15 nəfərin ölümünə səbəb olan yanğın telekanalları üz-üzə qoydu
ANS telekanalında ATV-nin tanınmış aparıcısı Mətanət Əliverdiyeva ilə bağlı efirə gedən tənqidi süjet qarşı tərəfin etirazına səbəb olub. Demək olar ki, iki telekanal burun-buruna gəlib.
ANS-in əməkdaşı Ləman Ələşrəfqızı hazırladığı süjetdə Mətanət Əliverdiyevanın Binəqədidə baş verən yanğın hadisəsini bir küləyə və filmə bənzətməsini kəskin tənqid edib. Təbii ki, qarşı tərəf bu cavabı həzm edə bilməyib.
Publika.az-ın məlumatına görə, tərəflər sosial şəbəkədə söz savaşına çıxıblar. ATV-nin aparıcısı Ilkin Həsəni bir qədər irəli gedərək rəqib kanala təhqirlə cavab verməkdən özünü saxlaya bilməyib. O, sosial şəbəkədə bunları yazıb:
“14 ildir TV-də işləyirəm. Bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir şərəfsizliyi görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm. TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiniz. Onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü. Amma belə etməli deyildiniz! Bu gün siz, rəsmən ATV kanalına efir müharibəsi elan etdiniz! OK, olsun!”
Ləman Ələşrəfqızı Ilkin Həsəninin sosial şəbəkədə yazdığı statusu cavabsız qoymayıb: “Səhər-səhər qanımı qaraltmaq istəmirəm. Şəmiyə-şöşüyə baş qoşmaq niyyətim yox. Getsin bozbaşını bişirsin! Mən sözümü dedim. Əks-hücum da başa düşüləndir. Işinizdə olun!”
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev də ATV-nin aparıcısı Ilkin Həsəninin səsləndirdiyi fikirlərə cavab verib. Mirşahin Ağayev ölkə.az-ın əməkdaşıyla söhbətində məsələyə münasibət bildirmək istəmədiyini söyləsə də, teleaparıcı barədə bəzi ifadələr səsləndirib: “Gəlin belə danışaq da. Siz ANS-in vitse-prezidentinə, baş direktora zəng vurub, hansısa Ilkin Həsəniylə bağlı söz soruşursunuz. Mən belə müraciətləri qəbul etmirəm”.
“Telekanalınızın əməkdaşları rəhbərliyin icazəsi olmadan danışmırlar” xatırlatmasından sonra Mirşahin Ağayev bunları deyib: “Başa düşdüm, başa düşdüm… Hesab etmirəm ki, Ilkin Həsəni Mirşahinin cavab verəcəyi pilləkəndir, yaxud pilləkənin bir bölməsidir. Bu, tamamilə başqa şeydir, nə lazımdırsa, müəllifdən soruşun”.