yəni, səfərin məqsədi bu bəyanatın arxasında nəyin dayandığını aydınlaşdırmaqdır”.
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı sualı cavablandıran XIN rəhbəri bildirib ki, bir müddət əvvəl erməni tərəfi belə görüşün mayda keçirilməsinə etiraz etmişdi.
“Azərbaycanda isə tezliklə Birinci Avropa Oyunları başlayır. Və buna görə də, görüşün nə zaman baş tutacağı qeyri-müəyyən olaraq qalır”, – deyə, nazir bildirib.
E.Məmmədyarov həmçinin bildirib ki, həmsədrlər bir müddət əvvəl sentyabrda BMT Baş Assambleyasının iclası çərçivəsində Ilham Əliyev və Serj Sarkisyanın görüşünü təşkil etmək barədə bəyanatla çıxış etsələr də, bu barədə hələlik heç bir qərar qəbul olunmayıb.
Amma bu görüşün gözlənilmədən baş verməsi, eyni zamanda Riqa sammitindən dərhal sonraya təsadüf etməsi maraq doğurur. Eyni zamanda daha bir məqam da maraq doğurur. Riqa sammitinin yekun aktına imza atan Azərbaycan daha sonra şərtlərini Brüsselə təqdim edəcəyini bildirib. Rusiya səfəri bu şərtlərin nədən ibarət olacağını dəqiqləşdirməyə xidmət edə bilərmi?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, E.Məmmədyarovun Riqa sammitindən dərhal sonra Moskvaya səfər etməsi təsadüfi deyil. Çünki Azərbaycan hakimiyyəti sammit ərəfəsində bildirmişdi ki, dövlət başçısı bu tədbirdə iştirak etməyəcək. Nəticədə o fikir formalaşmışdı ki, Azərbaycan Riqa sammitinin yekun bəyannaməsini imzalamaqdan yayınmağa çalışır: “Sammitin gedişində də məlum oldu ki, Azərbaycan yekun bəyannaməni imzalamaqdan imtina edir. Elmar Məmmədyarov bu tədbiri yarımçıq tərk etməsi də buna xidmət edirdi. Sonradan Avropa Birliyinin təzyiqləri nəticəsində Azərbaycan məcburən bu sənədə imza atmalı oldu. Amma bununla belə bəyan olundu ki, Azərbaycan bu sənədə öz təkliflərini və əlavələrini göndərəcək. Bu bir növ Rusiyanın reaksiyasının nəzərə alınması üçün edilən gediş idi. Elmar Məmmədyarovun da Rusiya səfəri ona hesablanıb ki, Azərbaycanın imzaladığı bəyannamə ilə bağlı Rusiyanın reaksiyasını öyrənsin. Əgər Rusiya tərəfindən bu məsələyə daha aqressiv münasibət olarsa o zaman Azərbaycan öz təkliflərini vermək bəhanəsi ilə imzadan imtina da edə bilər. Bu geri çəkilmək üçün yaradılan zəmindir”. F.Qəhrəmanlı onu da vurğuladı ki, E.Məmmədyarov açıqlamasında qeyd edib ki, Lavrov Qarabağ münaqişəsinin həllinin çoxdan çatdığını bəyan edib. Bu o qədər də ciddi qəbul edilə biləcək əsas deyil ki, buna görə Rusiyaya səfər olsun. Çünki E.Məmmədyarov bildirib ki, bu fikri dəqiqləşdirmək üçün Moskvaya səfər edəcək: “Bu fikirlər zaman-zaman həmişə təkrarlanıb və Rusiyanın bu məsələdə mövqeyi həmişə ifadə olunub. Rusiyanın dəyişməz mövqeyi qalmaqda davam edir. Ona görə də məhz Lavrovun bir fikrinə görə Məmmədyarovun bu səfəri həyata keçirməsi o qədər də inandırıcı deyil. Burada məqsəd səfərin əsl mahiyyətini pərdələməkdir. Riqa sammitindən sonra Elmar Məmmədyarovun Rusiyanın təşəbbüsü ilə Kremlə çağrıla bilər. Rusiyanın mövqeyi çatdırıldıqdan sonra Azərbaycan bu məsələ ilə bağlı mövqeyini ifadə edə bilər”.
F.Qəhrəmanlının sözlərinə görə, Xəzərdə birgə təlimlərin də keçirilməsi onu göstərir ki, Azərbaycan Rusiyanın təsir dairəsinə daxil olmaqdadır və Rusiya müxtəlif istiqamətlərdə Azərbaycana təsirini göstərməyə çalışır.
Xəyal